“İnhisarçı şirkətlərin arxasında duran iriçaplı məmurlar bahalaşmaya səbəb olurlar”
Yəqin ki, əksəriyyət həyatında bir dəfə də olsa, istehlakçı kimi hüququnun pozulduğunu deyə bilər. Yəni getdiyi kafedə, ticarət mərkəzində, geyim dükanında, apteklərdə, özəl tibb müəssisələrində onlardan təqdim olunan xidmətdən və ya məhsuldan çox baha qiymət tələb olunub.
İstehlakçı nə düşünür?
Sosial şəbəkələrdə mövzu ilə bağlı danışan istehlakçılar deyir ki, təqdim olunan xidmət və məhsul qiymətləri bəzən onları şoka salır. İstehlakçılar arasında üzərindəki qiymət 20 qəpik olan çipsiyə Bakı publarında 5 manat ödəməyə məcbur olanlar da olub, üzərindəki satış qiyməti 20 qəpiyə olan suları şəhərin böyük ticarət mərkəzlərində 1 manata alan da var. Məsələn, “28 Mall” ticarət mərkəzindəki kafelərdə “Bonaqua” suyunun qiyməti 1 manatdır.
Ümumiyyətlə, Azərbaycanda istər ərzaq, istər geyim, istərsə də dərman ləvazimatları və digər məhsulların satışında tez-tez şişirdilmiş qiymətləri görmək mümkündür. Bəs sahibkarlar, istehsalçılar müştəriyə təqdim etdikləri bu məhsullara və xidmətlərə görə qiymət qoymaqda sərbəstdirlərmi?
Meydan Tv mütəxəssislərin bu haqda nə düşündüyünü öyrənib.
Millət vəkili Vahid Əhmədov
deyir ki, gündəlik tələbat məhsullarının satışı üçün ən yüksək hədd təyin olunmalıdır: “Azərbaycanda süni qiymət artımı var. Amma qeyd edim ki, xarici ölkələrdə də belədir. Düzdür, xaricdə qiymət fərqi daha azdır, bizdə isə həddindən artıqdır. Mənə elə gəlir ki, gündəlik tələbat məhsullarının qiymət artımına müəyyən qədər hədd qoymaq lazımdır. Məsələn, dərman ləvazimatlarına yuxarı hədd qoyulmalıdır ki, həmin dərmanlar o qiymətdən yuxarı satılmasın. Bunlar bazar iqtisadiyyatının prinsipləridir. Bunu tənzimləmək çox çətindir. Amma İqtisadi İnkişaf Nazirliyində xüsusi departament var. Həmin departament vaxtlı-vaxtında monitorinqlər aparmalı və müəyyən tədbirlər görməlidir. İstehlakçıların hüquqlarının qorunması ilə bağlı qanun qəbul olunub. Biz bu sahədə çalışan QHT rəhbərləri ilə çalışırıq. Əgər onalar qanunda boşluq olduğunu düşünürlərsə, təkliflərini irəli sürsünlər, biz də baxaq, müzakirə edək”.
İqtisadiyyat və Sənayə Nazirliyinin (İSN) mətbuat xidmətinin rəhbəri Abbas Əliyev
deyir ki, istehlakçıların hüquqlarının pozulması onların hüquqlarını bilməmələrindən irəli gəlir:“Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyət sistemi bütövlükdə istehlakçıların hüquqlarının qorunmasına xidmət edir. Qurum müxtəlif ərzaq və qeyri-ərzaq mallarına mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir. Tədbirlərin nəticəsi isə həm nazirliyin, həm də dövlət xidmətinin internet səhifəsində yerləşdirilir. Ümumiyyətlə, istehlakçı hüquqlarının qorunmasında ən vacib amillərdən biri maarifləndirmədir. Bununla bağlı isə nazirlik tədbirlər həyata keçirir. Bundan başqa, İSN-nin 195-2 telefon məlumat mərkəzi daima istehlakçıların xidmətindədir. Eyni zamanda İqtisadiyyat və Sənayə Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 498-15-01/498-15-04 nömrəli telefonları da istehlakçılara xidmət göstərir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
