Təcridxana rəhbərliyinin aclığı dayandırması üçün Famil Xəlilova təzyiq göstərdiyi bildirilir

Famil Xəlilov. Foto: Meydan TV

Ailəsi ərizə yazmağa məcbur edildiyini deyir

Sosial şəbəkələrdə hökumətlə bağlı tənqidi paylaşımlar edən  və 4 ay əvvəl narkotik ittihamı ilə həbs edilən ictimai fəal – birinci qrup əlil Famil Xəlilovun 8 gündür ki, istintaq təcridxanasında aclığı davam etdirdiyi bildirilir. Bu barədə məlumat verən həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib ki, iki gün əvvəl Bakı İstintaq Təcridxanasında görüşüb və onun acınacaqlı vəziyyətdə olduğunu görüb.

Həyat yoldaşı deyir ki, hər iki qolu iflic olan Famil Xəlilov şərlənərək həbs olunmasına etiraz olaraq, aclıq edir. Onun sözlərinə görə, başqasının köməyi olmadan hərəkət etməkdə, ehtiyaclarını ödəməkdə çətinlik çəkən Famil Xəlilova əvvəllər kameradakı digər dustaqlar kömək eləsələr də, artıq onlar da yorulduqlarını deyir və imtina edirlər. Bu səbəbdən Famil Xəlilov aclıq müddətində qəbul etdiyi suyun da miqdarını azaldıb.

1990-cı il təvəllüdlü Famil Xəlilov Bakı İstintaq Təcridxanasında saxlanılır. Təcridxana rəhbərliyinin aclığı dayandırması üçün həm onun özünə, həm də ailə üzvlərinə təzyiq göstərdiyi bildirilir. İddia olunur ki, ictimai fəalın anası və həyat yoldaşından aclığın dayandırılması barədə ərizə yazmaları tələb edilib: “Elnur İsmayılov tələb edir ki, Familin aclığı dayandırması barədə ərizə yazılsın. Deyir ki, onsuz da indi onu buraxan olmayacaq. Məhkəmədə yəqin ev dustaqlığına buraxılar”.

Famil Xəlilovun ailə üzvləri belə bir ərizə yazmayıb.

“Famil aclıq etdiyi halda, biz necə deyə bilərik ki, aclığı dayandırıb? Familin razılığı yoxdursa, aclığı davam etdirirsə, necə yalan danışa bilərik?”, – Kiçikxanım Xəlilova belə deyib.

Deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

İsveçdən ailəsilə birlikdə sığınacaq istəsə də, imtina cavabı alaraq, Azərbaycana deportasiya ediləndən bir müddət sonra – mayın 2-də həbs edilən Famil Xəlilovun işi artıq məhkəməyə göndərilib. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Tağıyevin sədrliyilə, Kamran Muxtarov və Elnur Nuriyevdən ibarət hakimlər kollegiyası baxacaq. Onun işi üzrə məhkəmənin ilkin hazırlıq iclası avqustun 29-na təyin olunub.

34 yaşlı Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Həyat yoldaşı Kiçikxanım Xəlilova da narkotik ittihamının saxta olduğunu deyir. O bildirir ki, həyat yoldaşı sosial şəbəkələrdəki tənqidi paylaşımlarına, hokumətdən, şəxsən dövlət başçısı İlham Əliyevdən insanların hüquq və azadlıqlarına hörmət tələb etdiyinə görə şərlənərək həbs edilib.

O bildirir ki, həyat yoldaşı saxlandığı gün Sulutəpə qəsəbəsində kirayə yaşadıqları evə 10 nəfərdən çox polis əməkdaşı gələrək, Famil Xəlilovu zorla sürüyüb aparıblar:

Famil birinci qrup əlildir, qollarının hər ikisi iflicdir. Onu yedirmək, geyindirmək, bir sözlə, bütün ehtiyaclarını mənim köməyimlə qarşılayır. Elə polislər evimizə basqın eləyəndə də onu hamamda yuyundururdum, qapı döyüləndə qızım açıb. Qırmızı-qırmızı yalan danışırlar ki, guya evdən narkotik tapıblar. Əgər narkotikə görə gəlmişdilərsə, o zaman kompüteri aparmazdılar”.

Ana səhifəSiyasətTəcridxana rəhbərliyinin aclığı dayandırması üçün Famil Xəlilova təzyiq göstərdiyi bildirilir