Babək Baxşəliyevin qardaşı Hikmət Həsənov və Teymur Məmmədovun həbsini istəyib
2017-ci ilin may-iyun aylarında Tərtərdə əsgər və zabitlərə qarşı işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir.
Hazırda işgəncələrlə əlaqədar hər biri 4 nəfərdən ibarət iki qrupun məhkəməsi gedir.
5 nəfərlik daha bir qrupun məhkəməsi isə yaxın günlərdə başlayacaq.
Məhkəmə prosesləri Sumqayıt Məhkəmə Kompleksinin binasında keçirilir. Lakin onların işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır.
Tərtərdəki N saylı hərbi hissələrdən birinin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun daxil olduğu qrupun məhkəməsində hazırda şahidlərin dindirilməsi mərhələsidir.
Budəfəki məhkəmə iclasında hakim Zeynal Ağayev məlumat verib ki, mərhum zərərçəkmiş Babək Baxşəliyevin hüquqi varisi qismində tanınan qardaşı Bəhruz Baxşəliyev Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəmənin sədrinə məktub göndərib.
O yazıb ki, məhkəmənin obyektivliyinə, ədalətliliyinə inanmadığına görə iştirak etmək istəmir. Çünki mərhum qardaşına işgəncə verilməsində günahkar saydığı vəzifəli şəxslər hələ də azadlıqdadır.
O, həmin hadisələr zamanı korpus komandiri olmuş general Hikmət Həsənovun, briqada komandiri olmuş polkovnik Teymur Məmmədovun və başqalarının adlarını çəkib.
Məktub elan olunandan sonra məhkəmədə Hərbi Polis İdarəsinin Biləcəri şöbəsinin rəisi olmuş Bəhruz Musayev şahid qismində dindirilib.
O, Tərtərdə işgəncələrə məruz qalan hərbçilərin sonradan Biləcəri hauptvaxtına gətirilməsi, uzun müddət orada saxlanmasıyla əlaqədar sorğulanıb.
Məhkəmədə ifadə verən zərərçəkmişlər bildirmişdilər ki, onlar orada da işgəncələrə məruz qalıblar: döyülüblər, ac-susuz saxlanılıblar, hətta tualetə getməyə belə, imkan verilməyib və s.
Bəhruz Musayev isə işgəncə iddialarını təkzib edərək bildirib ki, ona Tərtərdən göndərilən hərbçilərin gətirilməsi haqda məlumatı Hərbi Polis İdarəsinin rəisi 2017-ci ilin aprelində verib.
O da deyib ki, prokurorluq və Müdafiə Nazirliyinin rəhbər heyətinin göstərişidir, hauptvaxta hərbçilər gətiriləcək, yerlər hazırlanmalıdır:
“Şəxsi heyəti yığıb dedim ki, gətirilənlərdən heç kimi söyüb-döyməyin. Gündə 3 dəfə yemək verilirdi. Orada bir neçə hərbçinin əlində, üzündə xəsarətlər vardı. Tibb işçilərinə tapşırmışdım ki, onların sarğısını vaxtında dəyişsinlər…”.
Hakim də, prokuror da onun nəzərinə çatdırıb ki, zərərçəkmişlər məhkəmədə dindirilərkən hauptvaxtdakı durumla bağlı fərqli ifadələr veriblər.
Onlar bildiriblər ki, nəinki yemək, hətta su belə verilmirdi. Onların bəziləri “pampers”lə gəzməyə məcbur edilirdi, əlləri, gözləri bağlı vəziyyətdə saxlanılırdılar, beton döşəmədə yatırdılar və s.
Hərbçilər ora hər biri haqqında 10 günlük həbs qərarı çıxarılaraq gətirilib.
Sonradan onların cəzaları artırılıb. Bəhruz Musayev iddia edir ki, onlar daxili qaydaları pozduğuna görə özü qərar verərək həbs müddətlərini artırıb.
