Tbilisidə beş ailə Heydər Əliyev Mədəniyyət mərkəzinin tikilməsi səbəbindən əmlaklarından məhrum ediləcək.
Paytaxtın mərkəzində, Abanotubani adlanan ərazidə Heydər Əliyev Mədəniyyət Mərkəzinin tikintisi planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə əlaqədar olaraq, etirazlarına baxmayaraq beş ailənin əmlakının müsadirə olunacağı bildirilir. Müvafiq qərar Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili tərəfindən imzalanıb.
Qərar “Zəruri ictimai ehtiyaclar üçün əmlakın müsadirə edilməsi qaydası haqqında” qanuna əsaslanır. Həmin qanuna görə, əmlak yalnız əvvəlcədən, tam və ədalətli kompensasiya ödənilməsi şərti ilə, Konstitusiyanın 19-cu maddəsinə uyğun olaraq müsadirə edilə bilər.
BM.ge saytının məlumatına əsasən, layihə “təcili ictimai ehtiyac” kimi qiymətləndirilir. Bildirilir ki, layihəni həyata keçirən şirkət ilə daşınmaz əmlak sahibləri arasında əmlakın könüllü şəkildə geri alınması ilə bağlı razılıq əldə olunmadığı üçün mülkiyyət hüquqlarının müsadirə yolu ilə alınmasına qərar verilib.
Tikinti işlərinə ilkin olaraq Qorqasali küçəsi 25 ünvanında başlanılması planlaşdırılıb və 27 oktyabr 2023-cü ildə bu məqsədlə təməlqoyma mərasimi keçirilib. Lakin sonradan layihələndirmə zamanı mövcud torpaq sahəsinin tikinti üçün kifayət etmədiyi müəyyən olunub. Buna görə də iki əlavə yaşayış sahəsinin layihəyə daxil edilməsi planlaşdırılıb. Bu sahələrdən biri artıq Gürcüstan dövləti tərəfindən satın alınıb.
Nazir Mariam Kvrivişvilinin 3 aprel 2026-cı il tarixli sərəncamında qeyd olunur ki, Gürcüstan tərəfinin milyonlarla dollarlıq investisiyada iştirakı daşınmaz əmlakın alınmasında öz əksini tapır.
Sözügedən həyətdə ümumilikdə 24 nəfər mənzil sahibidir. Onlardan 13-ü dövlət tərəfindən təklif olunan geri alma şərtləri ilə razılaşıb. Lakin ümumilikdə 11 daşınmaz əmlak vahidinə (yaşayış sahələri və çardaqlar) sahib olan 5 nəfər bu təkliflə razılaşmayıb.
Nazirin sərəncamında vurğulanır ki, layihə “vacib ictimai ehtiyacı olan” layihə hesab edildiyi üçün mülkiyyət sahiblərinin əmlakdan müsadirə yolu ilə məhrum edilməsi zəruri sayılır.
Sənəddə həmçinin Gürcüstan Konstitusiya Məhkəməsinin 18 may 2007-ci il tarixli qərarına istinad edilir. Həmin qərarda qeyd olunur ki, sahibkar yalnız öz maraqlarını deyil, digər ictimai və fərdi maraqların da mövcud olduğunu və bu maraqlar arasında ağlabatan balansın qorunmasının vacibliyini nəzərə almalıdır.
Əmlak sahiblərinin nazirin qərarından məhkəməyə şikayət etmək üçün bir ay müddəti var.