Sürətli moda: Ucuz paltarların həqiqi qiyməti

Çoxunun bəh-bəhlə alıb geyindiyi paltarlar bəzən insanların qanı bahasına başa gəlir

Source: google


Çoxunun bəh-bəhlə alıb geyindiyi paltarlar bəzən insanların qanı bahasına başa gəlir

Belə deyilir ki, isveçlilər anadangəlmə minimalistdirlər, laqom, yəni – nə az, nə çox prinsipi ilə yaşamaq onların qanlarında-canlarındadır. Fransızlar və italyanlar isə əksinə, özlərini çox dəbli sayırlar. Elə buna görədir ki, Paris, Roma, Milan kimi şəhərlər yüksək moda paytaxtları hesab edilir. Azərbaycanlılar da modabazlıqda italyan və fransızlardan heç də geri qalmır.

“Nə qədər çox geyimin varsa, o qədər varlı və dəbli görünürsən”, – kimi yanaşma, əslində, yalnız azərbaycanlılara xas xüsusiyyət deyil. Bu tendensiya böyük kapitalist ölkələri tərəfindən dünyaya diktə olunan maliyyə siyasətidir.


İnsanlarda geyim almaq alışqanlığını necə yaradırlar?

“Sürətli dəb” brendləri həmin maliyyə siyasətinin əsas konsepsiyasıdır və normal moda evlərindən fərqli olaraq, ildə iki dəfə yox, üç həftədə bir yeni paltarlar işləyib satışa çıxarır. Bu da istehlakçılarda lazım oldu-olmadı geyim almaq alışqanlığı yaradır.

Belə bir sual yaranır: “Sürətli dəb” istehsalçıları modayla necə ayaqlaşır? Burada lokomotiv rolunu yuxarıda adlarını sadaladığımız şəhərlərdə keçirilən yüksək moda həftələri oynayır. Həmin nümayişlərdə geyimlər təqdim edilir, yeni dəbin necə, hansı istiqamətdə dəyişəcəyi göstərilir. “Sürətli dəb” istehsalçıları da həmin ideyalar əsasında aşağı kateqoriyalı ucuz və keyfiyyətsiz geyimlər hazırlayaraq dünya bazarlarına çıxarırlar.


Üçüncü dünya ölkələri əhalisinin qanı bahasına başa gələn brendlər

Həmin geyimləri alan istehlakçıların əksəriyyəti bilmir ki, “Sürətli dəb” sənayesinin istehsalı Asiya və digər çox kasıb üçüncü dünya ölkələrində cəmləşib. “Zara” və “Mango” İspaniyanın “fast fashion” brendləri olsa da, geyimlər Banqladeş fabriklərində tikilir. Brend sahibləri fabriklərə ən ucuz qiymətləri təklif edirlər, rəhbərlik isə deyilən qiymətlə razılaşmaq məcburiyyətində qalır. Belə olan təqdirdə səhərdən-axşamadək işləyən adamlara günəmuzd iki dollar məvacib verilir. Banqladeşdə, Kambocada ağır şərtlər altında “Sweating system” istismarına məruz qalaraq işləyən adamlar, buna tez-tez etiraz etsələr də, fiziki və mənəvi təzyiqlər göstərilərək susdurulurlar. Efiopiyada da vəziyyət eynidir, tikiş fabriklərində muzdlu çalışan işçilərə həftədə yeddi dollardan da az əməkhaqqı verilir. 2013-cü ildə Banqladeşin paytaxtı Dakkada bir neçə paltar istehsalı fabrikinin yerləşdiyi çoxmərtəbəli “Rana Plaza”nın çökməsi nəticəsində mindən çox insan həlak olub və ömürlük əlil qalıb. Bir sözlə, çoxunun bəh-bəhlə alıb geyindiyi paltarlar həmin insanların qanı bahasına başa gəlir.


“Sürətli dəb” siyasətinin yaratdığı ölümcül xəstəliklər

Dünya geyim sənayesinin bu maliyyə siyasəti, qlobal ekoloji çirklənmə və yaxud da geni modivikasiya olunmuş qidaların təhlükəsi kimi aktual mövzularla eyni sırada müzakirə edilmir, məqsədli şəkildə kənarda qalır. Halbuki, həmin problemlərlə sıx əlaqəlidir.

Bu məsələyə rejissor Endryu Morqan “The True Cost” sənədli filmində geniş, hərtərəfli toxunub. Filmdə göstərilir ki, bütün dünyada istehsalçıların pul, istehlakçıların isə dəb acgözlüyünü, planetin və onun çox kasıb yaşayan sakinləri həyatları bahasına ödəyirlər.

Rejissor filmi çəkmək üçün dünyanın bir sıra dəb paytaxtlarında olub, həmçinin ucuz geyimlərin istehsal edildiyi fabriklərdə çəkiliş apararkən, bu biznesin pərdəarxasında baş verənləri öz gözləri ilə görüb.

Qərbin “Sürətli dəb” konsepsiyası ilə işləyən böyük geyim brendlərinin ucuz və təhlükəli xammallardan əldə etdiyi paltarlar, kimyəvi və digər müdaxilələrə məruz qaldığı üçün xərçəng və başqa ölümcül xəstəliklərin artmasına səbəb olması məsələsi də filmin aktual mövzularındandır.


“Brendlərin rənglənməsində ağır metallardan istifadə edilir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Meydan TV-yə bildirir ki, bu sistem bilərəkdən yaradanlar insanların istehlak hərisinə çevrilməsini istəyirlər:

“Bütün dünyada kapitalizm cəmiyyətində istehlakmaniya hökm sürür və bunu getdikcə də artırırlar. Artıq insanlar bir neçə geyimlə kifayətlənmirlər. Əgər ayaqqabı köhnəlibsə, təmirə verilmir, tullanılır, əvəzinə yenisi alınır. Düşünürəm ki, bu, ilk növbədə istehlakçıların psixologiyasına zərər verir. Təəssüflər olsun ki, bu sistemi Azərbaycanda da tətbiq etməyə çalışırlar.

“Sürətli dəb” geyimlərinin rənglənməsində ağır metallardan istifadə olunur. Həmin ağır metallar da tədricən istehlakçıların orqanizminə keçir, xəstəliklər yaradır. Mən tövsiyə edərdim ki, azərbaycanlılar istehlakmaniyadan, yalançı cəlbedici dəbdən uzaq olsunlar. Onlar bununla həm də tədricən baş verən zəhərlənmənin qurbanı olmaqdan qurtularlar. Biz bilməliyik ki, kapitalizm cəmiyyəti pul qazanmaq üçün insanlara nə gəldi sırıyır”.


“Bu iş böyük biznesə çevrilib, qarşısını almaq mümkün deyil”

Modelyer Fəxriyyə Xələfova hesab edir ki, istehlakçıların geyimə olan aşırı təlabatı “Sürətli dəb” sistemini formalaşdırıb. O, Meydan TV-yə deyir ki, bütün dünyada baş verən prosesin qarşısını almaq çətindir:

“Dünya əhalisi çox artıb, belə olan halda geyim istehsal edib, təlabatı ödəmək lazımdır. Yəni cəmiyyətin geyimə ehtiyacı olmasa, istehsal da olmaz. Bu zəncirdə bir neçə hissələr var, geyimi istehsal edən fabrik, topdan satışla məşğul olan şirkətlər, bir də mağazalar. Yəni bu üç kateqoriyada cəmləşən adamlar pul qazanmaq istəyirlər. Bu iş böyük bir biznesə çevrilib, qarşısını almaq mümkün deyil. Çıxış yolu müəyyən mənada var. İstifadəçilərə həmişə məsləhət görürəm ki, alacaqları geyimin üzərindəki etiketə diqqətlə fikir versinlər. Paltarın üstündə istehsal olunduğu ölkə, barkodu və yaxud əlavə məlumatlar yazılmayıbsa, onu almaq olmaz. Ekoloji təmiz malların etiketlərində bütün məlumatlar olur, hətta elektron ünvanlar da qeyd edilir, belə geyimlərə etibar etmək olar. Bəzən görürsən ki, paltarın üzərində heç bir məlumat yoxdur, adi bir etiketdir, uydurma brend adıdır. Belə olan halda geyimə şübhəylə yanaşmaq lazımdır”.

“Sürətli dəb” brendləri artıq uzun illərdir ki, Azərbaycana da ayaq açıb. Qiyməti üç-dörd dollara olan bu brendlərin geyimləri, digər ölkələrdə çox ucuz satıldığı halda, Azərbaycanda 100-200 manatadır.

Ana səhifəMədəniyyətSürətli moda: Ucuz paltarların həqiqi qiyməti