Hazırda həbsdə olan Müsəlman Hərəkatı Birliyinin sədri Taleh Bağırzadə İlham Əliyevə məktub ünvanlayıb.
O bildirib ki, Əliyevin Azərbaycanda uzun müddətdir davam etdirdiyi qeyri-sağlam idarəçiliklə razılaşmır:
“Cənab Əliyev! Hər kəsdən daha çox sizə məlumdur ki, illərdir zülmlə işləyən hakimiyyətinizə qarşı haqlı olaraq ciddi tənqidlər səsləndirir, qeyri-sağlam idarəçiliyinizlə əsla barışmırıq. Əlbəttə, bunun ağır bədəllərini ödəməkdən də tam razıyıq və heç bir şikayətimiz də yoxdur. Lakin son zamanlar Azərbaycanımızda baş verən bəzi xoşagəlməz hadisələri nəzərə aldıqda, düşündük ki, uzun illərdən sonra sizinlə bir məsələ üzərində anlaşa və razılığa gələ bilərik”.
Ünvanlanan razılaşmada Bağırzadə İlham Əliyevdən həbsinin artırılmasını və bunun müqabilində hazırda həbsdə olan qadın jurnalistləri və dini inanclı qadınları azad edilməsini istəyib.
“Mənim 20 il həbs cəzamı dəyişdirib ömürlük həbslə əvəz edirsiniz. Sifarişinizlə iki azyaşlı övladıma ən ağır cəzanı kəsirsiniz, istəsəniz digər iki azyaşlı övladımı da əlavə edə bilərik və heç birindən şikayətimiz olmayacaq. Bunun müqabilində isə tək istəyimiz sırf araşdırmaları və fəaliyyətlərinə görə şərləyib həbs etdirdiyiniz cəsur jurnalist və hicablı xanımları azad etməyinizdir”.
Taleh Bağırzadə qeyd edib ki, İlham Əliyev qadın məhbusları azad edəcəyi halda ona təşəkkür məktubu göndərəcək.
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə hazırda həbsdədir. O, 2017-ci ildə dövlətin konstitusiya quruluşunu dəyişməyə cəhd və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib.
Bağırzadə ittihamları qəbul etmir, fəaliyyətinin dini azadlıqlar və sosial ədalət uğrunda olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.
Buundan əlavə Taleh Bağırzadənin övladları Məhəmmədhəsən və Məmmədhüseyn Bağırzadələr də cinayət məsuliyyətinə cəlb edilib. Məhəmmədhəsən Bağırzadəyə Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Məhəmmədhüseyn Bağırzadə isə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.
Buna səbəb kimi bu il aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında baş vermiş hadisə göstərilir.
Ailənin bildirdiyinə görə, yeniyetmələrin oxuduğu məktəbin həyətində mübahisə düşüb. Mübahisə yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi ilə başlayıb. Məhəmmədhüseyn Bağırzadənin onları bundan çəkindirməyə çalışması gərginliyi artırıb. Daha sonra qarşı tərəfin təhqiramiz ifadələr işlətməsi ilə mübahisə əlbəyaxa davaya çevrilib.
Ailənin versiyasına görə, Məhəmmədhəsən Bağırzadə qardaşının iki nəfər tərəfindən döyüldüyünü görərək davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnunun sındığı bildirilir. Ailə bildirir ki, 17 yaşlı oğlunun həmyaşıdı qızın burnunu sındırması ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Ailə hesab edir ki, bu hadisə Taleh Bağırzadəyə və ailəsinə qarşı verilən təhdid mesajıdır.