Tbilisi məhkəməsi Əfqan Sadıqovun apelyasiya şikayətinə baxacaq

Foto: Əfqan Sadıqovun şəxsi arxivindən

O, 107 gündür Gürcüstan hökumətinin ekstradisiya qərarına etiraz olaraq aclıq edir

Yanvarın 15-də Tbilisi Apelyasiya Məhkəməsi Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş azərbaycanlı jurnalist, Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından şikayətə baxacaq.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Onun sözlərinə görə, Əfqan Sadıqov 107 gündür Gürcüstan hökumətinin ekstradisiya qərarına etiraz olaraq aclıq edir.

“Əfqan təcridxananın hospitalında həkim nəzarətindədir. Çox zəifləyib, 35 kiloqramdan çox çəki itirib (təcridxanaya qəbul olunanda 93 kiloqram olub), təzyiqi çox aşağıdır, şəkəri düşüb. Həkimlər son günlər gündə bir dəfə qidalandırcı vitamin qatılmış yoqurt verirlər. Bir də su qəbul edir. Əfqan aclığı sona qədər davam etdirəcəyini bildirir”, – həyat yoldaşı belə deyib.

2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycanın Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul edib.

Müdafiə tərəfi məhkəmənin qərarından apelyasiya şikayəti verib və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib.

2024-cü ilin iyulunda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.

Avqustda Azərbaycanın sorğusu əsasında Əfqan Sadıqov həbs edilib. Bakıda onu hədə yolu ilə tələb etməkdə ittiham edirlər və ekstradisiyasını tələb edirlər.

O, həbsinə və ona sığınacaq verilməməsinə etiraz olaraq sentyabrın 21-dən aclıq edir.

Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və onu həbsxana xəstəxanasına köçürüblər.

Ana səhifəSiyasətTbilisi məhkəməsi Əfqan Sadıqovun apelyasiya şikayətinə baxacaq