Hökumət hesab edir ki, serial müəllifləri faktları bilərəkdən təhrif ediblər
Hindistan hökumətinin “Netflix” video platformasından açıqlama tələb etdiyi bildirilir.
“NDTV” kanalının məlumatına görə, söhbət 1999-cu ildə 176 sərnişini olan Hindistan təyyarəsinin qaçırılması ilə bağlı gerçək hekayəyə əsaslanan “IC 814: The Kandahar Hijack” serialında terrorçuların adlarının dəyişdirilməsindən gedir.
Hökumət hesab edir ki, serial müəllifləri faktları bilərəkdən təhrif ediblər.
Telekanalın həmsöhbətlərinin fikrincə, təyyarəni qaçıranların adlarının “qeyri-müsəlman” adları ilə əvəzlənməsi tamaşaçıları terrorçuların dini mənsubiyyəti ilə bağlı çaşdırır və terror aktının hinduslar (Hindistanda yaşayan yerli əhalinin mənsub olduğu din) tərəfindən törədildiyi təəssüratı yarada bilər.
1999-cu ilin dekabrında Nepalın paytaxtı Katmandudan Dehliyə uçan “Indian Airlines” sərnişin təyyarəsi pakistanlı ekstremist Məsud Əzhərin həbsdən azad edilməsini tələb edən bir qrup cinayətkar tərəfindən qaçırılıb.
Həmin şəxslər təyyarəni Əfqanıstanın Qəndəhar şəhərinə endiriblər.
Laynerin göyərtəsində 191 nəfər – 176 sərnişin və 15 ekipaj üzvü olub.
Təyyarə yeddi gün ərzində bir neçə nöqtədə eniş edib və bəzi insanlar buraxılıb.
Hindistan hakimiyyəti ilə bir həftəlik danışıqlardan sonra terrorçuların tələbi təmin edilib və qalan girovlar azad ediblər.
Hindistanın Mərkəzi Təhqiqat Bürosu təyyarənin qaçırılmasında iştirak edən 10 Hindistan, Pakistan və Nepal vətəndaşını rəsmi olaraq terrorda ittiham edib.
Hindistanın xüsusi xidmət orqanları təyyarənin qaçırılmasının Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin əmri ilə həyata keçirildiyini iddia edir.
Səkkiz hissəli “IC 814: The Kandahar Hijack” serialının premyerası “Netflix”də 2024-cü ilin avqustunda olub.
Rejissoru Anubav Sinhadır.