“Meydan TV işi” üzrə həbsdə olan Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva və Aysel Ümüdova təcridxanada birbaşa rəis Elnur İsmayılov tərəfindən təhdid və təzyiqə məruz qalıb.
Aytac Tapdığın anası Dilruba Amanovanın “Facebook” sosial şəbəkəsində yazdığına görə, “Meydan TV işi” üzrə həbsdə olan qadınlar hazırda Bakı İstintaq Təcridxanasında izolyasiya vəziyyətində saxlanılır. Onun sözlərinə görə, görüş günlərində onların ailələrinə əvvəlcədən məlumat verilmir, görüş olub-olmayacağı son ana qədər açıqlanmır.
Dilruba Amanova yazıb ki, bu gün Aysel Ümüdova və Ülviyyə Əlinin (Quliyeva) görüş günü olsa da, onlara yaxınları ilə görüşə icazə verilməyib.
Onun sözlərinə görə, şüşə arxası görüşlər də qadağan edilib. Görüş günlərində yalnız aparılan sovqatlar qəbul edilir. Kameralara soyuducu yerləşdirilib ki, saxlanılanlar ümumi istifadədən kənarlaşdırılsın, hər şeydən təcrid olunsunlar.
Dilruba Amanova bildirib ki, fevralın 26-da təcridxananın rəisi Elnur İsmayılov tibb-sanitar hissəsinə gələrək Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Umudovanı çağırıb və onlara xəbərdarlıq edib.
Onun sözlərinə görə, rəis qızlara “çıxışlarınıza, yazılarınıza, sözlərinizə fikir verin” deyib və əks halda yeni cinayət işinin açılacağını bildirib. Ailə üzvü bunu açıq təhdid kimi qiymətləndirir və qeyd edir ki, bu xəbərdarlığın onların hazırkı işlərinə və saxlanma şəraitinə təsir edəcəyi deyilib.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.