Sağ qalanlardan 12 nəfər bu gün Azərbaycana yola salınacaq
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi AZAL-a məxsus təyyarənin qəzaya uğradığı ərazidə aparılan işlər barədə yeni məlumat yayıb.
Bildirilir ki, dekabrın 25-də xilasetmə əməliyyatları nəticəsində 3-ü azyaşlı olmaqla 29 nəfər xilas edilərək Aktau şəhərinin tibb müəssisələrinə yerləşdirilib.
“Həlak olan 38 nəfərin meyiti Tibbi Ekspertiza Mərkəzinə aparılıb, onlardan 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvləridir”, – məlumatda deyilir.
Təyyarə qəzasında 5 ekipaj üzvündən üçünün ( Kşnyakin İqor (pilot), Kalyaninov Aleksandr (pilot), Əliyeva Hökumənin (stüardessa) həlak olduğu açıqlanıb.
Bildirilir ki, 2 ekipaj üzvünün isə vəziyyəti yaxşıdır, həm Zülfüqar Əsadovun, həm də Aydan Rəhimlinin xəstəxanadan videosu yayılıb.
Qazaxıstan tərəfinin yaydığı məlumatda isə bildirilir ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qara qutu aşkarlanıb.
Hazırda Aktauda qəzanın səbəblərini araşdırmaq üçün Hökumət Komissiyası fəaliyyət göstərir.
Qazaxıstanın Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Aktauda təyyarə qəzasında xəsarət alan 29 nəfərdən səkkizi süni tənəffüs aparatına qoşulub.
“Bu gün səhər saatlarına olan məlumata görə, xəsarət alanlardan 11-i reanimasiya, 13-ü travmatologiya, 2-si neyrocərrahiyyə, 1-i isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti son dərəcə ağır, 11-nin vəziyyəti ağır, 14-nün vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxşdir”, – məlumatda bildirilib.
Məlumatda xatırladılır ki, ümumilikdə təyyarə qəzasında xəsarət alan 27 nəfər vilayət xəstəxanasına, daha 2 nəfər isə uşaq vilayət xəstəxanasına yerləşdirilib.
Bildirilir ki, daxil olarkən bütün xəsarət alanlar lazımi müayinələrdən keçib, vəziyyətləri stabilləşdikdən sonra profillər üzrə yerləşdiriliblər. Xəstələr müxtəlif travmalar, əsasən çoxsaylı xəsarətlərlə – qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin qapalı travması, travmatik şokla daxil olublar.
“Xəsarət alanlara tam həcmdə tibbi yardım göstərilir. Həkimlər ağır xəstələrin vəziyyətinin stabilləşməsi üçün bütün mümkün tədbirləri görür, xəstəxana dərman və avadanlıqlarla kifayət qədər təmin olunub”, – Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Təyyarə qəzası zamanı sağ qalan sərnişinlərindən 12 nəfər bu gün Azərbaycana gətirilir.
Vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.
AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında deyib ki, təyyarə qəzasında həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək.
Samir Rzayev həmçinin deyib ki, təyyarə oktyabr ayında tam təmirdən çıxıb. Texniki nasazlıq olmayıb.
AZAl-ın prezidenti qəzanın baş vermə səbəbi ilə bağlı detallı araşdırma aparıldığını bildirib.
“Qara qutu tapılıb. Qara qutunun oxunması isə qanunvericiliyə uyğun aparılacaq”, – Samir Rzayev deyib.
AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda Prezidentin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Qazaxıstan mətbuatı yazır ki, dekabrın 25-də saat 11:00 radələrində Bakı-Qroznı marşrutu ilə uçan “Azərbaycan Hava Yolları”a məxsus təyyarədə fövqəladə vəziyyət barədə məlumat daxil olduqdan sonra Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və vasitələri dərhal Aktau hava limanı ərazisinə göndərilib.
Saat 11:30-da hava limanından 3 km aralıda təyyarənin qəzaya uğraması ilə bağlı məlumat daxil olub.
Nəticədə təyyarənin gövdəsi iki eninə hissəyə (qırıqlar arasındakı məsafə 300 metr olub) parçalanıb, ardınca pilot kabininin ərazisində yanğın baş verib.
Saat 11:35-də xilasedicilər gəlib və yanğını söndürməyə başlayıblar.
Yanğın saat 12:05-də tamamilə söndürülüb.
Qəzanın baş verdiyi yerin ümumi sahəsi 4200 kvadratmetr olub.