Taksi sürücüsü qanunsuz olaraq aeroporta buraxılmadığını deyir, AZAL susur

Ruslan Mirzəyev. Foto: Meydan TV

“Nazirlər Kabinetinə getdim, qadağa götürüldü, bir müddət sonra yenidən tətbiq etdilər”

Taksi sürücüsü Ruslan Əbülfət oğlu Mirzəyev aylardır ki, Heydər Əlyev adına Beynəlxalq Hava Limanına buraxılmadığını deyir.

Şikayətçi Meydan TV-yə bildirib ki, dəfələrlə aeroport rəhbərliyinə hansı səbəbdən bloklanması ilə əlaqədar müraciət etsə də, tutarlı cavab almayıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənovun imzası ilə vətəndaşa verilən cavabda “Hava limanı əraziləri dövlət tərəfindən AZAL-ın istifadəsinə verilib”, – qeyd olunur:

Dövlət tərəfindən müvafiq sertifikat AZAL-ın adına verildiyindən həmin ərazilərin təhlükəsizliyinə də AZAL aidiyyəti dövlət orqanları ilə birgə cavabdehdir”.

Foto: Meydan TV

Cavab məktubunda sürücüyə hansı səbəbdən blok qoyulmasına dair isə heç bir səbəb göstərilməyib.

Sertifikatım, buraxılış kartım, buraxılış vəsiqəm qaydasında olmasına baxmayaraq, işçilər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məni aeroporta buraxmırlar. Halbuki heç bir daxili qaydaları da pozmamışam. Pozmuş olsaydım, mənə ünvanlanan cavabda da bunu qeyd edərdilər”, – taksi sürücüsü deyir.

O bildirir ki, məsələ ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edib:

Ora getdim, məni dinlədilər, sənədlərimə baxdıqdan sonra qadağanın qanunsuz olduğunu bildirdilər. Ardınca məhdudiyyət aradan qaldırıldı, lakin bir müddətdən sonra yenidən aeroporta girişimə blok qoyuldu. Himayəmdə dörd azyaşlı övladım var. Çörəyimə bais olublar, haqqımı tələb edirəm”.

Meydan TV Heydər Əlyev adına Beynəlxalq Aeroportunun mətbuat xidmətinə taksi sürücüsünün idarə etdiyi avtomobilin nömrəsini təqdim edərək hansı səbəbdən bloklanmasının açıqlanması ilə əlaqədar sorğu edib.

Lakin mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova bir neçə gün ərzində müxtəlif bəhanələr gətirərək sorğunu cavablandırmayıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Fərid Hüseynov da Meydan TV-nin sorğusunu cavabsız buraxıb.

İsrarla bildirib ki, sualı Heydər Əlyev Beynəlxalq Aeroportu cavablandırmalıdır.

AZAL
Foto: AZAL

Nəqliyyat üzrə ekspert İlqar Hüseynov Meydan TV-yə deyir ki, hər hansı bir şəxs taksi xidmətini leqallaşdırıbsa, ölkə qanunvericiliyinə uyğunlaşdıraraq, fəaliyyət göstərirsə, onun aeroportun ərazisinə daxil olub, sərnişin götürmək və ünvana çatdırmaq hüququ var:

Bu, öncə onun peşə hüququdur, xidmət göstərir. Taksi sürücüləri arasında hər hansı bir diskriminasiyaya (ayrı-seçkilik, fərqləndirmə-red.) yol vermək olmaz. Sürücünün aeroporta giriş-çıxışına qadağa qoymaq, onun konstitusiyon hüquqlarının pozulmasıdır. Bu yalnız taksi sürücüsünün deyil, həm də sərnişinin hüquqlarının pozulması deməkdir”.

Foto: İlqar Hüseynovun şəxsi arxivindən

Ekspert tövsiyə edir ki, zərərçəkən məsələ ilə əlaqədar məhkəməyə müraciət etsin:

AZAL-ın aeroporta hansı sürücülərin giriş-çıxışını müəyyənləşdirmək kimi hüququ yoxdur. Şikayətçi sonunadək mübarizə apara, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedə bilər”.

Son bir neçə aydır ki, mediada taksi sürücülərinin aeroporta buraxılmaması ilə bağlı şikayətlər yer alır.

Məsələ ictimailəşdirildikdən sonra AZAL nümayəndələri taksi sürücüləri ilə görüşsə də, onların problemi həll olunmayıb.

Heydər Əlyev Beynəlxalq Aeroportunda “Bakı Taksi Xidməti” MMC-nin “London taksi” xidməti fəaliyyət göstərir.

Bu taksilərin qiymətinin də həddindən artıq baha olduğu bildirilir.

“Bakı Taksi Xidməti”nin Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevaya məxsus olduğu deyilsə də, Məhdud Məsuliyyətli Cəmiyyətdən bildirilib ki, bütün paylar tamamilə dövlətə məxsusdur.

Ana səhifəSosialTaksi sürücüsü qanunsuz olaraq aeroporta buraxılmadığını deyir, AZAL susur