Televiziyanın beynimizə yeritdiyi virusdan necə xilas olmalı?
Telekanallar çağdaş insan həyatının vazkeçilməz bir parçasına çevrilib. Onun yaranmasından keçən müddət bir əsrə yaxın olsa da, yaratdığı sosial-ictimai və psixoloji effekt minilliklərin nəticəsinə bərabərdir. Televiziya auditoriyasının formalaşdırdığı qlobal mühit, insanlara fərdi və kütləvi təsirləri heç bir başqa alternativlərlə müqayisə oluna bilməz. Topluma yönəlik psixoloji təsirlərini, insanların düşüncələrinə, dünya görüşünə, məişətinə yön verdiyini nəzərə alaraq bu mövzuda bəzi fikirlərimizi müzakirənizə təqdim etməyi qərara aldıq.
Elmi kəşflərin üzərində xeyir və şərin amansız mübarizəsi hökm sürür
XIX əsrin ortalarında irəli sürülən fundamental elmi nəzəriyyələr XX əsr elminin nəhəng mayağı kimi tarixə damğasını vurub və yeni bəşəri təfəkkür formalaşdırıb. Elektronika sahəsində elmi araşdırmaların genişlənməsi müasir elmi-texniki nailiyyətlərə yeni səhifə açdı. Elektronikanın dərindən öyrənilməsi və tətbiqi XX əsrin əvvəllərində televiziyanın, sonlarında isə internetin yaranması ilə nəticələndi. Televiziyaların kəşfindən xeyli müddət sonra da onun təkmilləşdirilməsi mərhələ-mərhələ uzun bir dövrü əhatə edərək müasir vəziyyətinə gəlib çıxıb. Təəssüf ki, insanlar həmişə elmi kəşfləri toplumun mənafelərini qorumaq üçün bir vektor üzrə tətbiq edə bilmir. Sanki hər bir elmi kəşfin üzərində xeyir və şərin amansız mübarizəsi hökm sürür. Kimisi elmi nailiyyətləri insanlığin xidmətinə, kimisi də məhvinə istiqamətləndirərək tarixə adını yazdırır.
İqtisadi, siyasi və hərbi baxımdan dünyanın qüdrətli demokratik dövlətləri öz vətəndaşlarının hərtərəfli formalaşmasına ciddi önəm verirlər. Onların fiziki və mənəvi sağlığı istiqamətində televiziya üzərindən nəhəng sosial-psixoloji layihələr həyata keçirilir. Məqsəd azad düşüncəli, elmli, güvənli vətəndaş yetişdirərək toplumun qüdrərtli təhlükəsizlik zirehini formalaşdırmaqdır. Son illər internet resurslarının genişlənməsi bu istiqamətdə alternativ müstəvi yaratsa da, əsas rolu hələ də televiziya tutur. Televiziya cəmiyyətiçi ictimai münasibətlərin tənzimlənməsini ən asan həyata keçirən vasitədir.
Televiziya aydınlığa da çıxarır, qaranlığa da qərq edir
Vətəndaşlarını sevən, qayğısına qalan, onu dövlətin ən zəngin resursu hesab edən demokratik ölkələrin televiziyası ilə, avtoritar ölkələrin televiziyası arasında çox ciddi fərq var. Demokratik ölkələrin bütün televiziyaları geniş proqram və yayım azadlığına sahibdir. Xüsusilə də ictimai televiziya alternativ fikrin, siyasi pülüralizmin, ictimai nəzarətin, sosial münasibətlərin, elmin, inkişafın, fərdi və kollektiv təşəbbüskarlığın dəstəklənməsi misiyasını daşıyaraq topluma həmrəylik gətirir. Körpə uşaqlardan tutmuş ahıl yaşda olan hər kəsin mənafeni qoruyan, sosial-siyasi statusundan aslı olmayaraq bütün insanların üzünə açıq olan həqiqi bir ictimai tribunadır.
Avtoritar rejimlərin bütün televiziyaları isə vahid sosial-siyasi məngənədədir. Davamlı olaraq vətəndaşlarda hakimiyyətə itaət, qorxu, acizlik, tənbəllik, güvənsizlik, savadsızlıq, yüngül həyat tərzi, əyləncə aşılayır. Belə toplumlar nəhəng televiziya terrorunun qurbanları hesab edilə bilər. Davamlı olaraq insan beyninə təlqin olunan təbliğat xarakterli informasiyalar onların şüuraltında yeni bir insan yaradır. Tədqiqatlar göstərir ki, 30-50 illik bir dönəmdə ardıcıl olaraq “teleterror” təbliğatının qurbanı olan insanlar öncəki nəsllərindən tamamilə fərqlənir. Belə toplumu dünyadan təcrid edərək istənilən düşüncəni beyninə hopdurmaq olur. Dünyada belə nümunələr var və artıq avtoritar rejimlər belə bir toplumu yarada biliblər. Televiziya nə qədər ideal alət olsa da, onu əlində istifadə edənlərin məqsədinə xidmət etməsi ilə fərqlənir. Hansısa toplumun önündə yeni üfüqlər açır, hansısa toplumu qaranlığa qərq edir.
Ölkə televiziyası bizi hara aparır?
