Taleh Bağırzadə Meydan TV-yə qarşı repressiyanı qınayıb

Taleh Bağırzadə. Foto: Meydan TV

MBH sədri: “Tarixən elə bir dövlət olmayıb ki, öz xalqına zülm etməklə hakimiyyətini sürdürə bilsin”

Müsəlman Birliyi Hərəkatının (MBH) sədri, 9 ildir ki, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə 12 saylı Cəzaçəkmə Müəsisəsindən Azərbaycanda baş verən son həbslərlə bağlı məktub ünvanlayıb.

İlahiyyatçı həbsləri qınayıb və hakimiyyətdən bütün siyasi məhbusların azadlığını təbləb edib:

“Həftənin mənzərəsində azad medianın son budaqları olan Meydan TV-nin 6 üzvü, insan hüquqlarının qorunması üçün durmadan mücadilə aparan Rüfət Səfərov və Azər Qasımlı barəsində cinayət işinin başlanılması, onların şərlənərək həbs edilməsi vəziyyətin nə qədər acınacaqlı duruma düşdüyünü ifadə edir”.

“Birmənalı olaraq həbsləri, fikir, düşüncə və azad sözə ünvanlı addımları məhkum edir, bütün bunları mövcud idarəçilikdə tənəzzülün son həddinə eniş kimi qiymətləndiririk. Əgər həbs dalğası bu qədər amansız və sərhədsiz hal alıbsa, bu rejimin artıq son mərhələyə qədəm qoyduğunu göstərir. Tarixən hələ elə bir dövlət olmayıb ki, öz xalqına zülm etməklə hakimiyyətini sürdürə bilsin”, – ilahiyyatçı bildirib.

2015-ci ilin noyabrından Nardaran hadisələri zamanı həbs olunan Taleh Bağırzadə 20 il azadlıqdan məhrum edilib.

O, polislərin öldürülməsi, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.

İlahiyyatçı bildirib ki, Nardaran əməliyyatı zamanı qətlə yetirilən 4 nəfər yerli sakin və 2 polisin ölümünə görə məsuliyyət əməliyyatı keçirən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) üzərindədir.

İlahiyyatçının sözlərinə görə, onlarda ümumiyyətlə, silah olmayıb və dinc şəkildə evdə olduqları halda, polislər silahlı hücum edərək, 6 nəfəri özləri öldürüb, qalanları da tutub aparıblar.

Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunanlar istər saxlanılıb “Bandotdel”ə aparılanda, istərsə də günlərlə idarədə saxlandıqları müddətdə ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını rədd edib.

Taleh Bağırzadə ona verilmiş 20 illik cəzanın 7 ilini Qobustan həbsxanasında çəkib.

Hazırda Taleh Bağırzadə də daxil olmaqla, Müsəlman Birliyinin 70-dən çox üzvü həbsdədir.

Onların heç biri ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Azərbaycanda son həbslər

Hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Dekabrın 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Meydan TV işi”…

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti veriblər.

Bakı Apelyasiya Məhkəməsi dekabrın 13-də “Meydan”çıları həbsdə saxlayıb.

Meydan TV bəyanat yayaraq polis tərəfindən səslənən ittihamları əsassız, jurnalistlərin saxlanmasını qanunsuz sayıb.

Azər Qasımlının həbsi…

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Dekabrın 9-da Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyilə onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham edilir. 

Azər Qasımlı həbsinin siyasi motivli olduğunu, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırıldığını bildirir.

Ana səhifəMeydan TV işiTaleh Bağırzadə Meydan TV-yə qarşı repressiyanı qınayıb