“Tərtər işi”ndə adı keçən Şəfahət İmranov Abşeron rayon prokuroru təyin edilib

Şəfahət İmranov. Foto: Baş prokurorluq

Azərbaycan hərbi prokurorunun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin olunub. Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, təyinatla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Eyni zamanda, hərbi prokurorun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru postuna təyin edilib. Hər iki şəxs həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və onlara “Baş ədliyyə müşaviri” xüsusi rütbəsi verilib.

Hərbi prokurorunun müavini olmuş Şəfahət İmranovun adı hərbi qulluqçulara işgəncə verilməsi və onların qanunsuz azadlıqdan məhrum edilməsi kimi bilinən “Tərtər işi”ndə hallandırılırdı.

“Tərtər işi” və işgəncə tarixi

“Tərtər işi” 2017-ci ilin may ayında baş verib. Bu zaman Azərbaycanda hərbçiləri kütləvi şəkildə həbs edilərək inşgəncələrə məruz qalıb və onlardan Ermənistanın xeyrinə casusluqla məşğul olmalarıyla bağlı etiraf tələb edilib.

2017-ci ilin may-iyun aylarında Tərtərdə 500 nəfərdən artıq hərbçiyə ağır işgəncələr verilib.

Nəticədə 10 nəfərdən çox hərbi qulluqçu həyatını itirib.

Keçmiş hərbi prokuror Xanlar Vəliyev işgəncələr nəticəsində yalnız bir nəfərin öldüyünü bildirib.

2021-ci ilin dekabrında aparılan yenidən araşdırmalar zamanı “Tərtər işi”ndə toplam 452 nəfər zərərçəkmiş kimi tanınıb. İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunan 13 nəfərin işinə məhkəmə baxıb və onlara müxtəlif cəzalar kəsilib. Onların bir çoxu ittihamları qəbul etməyib.

Məhkəmə proseslərində təqsirləndirilən şəxslər, onların vəkilləri, eləcə də zərərçəkmişlər bir neçə dəfə vəsatət qaldırıblar ki, müdafiə naziri Zakir Həsənov, o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkovdan tutmuş, keçmiş hərbi prokuror Xanlar Vəliyev, korpus komandiri Hikmət Həsənova qədər hamısı dindirilsin. Lakin hakimlər hər dəfə bu vəsatətləri rədd edib.

Zərərçəkmiş hərbi qulluqçuların yaxınları isə iddia edirlər ki, hələ də həqiqi məsul şəxslər cəza çəkməyib, bütün iş üzrə kompleks araşdırma aparılmayıb.

Ana səhifəSiyasət“Tərtər işi”ndə adı keçən Şəfahət İmranov Abşeron rayon prokuroru təyin edilib