Şüvəlanda üç polis, iki mülki şəxs qətlə yetirilib

Source:

DİN və Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində üçü polis, ikisi yerli sakin olmaqla, 5 nəfər öldürülüb. Hadisə iyunun 24-nə keçən gecə baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir ki, ölənlərdən biri – 38 yaşlı Rövşən Allahverdiyev saxlanılarkən bütün bunlar yaşanıb.
İddia olunur ki, Rövşən Allahverdiyev axtarışda olub. Polislər yerini müəyyənləşdirib, onun saxlanması üçün əməliyyat keçirərkən silahlı müqavimət göstərib.

Foto: DİN

“O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib. Yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə Rövşən Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib”, – hüquq-mühafizə orqanlarının yaydığı məlumatda belə deyilir.

Rövşən Allahverdiyevin yaxınlarının bu məlumata münasibəti məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Ana səhifə ▸ Sosial ▸ Şüvəlanda üç polis, iki mülki şəxs qətlə yetirilib