Qurum narazılıq edən şəxslərin analizlərinin cavabının pozitiv çıxdığını deyir
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) aprelin 15-də
Meydan TV
-də Gəncə Mərkəzi Xəstəxanasında karantinə alınmış şikayətçilərlə bağlı yayılan videomaterialla bağlı açıqlama yayıb.
Həmin videoda Gəncə xəstəxanasında olanlar bildirirlər ki, test nəticələri neqativ çıxdığı halda onları karantinə salıblar. Vətəndaşlar iddia edirdi ki, karantinə çox adamı salmaqlarına səbəb insanların sayını çox göstərib, baş həkimlərin dövlətdən daha çox pul almasını təmin etməkdir.
TƏBİB
açıqlamasında bildirir ki, həmin videomaterialda vətəndaşdan 11 və 13 aprel 2020-ci il tarixlərdə koronavirus analizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub:
“Videomaterialda iddia edilir ki, vətəndaşa sms sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügedən şəxs eyni zamanda Gəncə Şəhər 6 saylı Poliklinikanın Qeydiyyat Şöbəsinin əməkdaşıdır”.
TƏBİB bildirir ki, analiz üçün nümunələr götürülən zaman bir neçə şəxs eyni telefon nömrəsi qeyd etdiyindən həmin şəxslərdən birinin test nəticəsi sms vasitəsilə göndərilib. Buna baxmayaraq, şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib:
“Bundan əlavə, laborator nəticələr də vətəndaşa təqdim edilib. Ancaq vətəndaş müalicə almaqdan imtina edərək dəfələrlə karantin qaydalarını pozmağa cəhd edib”.
Aprelin 16-da Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq evə buraxılıb, 2 nəfər isə ölüb.
Operativ Qərargah Azərbaycanda 1283 nəfərin koronavirus infeksiyasına yoluxduğunu, onlardan 460 nəfəri müalicə olunaraq sağaldığını, 15 nəfərin öldüyünü, 808 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicə aldığını bildirib:
“Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.