***
Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri, “Yüksəliş naminə” qəzetinin və “yukselis.info” saytının baş redaktoru Elçin Məmməd haqqında həbs qərarı seçilib.
Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.
Martın 31-də Sumqayıt Şəhər Məhkəməsində prokurorun təqdimatına baxılıb və hüquq müdafiəçisinin barəsində ilkin istintaq dövrü üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. E.Məmmədə qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə ittiham irəli sürülüb.
Ancaq E.Məmməd ittihamı rədd edir. O, cinayət işinin saxta olduğunu, onun həbsi üçün quraşdırıldığını iddia edir.
Yaxınları əlavə edib ki, E.Məmmədin vəkili Fariz Namazlı onun haqqındakı həbs qərarından apelyasiya şikayəti verəcək.
***
Ofisdə axtarış zamanı patronlar və oğurluq qızıl-zinət əşyaları tapıldığı idda olunur
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri, “Yüksəliş naminə” qəzetinin və “yukselis.info” saytının baş redaktoru Elçin Məmməd saxlanılıb. Bu barədə Meydan TV-yə onun ailəsindən məlumat verilib.
E.Məmmədin oğurluqda və qanunsuz silah-sursat saxlamaqda ittiham olunduğu bildirilir. İddia olunur ki, onun rəhbərlik etdiyi təşkilatın (“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi”) ofisində axtarış zamanı patronlar və oğurluq qızıl-zinət əşyaları tapılıb.
Ailə üzvlərinin sözlərinə görə, E.Məmməd tutulandan sonra evinə zəng edərkən ofisdən tapıldığı iddia olunan patron və qızılların ona aidiyyəti olmadığını deyib: “Dedi ki, onu həbs eləmək üçün ora atıb, sonra da götürüblər. Görüntü yaradıblar ki, guya ofisdən çıxıb”.
E.Məmmədin tutulmasını Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da təsdiqləyib.
Hüquq müdafiəçisi özü də həbsdindən iki gün öncə “Facebook” hesabından məlumat paylaşaraq, onun həbsi üçün plan qurulduğunu bildirmişdi. Onun sözlərinə görə, Aysel Mustafazadə adlı qadın çantasından 46 qramlıq (7500 manat dəyərində) qızılların oğurlandığını iddia edir. Buna görə E.Məmmədi günahlandıraraq, ondan polisə şikayət ərizəsi yazıb. E.Məmməd bildirirdi ki, bu, ölkədə fəallara qarşı şərləmə kampaniyasının davamıdır. Onun sözlərinə görə, martın 14-də adıçəkilən qadın ona hüquqi yardım üçün müraciət edib, bir dəfə bununla əlaqədar görüşüb söhbətləşiblər: “Üzünü bir dəfə gördüyüm bu qadın indi iddia edir ki, guya çantasından qızıllarını oğurlamışam. Deməli, məqsədli şəkildə göndəriblərmiş ki, sonradan şərləmək üçün əsas yaratsınlar”.
A.Mustafazadə bir neçə ay əvvəl “criminalaz.org” saytının rəhbəri Anar Məmmədovdan da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdi.