“Əməlində cinayət tərkibi olmayıb”
“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin xanımı Leyla İsmayılzadə haqqında Cinayət Məcəlləsinin 29,317-1 (cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd) maddəsilə başlanan cinayət işinə xitam verilib. Ədliyyə Nazirliyi İstintaq İdarəsində çıxarılmış bu qərar oktyabrın 2-də Leyla İsmayılzadə və onun vəkili Zibeydə Sadıqovaya elan edilib.
L.İsmayılzadənin Meydan TV-yə bildirdiyinə görə, uşağın çantasından çıxan və maddi sübut hesab edilən telefon da ona qaytarılıb:
"Dedilər ki, cinayət tərkibi olmadığına görə xitam verilir. Əlbəttə, özləri bunu əvvəldən də bilirdilər, amma yenə də cinayət işi başlamışdılar. Amma məsələ ictimailəşəndən sonra təpkilərə görə bu qərarı verdilər. Ona görə də mediaya, məni yalnız qoymayan bacı-qardaşlarıma minnətdarlığımı bildirirəm".
L.İsmayılzadə bu ilin martında üç azyaşlı övladı ilə birlikdə Novruz bayramı ərəfəsində Qobustan həbsxanasında saxlanılan həyat yoldaşıyla uzunmüddətli (üç günlük) görüşə gedərkən ona telefon keçirməyə cəhddə günahlandırılırdı. Bununla əlaqədar Penitensiar Xidmət də rəsmi açıqlama yayaraq, L.İsmayılzadənin əşyalarına və gətirdiyi sovqata baxış keçirilərkən uşaq çantasından oyuncaqların arasından “Samsung” markalı telefon tapıldığını bildirmişdi.
L.İsmayılzadə isə sözügedən telefonun işlək vəziyyətdə olmadığını, üç yaşlı övladı Abbasın babasına məxsus həmin telefondan oyuncaq kimi istifadə etdiyini, həbsxanaya gedərkən yaddan çıxıb oyuncaqların arasında qaldığını demişdi.
L.İsmayılzadə təqsirləndirilən şəxs qismində ifadəsində də özünü təqsirli bilmədiyini demişdi: "Qərəzsiz yanaşan istənilən adam görür ki, cinayət yoxdur. Mən telefonu gizlətməmişəm. Hamı bilir ki, Hacı (Taleh Bağırzadəni nəzərdə tutur) həbsxanada təzyiq altında olub, onun yanına gedənlər necə yoxlanılır. Birincisi, mən gizli telefon keçirməyi özümə sığışdırmaram. İkincisi, insan nə qədər ağlını itirməlidir ki, belə yoxlamanı bilə-bilə telefon keçirməyə cəhd eləsin. Uşaq ondan oyuncaq kimi istifadə edib. Özləri də araşdırıb gördülər ki, işlək telefon deyil. Telefonun enerji dolduran qurğusu, işlək nömrəsi yoxdursa, nəyə lazımdır o?"
Onun fikrincə, məsələnin böyüdülməsi və barəsində cinayət işi başlanması, məhkəmə qarşısına çıxarılması həyat yoldaşının prinsipial mövqeyinə görə ona təzyiq göstərmək məqsədi güdür.
T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib.
T.Bağırzadə ona qarşı irəli sürülmüş dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ittihamlarını qəbul etmir, təqsirsiz olduğunu deyir.