"Tacik təhlükəsizlik xidməti mənə üç seçim verdi”
Tacikistanda müxalifət fəalı Şarofiddin Qadoyev (Sharoffidin Gadoev) deyir ki, o, Düşənbədə sərbəst buraxılmadan əvvəl oğurlanaraq işgəncəyə məruz qalıb və təbliğat videosunda çəkilməsi üçün təzyiq edilib, – Azadlıq Radiosunun Tacik xidməti xəbər verir.
Qadoyev martın 5-də Avropaya təhlükəsiz şəkildə getdikdən üç gün sonra video çəkiliş edib və deyib: "Mən Moskvada qaçırıldım. Tacikistan hökuməti tərəfindən qanunsuz olaraq oğurlandım".
O, azadlığa buraxılmasını və Hollandiyaya gəlməsini təmin edən jurnalistlərə, insan haqları qruplarına, Qərb hökumətlərinə və diplomatlara təşəkkür edib.
"Əgər səyləriniz olmasaydı, hələ də həbsdə olardım", – Qadoyev Avropada yerləşən Tacikistan müxalif Milli İttifaqı ilə birgə yayımladığı videoda bildirib.
O, martın 7-də müalicəsi haqqında daha ətraflı məlumat verəcəyini söyləyib.
2012-ci ildə Tacikistandan qaçan Qadoyev, fevralda Rusiyaya gəlişindən sonra yenidən Tacikistanda “peyda olub”.
“Human Rights Watch” təşkilatının tədqiqatçısı Stiv Sverdlov (Steve Swerdlow) martın 4-də Qadoyevin rus polisi tərəfindən ələ keçirildiyini və təyyarə ilə Düşənbəyə aparılaraq tacik rəhbərliyinə təhvil verildiyini söyləyib.
"İndi bilirik ki, ona qarşı çoxlu zorakılıq edilib və o, Düşənbəyə (Moskvadan) gəldikdə onun paltarları qan içində olub", – deyə Sverdlov Azadlıq Radiosuna bildirib.
Sverdlov sözlərinə görə, Moskva hava limanında telefonla kömək çağırmağa cəhd etsə də, Tacikistanın təhlükəsizlik işçiləri onu döyüblər və ağzını bağlayıblar ki, qışqıra bilməsin.
“Axbor” xəbər agentliyi tərəfindən martın 6-da nəşr olunan bir müsahibədə Qadoyev deyib ki, Düşənbədə tacik səlahiyyətliləri tərəfindən ona ultimatum verilib.
"Tacik təhlükəsizlik xidməti mənə üç seçim verdi: onlar məni öldürəcəkdilər, yaxud 25 il həbs edəcəkdilər və ya onlarla əməkdaşlıq edəcəkdim. Öz həyatımı qurtarmaq üçün üçüncünü seçdim ", – Qadoyev “Axbor”a bildirib.
Qadoyev martın 6-da "Eurasianet" saytında nəşr olunan müsahibədə "bir neçə dəfə" Milli Təhlükəsizlik Dövlət Komitəsinin (GKNB) rəhbəri ilə görüşdüyünü və ona "24-cü qrupun Tacikistanın içərisində bərpası lazım olduğunu" söyləndiyini deyib.
"Mən bu qrupun lideri olmalıydım və ölkədə müxalifətin illüziyasını yaratmalı idim. Biz hakimiyyətin birbaşa nəzarəti altında olacaqdıq. Prezident və ya ailəsini tənqid etməməliydik," – o deyib.
Onun üçün başqa bir vəzifə 2020-ci ildə keçiriləcək prezident seçkilərində prezident Emoməli Rəhmanın ən böyük oğlu və Duşənbənin bələdiyyə başçısı Rüstəm Emomalini "dəstəkləmək" idi.
Tacik hakimiyyəti 33 yaşlı Qadoyevin 15 fevralda könüllü olaraq ölkəyə döndüyünü iddia edib. Onlar Qadoyevin müxalifəti tənqid etdiyini və digər aktivistləri Tacikistana dönməyə çağırdığını göstərən bir videosunu yayımlayıblar.
Amma Qadoyev “Axbor”a videonun təzyiq altında çəkildiyini bildirib.