“Keçən həftə Bakıya gəlmək istəyəndə baxdım ki, çağırdığım taksi 41 manat göstərdi, sonra da sifarişi ləğv etdi. Artıq neçə ildir Bakıda işləyirəm. Hər gün Saraydan Bakıya gedib-gəlirəm, bir neçə marşrut dəyişirəm. Olur ki, işdən gec çıxıram, yaxud işə gecikirəm, onda taksidən istifadə edirdim. Bilirsiniz ki, göydən yağış yerə düşən kimi ictimai nəqliyyat iflic olur, avtobuslar gecikir, pik saatlarda metroya və avtobuslara minmək mümkün olmur. Gündəlik iki marşrut dəyişən adam üçün evə çatmaq əsl zülmə çevrilir. Ona görə də bəzən taksidən istifadə edirəm”.
Bu sözləri Meydan TV-yə açıqlamasında Abşeron rayonunun Saray qəsəbəsinin sakini S. Hümbətova deyib. Onun sözlərinə görə, əvvəllər Bakı-Saray istiqamətində “Bolt” taksi xidməti ilə gediş-gəliş 9 manata, bəzən isə 11-14 manata başa gəlirdi. Lakin yanvarın 29-dan etibarən bu istiqamətdə tətbiq üzərindən taksi sifariş edə bilmir:
“Bir neçə taksi tətbiqindən istifadə edirəm. “Bolt”da qiymətlər 40-45 manata qədər bahalaşıb. Digər taksi şirkətlərində – UBER və 189-da da qiymətlər 30-35 manata qalxıb. Bu qiymətləri hansı maaşlara əsasən qaldırıblar? Deyirlər ki, geri qayıdarkən müştəri götürməyə icazə verilmədiyi üçün qiymətlər bahalaşıb. Ona görə Sarayda “manatlıq” taksilərdən istifadə etmək istədim. Onlar əvvəllər 2 manata aparırdılarsa, indi 3-5 manat arası istəyirlər”.
Artıq ötən həftədən Sumqayıt, Xırdalan və Abşeronda yaşayan vətəndaşlar da taksi qiymətlərinin 3-4 dəfə artmasından şikayət etməyə başlayıblar. Hətta Sumqayıtdan Bakıya taksi qiymətlərinin 59-62 manata, Xırdalandan Bakıya isə 50 manata qədər bahalaşdığı müşahidə olunur.
Taksilər niyə “yoxa” çıxıb?
Qiymətlərin bahalaşmasının səbəbi 2026-cı ildən etibarən “Avtomobil nəqliyyatı haqqında” Qanunun 20-ci maddəsinin 2-ci bəndinin tətbiq edilməsidir. Həmin bəndə əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma yalnız buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində sifariş qəbul edə bilər.
Qanunun tələblərindən irəli gələrək Nazirlər Kabineti yeni kvota qaydaları müəyyən edib. Kvota ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 30 dekabr 2025-ci il tarixində Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində yeni buraxılış kartları almaq üçün müraciətlərin qəbulunu həyata keçirib. Beləliklə, yeni buraxılış kartları yeni qaydalara əsasən fəaliyyət göstərəcək.
Ekspertlərin şərhlərindən aydın olur ki, qanunvericiliyə və Nazirlər Kabinetinin qərarlarına əsasən, 2026-cı ildən etibarən taksi fəaliyyəti üçün buraxılış kartları iki əsas zona üzrə verilir: Bakı şəhəri üzrə və regionlar üzrə.
Bakı zonası üçün buraxılış kartı alan sürücülər həm paytaxt daxilində, həm də Bakıdan regionlara sərnişin daşıya bilərlər. Lakin regiondan paytaxta geri qayıdarkən müştəri götürmələri qadağandır.
Regionlar üzrə buraxılış kartı isə konkret şəhər və ya rayon (Sumqayıt, Gəncə, Abşeron və s.) üzrə fəaliyyət hüququ verir. Bu kartı olan taksilər də öz ərazilərindən Bakıya sərnişin gətirə bilsələr də, Bakı şəhəri daxilində sərnişin götürə bilməzlər.
AYNA-nın məlumatına görə, 2026-cı ildən etibarən nəzarət sistemləri vasitəsilə taksilərin hansı zonada fəaliyyət göstərdiyi buraxılış kartlarının məlumat bazası əsasında avtomatik yoxlanılacaq.
Qaydaları pozan taksi sürücüləri üçün İnzibati Xətalar Məcəlləsinə əsasən 50 manat məbləğində cərimə nəzərdə tutulub.
Bakıda taksilərin sayına kvota qoyuldu: rayon sakinlərinin paytaxtda işləməsi məhdudlaşdırılır?
Taksi sürücülərinin sosial mediada paylaşdıqlarından da məlum olur ki, Bakıdan Sumqayıt ərazisinə daxil olarkən tətbiqlərdəki sifariş kateqoriyaları avtomatik deaktiv edilir.
“Dövlət dedi oxu, oxuduq, sertifikat aldıq. Maşını dəyiş dedi, dəyişdik. VÖEN dedi, aldıq. Asan imza dedi, aldıq. Buraxılış kartı dedi, onu da aldıq. Amma indi yollarımızı bağlayırlar. Aeroport elə getdi, Sumqayıt da belə getdi. Görürlər ki, aramızda birlik yoxdur, ona görə də bizi qul kimi işlədir, istədikləri kimi rəftar edirlər. Bütün sənədlər varsa, qaydasındadırsa, bəs niyə belə edirlər?”, – deyə bir taksi sürücüsü narazılığını ifadə edib.
Digər sürücülər isə yazırlar ki, “Binə” və “Sədərək” ticarət mərkəzləri, eləcə də “20 Yanvar” və “İnşaatçılar” metrostansiyaları ətrafında əsas müştəriləri Sumqayıt və Xırdalan istiqamətinə gedən sərnişinlər idi. Artıq bir neçə gündür ki, bu istiqamətlər üzrə sifarişlər qəbul edilmir. Bir tərəfdən qiymətlərin birtərəfli qaydada kəskin bahalaşması sərnişin sayının, digər tərəfdən isə geri qayıdarkən müştəri götürə bilməmək sifarişlərin sayının ciddi şəkildə azalmasına səbəb olub.
Bəzi ekspertlər qanunvericiliyin bu qədər sərtləşdirilməsini Nazirlər Kabinetinin Bakı şəhəri üçün tətbiq etdiyi yeni kvota ilə əlaqələndirirlər. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri üzrə buraxılış kartlarının sayı 25 min kvota ilə müəyyən edilib. Ekspertlərə görə, indiyədək bu kartı alanların sayı 40 mini keçirdi və onların böyük hissəsi regionlardan gələn sürücülər idi. Hətta Abşeron, Sumqayıt və Xırdalan ərazisində qeydiyyatda olub, Bakıda fəaliyyət göstərən taksi sürücülərinin sayı da kifayət qədər çox idi. Yeni tənzimləmələrdən sonra sürücülərdən yalnız qeydiyyatda olduqları ərazi üzrə buraxılış kartı alaraq fəaliyyət göstərmələri tələb oluna bilər. Hələ ki, rəsmi şəkildə bununla bağlı hər hansı bir açıqlama verilməyib.
“Bu vəziyyət qara bazarın formalaşmasına səbəb olacaq”
İqtisadçı ekspert Natiq Cəfərli Meydan TV-yə açıqlamasında taksi fəaliyyətində bu cür qaydaların qoyulmasını əhalinin sosial vəziyyətinə ciddi mənfi təsir göstərəcəyini və bahalaşmaya səbəb olacağını bildirib:
“Düşünürəm ki, bu, mənasız bir qərardır. Bahalaşmaya gətirib çıxarır, xidmət keyfiyyəti aşağı düşür, insanları narazı salır və eyni zamanda xeyli sayda taksi sürücüsünün işsiz qalmasına səbəb olur. Burada məntiqi tapmaq çətindir. İnkişaf etmiş ölkələrdə də sərt tənzimləyici aktlar qəbul olunur, amma orada iqtisadiyyat böyükdür, iş yerləri çoxdur, qazanc imkanları genişdir. Azərbaycanda isə taksi xidməti on minlərlə insan üçün əsas gəlir mənbəyi idi. Bu sahəyə qoyulan məhdudiyyətlər minlərlə insanın təkcə işsiz qalmasına yox, həm də gəlirlərinin ciddi şəkildə azalmasına səbəb olacaq. Eyni zamanda müştəri məmnuniyyəti də aşağı düşəcək”.
İqtisadçının sözlərinə görə, cərimələrin tətbiqi qara bazarın inkişafını stimullaşdıracaq:
“İndi internet əsridir. Leqal fəaliyyətə nə qədər çox qadağa qoyulsa, qeyri-leqal fəaliyyət bir o qədər genişlənəcək. İnsanlar “WhatsApp” qruplarına yönələcək, tətbiqlərdən istifadə etməyəcək. Heç bir nişanı olmayan taksilər ortaya çıxacaq. Bu vəziyyət əksinə, qara bazarın formalaşmasına səbəb olacaq. Düşünmürəm ki, bu, yaxşı bir gedişatdır. Ona görə də bu cür sərt tənzimləyici addımların atılmasını doğru hesab etmirəm”.