“Təhsil müəssisələri Novruz bayramına qədər bağlanmalıdır”

“Virusun mənşə ölkəsinə, eləcə də onun geniş yayıldığı ölkələrə məxsus olan restoran-kafelərdə qidalanmaya, həmin ölkələrdən idxal olunan ərzaq mallarının satışına məhdudiyyətlər qoyulmalıdır”

Source: google.az


Qubad İbadoğlu: “Azərbaycan səhiyyəsi koronavirusun qarşısını almaqda acizdir”


Koronavirusa yoluxma

halı artıq 40-dək ölkədə qeydə alınıb. Əsas beş ölkədə – Çin, Cənubi Koreya, İran, Yaponiya, İtaliyada isə yoluxanların sayı daha çoxdur.

Fevralın 26-na olan məlumata görə qonşu İranda bu virusa 100 nəfər yoluxub. 15 nəfərin isə xəstəlikdən öldüyü bildirilir. Bu, rəsmi məlumatdır, ölü və yoluxma sayının daha artıq olduğu iddia edilir.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu da bu fikirdədir. Deyir, rəsmi məlumatlarda İranda 15 nəfərin bu virusdan vəfat etməsi göstərilsə də, raketlə vurduğu sərnişin təyyarəsini bir neçə gündən sonra etiraf edən İran rəsmilərinin məlumatına nəinki xaricdə, hətta daxildə özləri də şübhə edirlər. Böyük ehtimalla İranda virusun həm daşıyıcılarının, həm də virusdan ölənlərin sayı saxtalaşdırılır. Odur ki, məncə, koronavirusa qarşı Azərbaycanda təxirəsalınmaz tədbirlər proqramı həyata keçirilməlidir:

“Təklif edirəm ki, bağça, məktəb və universitetlərdə təshil gələn həftədən Novruz bayramına qədər dayandırılsın. Koronavirusun coğrafiyası genişlənir, hələ ki, hətta güclü tibbə malik olan ölkələr belə onu dayandıra bilmir. Cənubi Koreya infeksiya daşıyıcılarının, İran isə virusun can aldığı insanların sayına görə Çindən sonrakı ikinci yeri bölüşür. İranda baş verənlər bütün qonşular üçün təhlükələr yaradır”.

İqtisadçı deyir ki, İran ötən il xaricə səfər edən hər 5 Azərbaycan vətəndaşından 2-nin, bütövlükdə isə 2 milyondan çox insanın səyahət etdiyi ölkədir. Adətən İrandan Azərbaycana daha çox turist 21 gündən sonra qədəm qoyan Novruz bayramı ərəfəsində müşahidə olunur. Odur ki, İranda can alan virusun Azərbaycana daxil olması ehtimalı yüksəkdir:

“Onun qarşısını almaqda Azərbaycan səhiyyəsi acizdir. Amma, təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə gündən-günə artan riskləri azaltmaq olar. Təklif edirəm ki, İran-Azərbaycan arasında canlı ünsiyyət yaradan bütün kommunikasiya və nəqliyyat vasitələri (hava, avtomobil və s.) ikitərəfli qaydada dayandırılsın. Bundan əlavə, İranla sərhəd keçid məntəqələri gediş-gəliş və transit daşımalar üçün bağlansın. Digər sərhəd keçid məntəqələrində Çindən və virusun yayıldığı digər 30 ölkədən gələnlər xüsusi tibbi yoxlamardan keçirilsin”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Bundan əlavə, Qubad İbadoğlu deyir ki, Səhiyyə Nazirliyi tibbi personalı təlimatlandırmalıdır. Xəstəxana, ambulator-klinik və diaqnostik mərkəzləri lazımı resurslarla (dərman, sarğı ləvazimatı, infeksiya vasitələri və s.) təmin edilməli, şübhəli şəxslərin müayinələri və bu istiqamətli testlər yalnız ixtisaslaşmış tibbi müəssisələrində aparılmalıdır:

“Qapalı yerlərdə nəzərdə tutulan kütləvi idman, mədəniyyət, incəsənət və sair tədbirlər (toylar da daxil olmaqla) təxirə salınmalıdır. Bu həftə ərzində uşaq bağçalarında, məktəblərdə, kolleclərdə, texnikumlarda və universitetlərdə təlimatlandırma və maarifləndirmə işləri aparılmalı, gələn həftədən Bakı, Gəncə, Sumqayıt və respublikatabeli digər şəhərlərdə yerləşən təhsil müəssisələrində tədris Novruz bayramına qədər dayandırılmalıdır”.

Qubad İbadoğlu əlavə edir ki, əhali arasında kütləvi informasiya vasitələri, xüsusilə də televizorlar vasitəsilə maariflənidirmə işi həyata keçirilməli, əhali posterlər, video-roliklər vasitəsilə virusdan mühafizə vasitələri barədə məlumatlandırılmalıdır:

“Virusun mənşə ölkəsinə, eləcə də onun geniş yayıldığı ölkələrə məxsus olan restoran-kafelərdə qidalanmaya, həmin ölkələrdən idxal olunan ərzaq mallarının satışına məhdudiyyətlər qoyulmalıdır. Dərman və tibbi ləvazimatların idxal və ixracına nəzarət gücləndirilməlidir. Ən zəruri dərman peraparatlarının, tibbi ləvazimatların və sarğı materiallarının ünvanlı şəkildə dövlət büdcəsi hesabına çatdırılması təmin edilməlidir. Naxçıvanın blokadaya düşməsini əsas götürərək Bakı-Naxçıvan istiqamətində uçuşların intensivliyi artırılmalı və gediş-gəliş biletinin qiyməti aşağı salınmalıdır”.

Sonda Qubad İbadoğlu deyir ki, əhali ictimai nəqliyyatdan (metro və avtobus) istifadəni maksimum surtətdə azaltmağa çalışmalıdır. İqtisadçının fikrincə, bunlara əməl edildiyi halda virusdan qorunmaq hardasa mümkün görünür:

“Yoxsa, milli səhiyyə bərbad haldadır, uzun müddətdir ki, uşaqlar peyvənd olunmur. Əgər bu virus Azərbaycana gələrsə, o, daha sürətlə yayıla və çox can ala bilər. Havaların qızması vurusun neqativ təsilərini azaldır. Martdan çıxsaq hesab edirəm ki, bu dərddən də çıxa bilərik”.

İranın qonşuları, əsas ixrac bazarları olan İraq və Türkiyə sərhədlərini bağlayıb, səyahət qadağası qoyublar. “

Bloomberg

” yazır ki, bu məhdudiyyətlər aylarla qüvvədə qala, İran iqtisadiyyatına ağır zərbə vura bilər.

2019-cu ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.6 minə yaxınlaşdığı bildirilir. Yeni virus artıq 40-a yaxın ölkələrə yayılıb. Eləcə də Azərbaycanın sərhəddindəki İran İslam Respublikasına. Rəsmi məlumatlar deyir ki, artıq 15 nəfər bu virusdan vəfat edib.

Ana səhifəSosial“Təhsil müəssisələri Novruz bayramına qədər bağlanmalıdır”