“Məhbuslardan Siyavuş Əsədov rəisin otağında döyülüb, karsa salınıb”
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində onunla yaxşı münasibəti olan məhbusların işgəncəyə məruz qaldığı, əsassız cəzalandırıldığı bildirilir.
Məlumata görə, Elvin Məmmədov adlı məhbus işgəncələrə etiraz olaraq, qaşıq udub.
Bu barədə Meydan TV-yə Müsəlman Birliyi Hərəkatından məlumat verilib.
Bildirilir ki, məhbuslardan Siyavuş Əsədov bir neçə gün əvvəl Taleh Bağırzadə ilə münasibətlərinə görə cəzaçəkmə müəssisəsinin rəisi Mehman Əliyevin otağına çağırılaraq, döyülüb:
“Mehman Əliyev onu otağında döydürüb, ardınca da onu “karsa” göndəriblər. Bununla da kifayətlənməyiblər. Ertəsi gün eyni vəhşilik “kars”da davam edib. Siyavuş Əsədova “kars”da rəis müavini Babək İsgəndərov ağlasığmaz işgəncələr verib. Taleh Bağırzadə Siyaviş Əsədova qarşı bu vəhşiliklər törədiləndə onun hüquqlarını müdafiə edib, bu da onları qəzəbləndirib. Başqa bir məhbus İsmayıl İbrahimov da Taleh Bağırzadə ilə münasibətlərinə görə işgəncəyə məruz qalıb – ona 2 ay “kars” cəzası verilib. Amansız işgəncələr ucbatından digər məhbus Elvin Məmmədov qaşıq udub, o vəziyyətdə “kars”a salınıb. Bütün bu işgəncələr hara qədər davam etməlidir ki, rəhbər şəxslər buna əhəmiyyət versinlər, qarşısını almaq üçün tədbir görsünlər?”
Müsəlman Birliyi Hərəkatından bildirilib ki, Taleh Bağırzadə özü də gündəlik ibadətlə məşğul olarkən, dua edərkən ona maneələr yaradılır.
Təşkilatdan verilən məlumata görə, o, bununla əlaqədar bir sıra qadağalarla üzləşir:
“Qanunsuzluq mühitində cəzalanmayacağına əmin olan Mehman Əliyev kimi müəssisə rəhbərləri bir zamanlar Yezidin İmam Səccada qadağan etmədiyi dua ilə məşğul olmağı belə, indi qadağan edir…”
Hərəkat Taleh Bağırzadə və onunla ünsiyyətdə olan məhbuslara qarşı təzyiqlərlə əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib.
Həmçinin Ombudsman Aparatının əməkdaşlarının 12 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib, araşdırma aparmalarını xahiş edib:
“Biz həm də vətəndaş cəmiyyətinə, hüquq müdafiəçilərinə, beynəlxalq təşkilatlara müraciət edirik. İnsanlara qarşı işgəncələrə, təməl hüquqların tapdanmasına biganə qalmasınlar”.
İşgəncə iddialarına Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
12 saylı cəzaçəkmə müəssisəsində işgəncə hallarıyla bağlı şikayətlər bundan əvvəl də dəfələrlə səslənib. Hətta bu müəssisənin və onun rəis müavini Babək İsgəndərovun adı işgəncə iddialarıyla əlaqədar beynəlxalq təşkilatların sənədlərində də yer alıb. Lakin Penitensiar Xidmət işgəncə iddialarını təkzib edib.
Taleh Bağırzadə 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs olunub.
O, həmin hadisələrlə əlaqədar terrorçuluq, qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Lakin ilahiyyatçı bu ittihamların hamısının saxta olduğunu bəyan edib.
O bildirib ki, siyasi sifarişlə həbs olunub, səbəb isə hakimiyyətin ünvanına səsləndirdiyi tənqidi fikirlərdir.
İlahiyyatçı ona verilmiş cəzanın 7 ilini qapalı həbsxana rejimində çəkib.
O, 2022-ci ildə 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.