Tbilisidə etirazçılar yolu bağlayıb, çadır qurublar

Foto: OC Media

Etirazçılar seçkilərin yenidən keçirilməsini istəyir

Tbilisidə keçirilən aksiyalar artıq oturaq hal alıb. Noyabrın 18-də etirazçılar barrikadalar qurublar.

Noyabrın 17-si saat 20:00-dan Çavçavadze prospektində yeni seçkilərin keçirilməsi tələbi ilə toplaşan mitinq iştirakçılarının bəziləri gecəni çadırlarda, bəziləri isə küçədə yandırılan tonqalın yanında keçiriblər.

Əvvəl parlamentin qarşısında keçirilən aksiyada Rati Amaqlobeli etirazçıları Çavçavadze prospektində toplaşmağa çağırdıqdan sonra nümayişçilər Çavçavadze prospektinə doğru hərəkət ediblər.

Nümayişçilərin əsas tələbi yenidən seçkilərin keçirilməsidir. Onlar MSK-nın elan etdiyi seçkilərin nəticələrinə inanmır və “Gürcü Arzusu”nun oktyabrın 26-da keçirilən seçkiləri saxtalaşdırdığını bildirir.

“Bugünkü gecə son illər tarixin ən mühüm etiraz gecələrindən biri kimi baş tutdu”, – “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən Nika Qvaramiya çıxışında deyib.

Onun fikrincə, bir-birini dəyişmək lazımdır ki, insanlar yorulmasınlar:

“Qarşıda vətənimizi geri qaytarmaq üçün uzun və yorulmaz mübarizə var”.

Nümayişçilər əvvəlcə üç böyük çadır qurublar, gecə yarısına qədər isə 20-yə qədər kiçik çadır əlavə edilib.

Çavçavadze prospekti, Varazişxevi, Melikişvili prospekti və Kekelidze küçəsi bağlanıb.

Noyabrın 16-da Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun protokolunu təsdiq edib və ona əsasən, “Gürcü Arzusu” seçicilərin 53,93 faizinin dəstəyini qazanıb və parlamentdə 89 mandatla təmsil olunacaq.

Oktyabrın 26-da keçirilən seçkilərin nəticələrini yalnız hakim partiya tanıyır.

Ana səhifəXəbərlərTbilisidə etirazçılar yolu bağlayıb, çadır qurublar