“Əlləri, gözləri bağlı adamlar hansı qayda pozuntusuna yol verə bilərdilər?” – ondan soruşulanda Bəhruz Musayevin cavabı belə olub:
“Hətta döşəməni cızmaq, axşam saat 10-dan sonra işığı yandırmaq kimi hərəkətlər də bir neçə sutka həbs müddətini artırmaq üçün əsas ola bilər. Mən oranın rəisi deyiləm, konkret deyə bilmərəm ki, kim neyləmişdi. Amma mənə sənədlər gətirilib, mən də qərar vermişəm”.
O əlavə edib ki, hauptvaxtda işgəncə alətləri olmayıb, kimsənin döyülməsinə göstəriş də verməyib.
Onun sözlərinə görə, hərbçilərin əlləri və gözləri də açıq olub.
Məhkəmədə iştirak edən zərərçəkmişlər Bəhruz Musayevin yalan danışdığını, orada işgəncələrə məruz qaldıqlarını bildiriblər.
“Mən 10 gün yaralı vəziyyətdə orada olmuşam. Çarpayılar divara bağlı olurdu. Axşam yatmaq vaxtında açılmalıydı. Amma açmırdılar. Biz betonun üstündə yatırdıq. Əllərim, gözlərim bağlı olurdu. Qanım aşağı düşmüşdü deyə soyuqdan dayana bilmirdim. Tualetdən istifadə etməyə qoymurdular. İstifadə edənə söyüş qoyurdular. İndi gəlib burada yalan danışır ki, guya yaxşı şəraitdə saxlayıblar bizi. Sanki kurortda olmuşuq”, – zərərçəkmiş polkovnik Boris Cəfərov bildirib.
Digər zərərçəkmiş Fərzəli Cahangirov da 20 gün orada ağır vəziyyətdə saxlandığını deyir:
“Bu adam yalan danışır. Həmin 20 gündə cəmi 1 dəfə yuyunmağa aparıblar. Onda da əynimizdə paltar ola-ola, başımıza soyuq suyu töküb, geri qaytarıblar…”
Zərərçəkmişlər əlavə edib ki, orada işgəncə halları da olub.
Onlar baş verənlərə görə Bəhruz Musayevin də cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
“Orada nə asma yeri, nə də tok olub. Bir nəfər işgəncə aləti göstərsə, özümü burada asaram. Atamın ruhu üçün mən kiminsə döyülməsinə göstəriş verməmişəm. Hər gün prokurorluğun nümayəndələri səhərdən gəlirdi, gecəyə qədər dindirmə aparırdı. Dindirmə bəzən gecə 3-ə qədər davam edirdi”, – Bəhruz Musayev bildirib.
Onun istintaqa ifadəsi elan olunub.
O ifadəsində bildirib ki, həmin vaxt müdafiə nazirinin müavini, hazırda isə Baş Qərargah rəisi olan Kərim Vəliyevin göstərişi əsasında hauptvaxtda saxlanılan hərbçilər haqqında həbs qərarı verib.
Məhkəmədə çıxış edən təqsirləndirilən polkovnik Vüsal Ələsgərov bildirib ki, işgəncəyə məruz qalmış hərbçilərin qanunsuz azadlıqdan məhrum edilməsilə bağlı ona ittiham verilib.
Onun sözlərinə görə, bu ittihamı daşımalı olan şəxslər azadlıqdadır:
“Əslində, o maddə ilə Hərbi Prokurorluğun, Baş Prokurorluğun rəsmilərini cəlb etmək lazım idi. Mən kim idim ki, bu adamları qanunsuz saxlayım? Siyahılar gəlirdi ki, filan hərbçiləri göndərin, mən də göndərirdim. Mən verilən əmrləri icra etmişəm…”.
Tərtərdə Mənzil İstismar Xidmətinin rəisi olmuş İldırım Ramazanov məhkəmədə danışıb ki, 2017-ci il aprelin sonunda ona göstəriş gəlib, köhnə qərargah binasının açılmasını, oradakı su, elektrik xətlərinin təcili təmir olunmasını istəyiblər.
