8 yaşlı Ümidin əməliyyata ehtiyacı var, həkimlərsə növbənin 2 ilə çatacağını deyir
Qaxın Ağyazı kənd sakini Kamran Cəfərovun 8 yaşlı oğlu Ümid aplastik anemiya (qanda kifayət qədər sağlam qırmızı qan hüceyrəsi və ya hemoglobin olmadığı zaman yaranan xəstəlik) xəstəliyindən əziyyət çəkir.
Valideyn Meydan TV-yə deyir ki, övladına təcili ilik köçürülməlidir.
O, sümük iliyi nəqli üçün Heydər Əliyev Fonduna müraciət edib.
“Fondda məni qəbul etdilər. Oradan bizi Səhiyyə Nazirliyinə yönləndirdilər. Səhiyyə Nazirliyindən məktub gəldi ki, sizin işinizə baxılıb. Həmin məktuba əsasən Bakı Sağlamlıq Mərkəzinə getdik. Orada dedilər ki, sizi növbəyə yazıblar. Növbəyə əsasən, oğlunuz 2025-ci ilin sonunda, yaxud da 2026-cı ilin əvvəlində əməliyyat oluna bilər. Həkimi isə deyir ki, həmin vaxta qədər uşağı saxlamaq mümkün olmayacaq. Uşağa təcili ilik köçürülməsə, oğlumu itirə bilərik”.
Vətəndaşın sözlərinə görə, ilik nəqli üçün donor digər övladı ola bilər:
“Analiz vermişik, bir həftəyə cavab gəlsə, qızım oğluma donor olacaq. Donor uyğun gəlsə, əməliyyat Bakıda icra olunacaq. Donorumuz olsa da, bunlar əməliyyatın müddətini uzadırlar. Uşağım ölümlə üz-üzədir”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Bakı Sağlamlıq Mərkəzi Meydan TV-nin məsələ ilə əlaqədar sorğusunu cavablandırmayıb.
Sümük iliyi nəqli əməliyyatı İcbari Tbbi Sığortanın “Xidmətlər zərfi”nə 2023-cü ildə əlavə olunub.
Sümük iliyi transplantasiyası əməliyyatı üzrə illik limit sayı 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatı zamanı dərman təchizatı da xidmətlər zərfinə daxildir. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.