Sutka ərzində Bakı və Abşeronda daha çox qaz istehlak olunur

Foto: Meydan TV

“Açıqlanan rəqəm ölkə əhalisinin yarıdan çoxunun Bakı və Abşeronda yaşadığının dolayı sübutudur”

Azərbaycanda ümumi sutkalıq təbii qazın 59 faizi Bakı və Abşeron yarımadasında, qalan 41 faizi isə regionlarda istehlak olunur. Bakı və Abşeron yarımadası üzrə qəbul 25 milyon 644 min kubmetr, regionlar üzrə isə bu rəqəm 17 milyon 797 min kubmetrdir.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, ötən ilin müvafiq tarixində qazın qəbulu üzrə göstərici 36 milyon 71 min kubmetr olub. Rasim Əhmədov deyib ki, ötən ilə nisbətən 7 milyon 371 min kubmetr artıq qaz qəbul olunub.

İqtisadçı Natiq Cəfərli deyir ki, açıqlanan rəqəm ölkə əhalisinin yarıdan çoxunun Bakı və Abşeronda yaşadığının dolayı sübutudur. Onun sözlərinə görə, əhalinin belə bölgüsü iqtisadi və idarəetmə sisteminin nə qədər qüsurlu olduğunu əyani göstərir:

Natiq Cəfərli
Foto: Meydan.TV

“Hələ ki, bu vəziyyəti düzəltməyə şansımız var, işğaldan azad olunmuş bölgələri planla, məntiqlə, böyük “vizionla” məskunlaşdıra, ora 1,5 mln. əhalinin orqanik, təbii köçünü təmin edə bilsək, çıxış yolunu tapa, ölkənin inkişafının yeni strukturunu yarada bilərik. Bunun üçün yeni sistemə keçid baş verməlidir, əvvəlki yanaşmalar işləmir, işləyə də bilməz”.

Ekspertlər həmişə son illər paytaxta köçün, daxili miqrasiyanın artdığını, burada yaşayan əhalinin sayının realda göstəriləndən daha çox olduğunu deyirlər. Köçə səbəb kimi işsizliyi, köçün isə Bakı və ətrafında sıxlığa, avtomobil tıxacına səbəb olduğunu söyləyirlər.

Rəsmi məlumatlarda yalnız rayonlarda və şəhərlərdə nə qədər əhalinin qeydiyyatda olduğu əks olunur. Sonradan onlardan nə qədərinin köç etdiyi barədə məlumat yoxdur.

2019-cu ilin əvvəlində açıqlanan rəsmi məlumata görə, Abşeronda 213 min nəfər yaşayır. Elə həmin il ölkə üzrə əhalinin ən son siyahıyaalınmasında isə burada 476 min nəfərin yaşadığı üzə çıxıb. Xırdalan, Sumqayıt şəhərlərində də sayın rəsmi məlumatlardan artıq olduğu bildirilir.

Ana səhifəİqtisadiyyatSutka ərzində Bakı və Abşeronda daha çox qaz istehlak olunur