məhsulun baha satılmasının sahibkarların rüşvət verməsi ilə izah edir: “Çox təəssüflər olsun ki, Azərbaycanda bir dəfə qalxan qiymət, bir daha enmir. Süni qiymət artımının yaranması korrupsiya ilə bağlıdır. Yəni satıcılar, istehsalçılar, distrebüterlər rüşvət verirlər, o rüşvəti məhsulun üzərinə əlavə edirlər və son nəticədə o pullar biz istehsalçılardan alınır. Hər gün bizə müraciətlər olur. İstehsalçılar telefon konturlarının üzərində yazılan qiymətdən daha artıq qiymətə satılmasından, “Coco-Cola” məhsullarının və digər bu kimi məhsulların qiymətlərindən artıqlığından, “28 Mall”-da bir təqvimin 20 manata satıldığından şikayətlənirlər. Təəssüflər olsun ki, Azərbaycanda istehlakçılar qazanadıqları pulun 20 faizini iqtisadiyyatdakı korrupsiyanın inkişafına sərf edir. Buna baxmayaraq, biz yenə layihələr edirik. Biznesmenlərlə maarifləndirmə tədbirləri keçirmişik. Demişik ki, ölkə prezidenti və qanunlar sizin arxanızda durub, niyə rüşvət verirsiniz? Məhkəməyə niyə müraciət etmirsiz? Onlar cavab verir ki, biz əminik ki, həmin pulu istehsalçıdan ala biləcəyik. Bu cavab nədən qaynaqlanır? Çünki Azərbaycanda istehlakçı hüquqları zəif qorunur. Bununla bağlı ölkədə qanunlar kompleksi yoxdur. Ona görə də istehsalçılar məhkəmələrə müraciət etmir. Əgər hökumətin effektli istehlakçı siyasəti olarsa, mövcud infilyasiya təxminən 7-8 faiz aşağı düşər”.
İqtisadçı Natiq Cəfərli
isə deyir ki, məsələnin kökündə sağlam rəqabət mühitinin olmaması dayanır: “Əslində, süni qiymət artımı anlayışının bazar iqtisadiyyatında fərqli yozmaları var. Süni qiymət artımı sovet dövründə işlənən terminologiyadır. Əsasən də alverçilərə, piştaxta altından satan ticarət müəssisələrinə şamil olunurdu. Azərbaycanda bu iki fərqli məsələni bir-birindən ayırmaq lazımdır. Birincisi, əgər hər hansı bir ticarət obyekti hər hansı bir məhsul və ya xidmətə qiymət qoyursa, bu, onun xərclərini özündə əsk etdirir. Və onun satdığı məhsula qiymət qoyması özünün səlahiyyəti daxilindədir. Mən bunu süni qiymət hesab etmirəm. Əgər rəqabətli mühit varsa, həmin sahibkar məhsul və xidmətləri çox baha təklif edəcəksə, o, ən azından müəyyən müddətdən sonra müflisləşib bazardan çıxacaq. Yəni normal bazar iqtisadiyyatında proses belə gedir. Amma Azərbaycanda süni adlandıra biləcəyimiz qiymət artımının ən böyük səbəbkarı inhisarçılıq, korrupsiya və məmur iqtisadiyyatının yaradılmasıdır. Azərbaycanda demək olar ki, iqtisadiyyatın bütün sahələri, xüsusən də, idxal, ixrac əməliyyatları inhisara alınıb, iri məmurların yaratdığı və ya onların ailə üzvlərinə məxsus iri şirkətlər tərəfindən tənzimlənir və nəzarət olunur. Əsas problem buradadır. Yaxın qonşumuz Gürcüstanı götürək. Gürcüstanla aramızdakı məsafə 500 km-dir. Amma məsələn, Amerikadan, Avropadan Gürcüstana gətirilən malların qiyməti Bakıda ikiqat, üçqat baha qiymətə satılır. Bu, onunla əlaqədardır ki, Gürcüstanda inhisarçılıq yoxdur. Gürcüstan gömrüyündə korrupsiya yoxdur. Amma Azərbaycanda isə gömrükdə və vergidə ciddi korrupsiya, inhisarçılıq olduğuna, bir mərkəzdən gətirilən mallar paylandığına görə, qiymətlər həddindən artıq yüksəkdir. Bu, Azərbaycanda ən böyük bəladır. Rəqabətli mühitin olmaması bu inhisarçılıqdan istifadə edərək, bəzi qrupların, bəzi insanların külli miqdarda varlanmasına gətirib çıxarır. Buna qarşı mübarizə isə imitasiya xarakteri daşıyır. Demək olar ki, bununla heç bir köklü islahatlar aparılımır. Çünki dediyim kimi, əsas inhisarçı şirkətlər birbaşa iriçaplı məmurlara bağlıdır”.