Aydındır ki, televiziya hələ də hər kəsin ən asan çata bildiyi informasiya qaynağıdır və çoxmilyonlu seyriçi auditoriyası var. Sağlam dövlət-vətəndaş münasibətlərinin hökm sürdüyü ölkələrdə televiziyaların əsas məqsədi reklam və ticarət, qeyri-azad ölkələrdə isə kütləyə yönəlik təbliğatdır. Odur ki, azad, şəffaf və rəqabətli toplumu özü üçün təhlükə hesab edən bütün antidemokratik rejimlər kimi, bizim hökumət də telekanalları bütövlükdə inhisarına alıb. Ölkə telekanalları azad sözün, fikrin, yeni ideyaların üzünə tamamilə qapalıdır. Xüsusilə də fəaliyyəti ayrıca qanunla tənzimlənən ictimai və dövlət televiziyasının indiki durumu sovet dövründə sosialist təbliğatı ilə məşğul olan televiziyaları xatırladır. “İctimai yayım haqqında” qanunda təsbit olunsa da, televiziyanın balanslılıq, siyasi plüralizm kimi təməl prinsiplərini hakimiyyət elə başlanğıcdaca boğmağa nail olub.
Səthi monitorinqlər aparmaqla televiziyaların xəbərlər və digər proqram siyasətində qeyri-peşəkarlıqdan doğan çox ciddi qüsurlarla yanaşı, həm də məqsədyönlü təbliğat ruporuna çevrilməsini də müşahidə etmək mümkündür. Xəbər proqramlarını izləyən seyriçilərin ilk dəqiqələrdə eşitdiyi xəbərlər yalnız hakimiyyətin tərifi və övgüsündən ibarət olur. Bütün metodlarla iqtidarın əndazəsini aşan təbliğatı ilə qarşı-qarşıya qalırsan. Xəbər sonluqları isə yalnız dünyada, xüsusilə də Avropada baş verən qəzalar, terrorlar, dağıntılar, yanğınlar, amansız cinayətlər, qarşıdurmalar və digər neqativ hadisələri topluma təqdim etməkdən ibarətdir. Ölkə TV-lərini izləyərkən bir anlıq düşünürsən ki, deyəsən elə dünyanın ən ideal ölkəsi Rusiya və Azərbaycandır. Başqa ölkələrdən, əsasən də demokratik toplumlardan götürüləcək heç bir müsbət nümunə yoxdur. Digər proqramlar da hakimiyyətin alternativsizliyini, “humanizmini”, siyasətini təbliğ etmək və məişət səviyyəsində ucuz əyləncələrdən ibarətdir. TV ekranlarından müxtəlif üsullarla daim seyriçilərə təqdim edilən simalar da əsasən əxlaq, savad, şəxsiyyət baxımından topluma müsbət nümunə ola bilməyən insanlardan seçilir. Cüzi istisnalar olsa da, ya hakimiyyətin təbliğat maşınında rol alan, ya da müxalifətə qarşı kəskin mövqeyi olan şəxslər topluma təqdim edilir. TV-lərin yayım siyasəti toplumu qaranlığa, itaətə, çarəsizliyə, hərəkətsizliyə doğru proqramlaşdırır. Belə təbliğatın yaratdığı psixoloji effektdən toplumu uzun müddət xilas etmək olmur. Adətən qeyri-azad dövlətlərin vətəndaşları edamını gözləyən məhkumlar kimidir. Tədqiqatlar sübut edir ki, TV vasitəsilə uzun müddətli təbliğat toplumu mənəvi terror edir.
Ölkəmizdə təməl hüquq və azadlıqların maarifləndirilməsi, ictimai-siyasi mövzularda debatların, diskussiyaların təşkili, müstəqil və müxalif fikirlərə efir məkanı tam senzura altındadır. Müşahidələrimizə əsasən deyə bilərik ki, TV-lər əhalinin şüuraltına qorxu və itaət aşılamağa qismən də olsa nail ola biliblər. İnternet resurslarının, xüsusilə də sosial şəbəkələrin geniş yayılması toplumun qarşısında yeni alternativ informasiya qaynaqlarının açılmasına imkan yaradıb. Hökumət isə ictimai rəy üzərində TV-lərin monopoliyasını saxlamaq üçün internetin ölkədə yayılmasına qarşı da önləyici addımlar atır. Ölkə internet infrastrukturuna 2015-cü ildə təxminən 150 milyon dollarlıq kapital qoyulması planlaşdırılırsa da, bütün kəndələrə fiber optik kabel çəkilməsi və sürətli internetin hər yerə çatdırılması nəzərdə tutulsa da məlum olmayan səbəbdən bu plan həyata keçirilmədi. Həmin vəsaitin xərclənmədən saxlanmasına qərar verildi.
“Teleterror” dan qurtulmaq üçün internet resurslarının imkan verdiyi fürsətdən yararlanaraq mütləq alternativ xəbər qaynaqlarına müraciət edilməlidir. İnternet çıxışı olan toplum televiziyaların təqdim etdiyi məlumatların həqiqəti əks etdirmədiyini çox yaxşı anlayır və rəsmi məlumatlara artıq etibar etmir. Bu halın davam etməsi mütləq yeni ictimai-siyasi təşəbbüslərə meydan yaradacaq. Hakimiyyət nümayəndələri təxirə salınmadan TV məkanını liberallaşdırmasa, efir məkanını alternativ fikrə açmasa özü də ciddi problemlərlə qarşılaşacaq.