“Müəllimlərin maaşı yüksək olsa, onlar regionlarda dərs deməkdən yayınmazlar”
“Hazırda ibtidai sinif müəlliminin aldığı əməkhaqqı hər hansı tədqiqat institutunun direktorununkundan çoxdur”.
“Edu.az” saytının yazdığına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında” çıxışı zamanı deyib.
“Bu, elə-belə nəticə deyil. Son illərdə müəllimlərin işə qəbuluna xüsusi diqqət edilir, qəbul müsabiqə əsasında aparılır. Artıq müəllimlərin sertifikasiya prosesinə də start verildi və nəticələrə uyğun olaraq əməkhaqları artırıldı. Prosesdə ilk iştirak edənlər də ibtidai sinif müəllimləri oldu. 2015-ci ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılır və prosesə davam ediləcək. Beləliklə, biz arzuolunan nəticələr əldə edə bilirik”, – nazir qeyd edib.
İşini itirmək təhlükəsi ilə adının açıqlanmasını istəməyən İmişli rayondakı məktəblərdən birinin ibtidai sinif müəllimi Meydan TV-yə deyir ki, onların əməkhaqları heç də yüksək deyil.
Ola bilsin ki, nazir müqayisə apararkən, təqiqat institutunun direktorlarının maaşlarının azlığına işarə edib:
“Ola bilər ki, tədqiqat institutlarının direktorlarının əmək haqları daha aşağı olduğu üçün nazir diqqəti onlara çəkmək istəyib. İbtidai sinif müəllimlərinin maaşı staja, təhsilə görə dəyişir. Orta hesabla əməkhaqqı 550-600 manat arasındadır. Bəzi məktəblərdə müəllim iki sinif götürür, onlarda maaş 900-1000 manatdır. Müəllimlərin maaşı yüksək olsa, təhsil verənlər regonlardakı məktəblərdə dərs deməkdən boyun qaçırmazlar”.
Təhsil ekspert Elçin Əfəndi Meydan TV-yə nazirin firki ilə qismən razı olduğunu deyir.
Əlavə edir ki, elə ibtidai sinif müəllimləri var ki, onların maaşları yüksəkdir. Elə müəllimlər də var ki, əksinə, az maaşla işləyir. Bu, onların stajından, dərs saatından irəli gəlir:
“Məsələn, ibtidai sinif müəllimləri var ki, həm ibtidai təhsil pilləsində, həm də məktəbə hazırlıq qruplarında dərs deyirlər. Əlbəttə belə müəllimlərin maaşı Elmər Akademiyasının tabeliyində olan institutların direktorlarının aylıq gəlirindən daha çox ola bilər. Amma bu o demək deyil ki, bütün müəllimlərdə belədir. Bu, müəllimlərin keçdiyi dərs saatlarına bağlıdır. Elə müəllim var ki, 800-900 manat əməkhaqqı alır. Amma nazirliyin qeyd etdiyi istiqamət üzrə işləyən əməkdaşların əməkhaqları 400-700 manat arasında dəyişir”.