“Təbliğat-təşviqat dövrü sosial şəbəkələrdə aparıldı”

“Hazırda Əliyev istədiyi kimi seçki “kartları”nı qarışdıra bilər, istədiklərini parlamentə buraxar, istəmədiklərini buraxmaya bilər”.

Source: Foto: sosial şəbəkə


İctimai-siyasi şəxslər seçki kampaniyasını dəyərləndirdi

Sabah Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərdən bir gün əvvəl, 8 fevral sükut günü olduğundan təbliğat qadağan olunub, təşviqat plakatları yığışdırılıb.

Təbliğat-təşviqat kampaniyası barədə Meydan TV-nin müraciət etdiyi ictimai-siyasi şəxslərin fikirləri əsasən üst-üstə düşsə də, fərqli yanaşmalar da var.

“Demokratiyanı Öyrənmə İctimai Birliyi”nin sədri Mirəli Hüseynovun qənaətincə, 9 fevral növbədənkənar parlament seçkiləri çox fərqli mühitdə keçirilir, parlamentin vaxtından əvvəl buraxılması, siyasi qüvvələrin seçkiyə hazırlaşmaması namizədlərin irəli sürülməsi və təbliğat kampaniyası mərhələlərinə təsirini göstərdi:

“Cəmiyyət faktiki olaraq seçkilərə hazırlıqsız olduğundan prosesin süst keçməsinin şahidi olduq. Düzdür, proses süst keçsə də, vətəndaş cəmiyyətinin nümayəndələri müəyyən qədər fəallıq göstərdilər. Daha çox vətəndaş cəmiyyətinin nümayəndələri seçkilərə rəngarənglik qata bildilər. Ancaq çox təəssüf ki, hakim partiya və müxalifət fəal seçki kampaniyası apara bilmədilər. Biz vaxtilə ənənəvi qaydada gördüyüm seçki kampaniyasının şahidi olmadıq, konkret olaraq, 2005-ci il seçkilərini misal çəkə bilərəm. Bu, seçki öncəsi siyasi mühitin prosesə təsirindən irəli gəlir, kütləvi tədbirlər üçün yerlərin çox məhdud şəkildə olması, televiziya və radiolarda təşviqat imkanlarının məhdudlaşdırılması, seçkinin fevral ayına təyin edilməsi də təsirsiz ötüşmədi. Ən çox təsir edən amil seçkilərə ictimai etimadın zəif olmasıdır. Seçicilərdə seçkilərə çox böyük inamsızlıq mövcuddur və bu inamsızlıq da vətəndaşların təşviqat kampaniyasında iştirakına maraq yaratmır. Çox az dairələrdə seçicilər aktivlik nümayiş etdirdilər, bu da namizədlərin həmin dairə üzrə nüfuza malik olmasından irəli gəlir. Amma böyük miqyasda aksiyaların şahidi olmadıq. Nədəndirsə, hakim partiya daxil başqa siyasi qüvvələrin kütləvi tədbirlər keçirilməsinə maraqlı olmadığını gördük. Bunlar təşviqat mühitinə mənfi təsirini göstərdi və ümumilikdə, proses sönük keçdi”.

30bb4f2d-c39c-42b9-a9e5-a9994537a8a7_tv_w1200_r1_s.jpg
Mirəli Hüseynov

Telejurnalist Qulu Məhərrəmli əvvəlki dövrlərdən fərqli olaraq 9 fevral növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat prosesinin sosial şəbəkələrdə getdiyini hesab edir:

“Amma bunun seçicilərə nə dərəcədə aidiyyatı olduğunu bilmirəm. Bununla belə bəzi namizədlər kifayət qədər ağıllı və savadlı kampaniya apara bildi, onların sosial şəbəkələrdəki rolikləri buna misaldır, Azər Qasımlı, Erkin Qədirli, Fərhad Mehdiyevin adını çəkə bilərəm”.

Q.Məhərrəmli təbliğat-təşviqat kampaniyasının pis tərəfinin televiziyaların və yazılı medianın kənarda qalması olduğunu düşünür:

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

“Yazılı medianın monitorinqi yoxdur, ona görə anlamaq olar, ancaq telekanalların prosesdən kənarda qalması, İctimai Televiziyada efir qiymətlərinin yüksək olması arzuolunan situasiya deyildi. Ümumən götürdükdə, geniş əhali təbliğat-təşviqat kampaniyasında yalnız deputatlarla birbaşa sahələrdə ünsiyyətdə ola bildi. Əvvəlki illərdə, 2005, 2010-cu illərdə daha çox televiziyalarda müraciət vardı. Əgər 5 ballıq sistemlə qiymətləndiriləsi olsaq, bu dəfəki təbliğat-təşviqat kampaniyasına -4 vermək olar”.

Azərbaycan Ali Sovetinin sabiq sədri Yaqub Məmmədov təəssüflənib ki, əvvəlki seçkilərdən, xüsusilə 2000, 2005 və 2010-cu il seçkilərindən fərqli olaraq 9 fevral növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniya mərhələsi sosial şəbəkələrdə göründü:

“Diqqəti cəlb edən nəsə olmadı ki, yaddaşda iz buraxsın. Amma hər şey 9 fevralda məlum olacaq, 1 gün də gözləyək görək nə olur”.

YAQUB-MEMMED.jpg
Yaqub Məmmədov

Avropa mühacir həyatı yaşayan Rauf Mirqədirov budəfəki təbliğat-təşviqat kampaniyasının əvvəlkilərlə müqayisədə məhz sönüklüyü ilə fərqləndiyini bildirib. O, ATƏT-in Müşahidə Missiyasının “çox sönükdür, canlı heç nə yoxdur” fikrini bölüşür.

Rauf Mirqədirovun sözlərinə görə, İlham Əliyev bu mərhələdə bütün istədiklərinı nail oldu. Hazırda Əliyev istədiyi kimi seçki “kartları”nı qarışdıra bilər, istədiklərini parlamentə buraxar, istəmədiklərini buraxmaya bilər. Çünki seçkilərə qatılan və boykot edən müxalif qüvvələrin heç biri ictimai fəallığı artırmaq üçün heç nə etmədi:

“Ümumiyyətlə, heç bir müxalifət ümummilli aksiya keçirməyə çalışmadı. Yalnız bir sıra dairələrdə lokal fəallığın şahidi olduq. Parlament seçkiləri mojaritar qaydada keçirilsə də, bu, ümimmilli siyasi hadisədir və bütün dövlətlərdə müxalifət ümummilli xarakterini göstərməyə çalışır. Ona görə də aksiyalar təşkil edir, təəssüf ki, Azərbaycanda sabah keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyasında sadaladıqlarım görünmədi. Prinsipcə, bu, onun göstəricidir ki, müxalifət seçki kampaniyasına hazır deyildi. Seçkilərin vaxtından əvvəl keçirilməsinin əsas səbəblərindən biri o idi ki, müxalifət prosesə plan üzrə hazırlaşmasın. Söhbət həm də ənənəvi yox, oliqarxik müxalifətdən də gedir”.

C1AB4AC1-713E-423A-A95C-8A1D56ED9751_cx0_cy5_cw0_w1200_r1_s.jpg
Rauf Mirqədirov

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Demokratik Qüvvələrin Milli Şurası, KXCP 9 fevral növbədənkənar parlament seçkilərini boykot edib. AMİP, ADP, Müsavat, YAP, ReAL, Ümid və digər partiyalar seçkilərdə iştirak edir.

Ana səhifəSiyasət“Təbliğat-təşviqat dövrü sosial şəbəkələrdə aparıldı”