Onun sözlərinə görə, sonradan həmin binaya çoxsaylı hərbçilər gətirilib və oradan qışqırıq səsləri eşidilib:
“Orada olduğum müddətdə adamlara cəza verirdilər, içəridən səslər gəlirdi. Adamları görəndə üzləri şişmişdi…”.
İldırım Ramazanov əlavə edib ki, saxlanılan şəxslərdən biri pəncərədən düşəndən sonra bütün pəncərələrə dəmir barmaqlıq salınması haqda göstəriş verilib.
Məhkəmədə şahid qismində dindirilən Anar Ramazanovun adı bundan əvvəlki iclaslarda da çəkilib. Məsələn, zərərçəkmiş Nemət Məhərrəmov bildirmişdi ki, gözünü açanda ona işgəncə verənlər arasında mayor Anar Ramazanovu da görüb. Ona həmin vaxt suda boğmaqla işgəncə verirmiş.
Hakim zərərçəkmişin dediklərini Anar Ramazanov bu dəfə məhkəmədə dindiriləndə onun nəzərinə çatdırıb.
O isə inkar edib və deyib ki, işgəncələrin törədildiyi binanın mühafizəsilə məşğul olub.
O iddia edib ki, özü işgəncələrdə iştirak etməyib.
Anar Ramazanov inkar etsə də, digər zərərçəkmiş onun da işgəncələrdə iştirak etdiyini məhkəmədə bir daha deyib.
“Sən bizi ora gətirəndə şəxsi əşyalarımızın götürülməsində iştirak etmisən. Şəxsən mənim şəxsi əşyalarımı sən aldın. İndi deyirsən ki, kənardan mühafizədə olmuşam mən…”, – Boris Cəfərov ona deyib.
Məhkəmədə dindirilən daha bir şahid Daşqın Süleymanov isə Tərtərdəki hərbi hissənin tabor komandiri olub.
Həmin tabordan dindirməyə aparılan hərbçilərdən 5 nəfər işgəncə nəticəsində həyatını itirib.
Ölənlərdən biri olan Elçin Quliyevin evdən aparılması üçün onların qapısına gələn də Daşqın Süleymanov olub. Həmin vaxt Elçin Quliyev evdə olmayıb.
Onun atası tabor komandirindən gəlişinin səbəbini soruşanda isə: “Qurbanlıq qoyun lazım idi”, – deyə o, cavab verib.
Məhkəmədə mərhum Elçin Quliyevin anası Validə Əhmədova ondan soruşub ki, həmin vaxt niyə elə demişdi?
O, belə cavab verib:
“Hərbi hissə komandiri Teymur Məmmədov məni göndərmişdi ki, get, Elçin Quliyevi gətir. Mən də gəldim, atası dedi ki, evdə yoxdur. Niyə gəldiyimi soruşanda bəhanə kimi, özümdən dedim ki, qurbanlıq qoyun lazım idi. Ağlıma o gəldi. Sonra Teymur Məmmədov dedi ki, qayıt gəl, gətirdilər…”.
Həmin vaxt Elçin Quliyev əmisigildə olub, ona zəng edərək çağırıblar.
Məhkəmədə təqsirləndirilən Vüsal Ələsgərov bildirib ki, təcili əməliyyata ehtiyacı var:
“Əgər təcili əməliyyat olunmasam, zəhərlənmə qanıma keçəcək…”.
Hakim bildirib ki, bu məsələ ilə əlaqədar sorğu göndərilib və yaxın vaxtlarda cavab gələcək.
Tərtərdəki işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir.
2021-ci ildə Tərtər hadisələrilə bağlı cinayət işi üzrə icraat yenilənəndən sonra 450-yə yaxın adam zərərçəkmiş qismində tanınıb.
Ardınca həmin dövrdə dövlətə xəyanət ittihamıyla həbs olunub, 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfər 5 il 6 ay sonra bəraət alaraq, azadlığa buraxılıb.