Sülhəddin Əkbər: Parlamentin yeni tərkibi əsasən rusiyayönümlü adamlardan formalaşıb

“Bu baxımdan Milli Məclisin daha çox hansısa xarici qüvvələrə bağlılığını yox, sırf hakimiyyətin şəxsi maraqlarına xidmət etdiyini qiymətləndirmək daha doğru olardı”.

Source: Meydan TV


Nəsimi Məmmədli: “Hakimiyyətin siyasi istiqamət baxımından Rusiya meylli olması heç kəsə sirr deyil”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Milli Məclisin yeni tərkibinin əsasən rusiyayönümlü adamlardan formalaşdırıldığını hesab edir.

Bu barədə Meydan TV-yə danışan Sülhəddin Əkbər bildirib ki, İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra Rusiyanın Azərbaycana təsiri artan xətlə yüksəlib. “Xüsusən 2017-ci ildə, Mehriban Əliyevanın I vitse-prezident təyin edilməsindən sonra proses pik həddinə çatıb. 9 fevral növbədənkənar parlament seçkilərində isə Rusiyanın təsiri daha da artıb. Moskva namizədlərin müəyyən olunmasından başlamış nəticələrinə qədər təsir edib. Bu təsir özünü hökumətdə və Prezident Administrasiyasının yeni tərkibində də göstərib”.

Sülhəddin Əkbər fikirlərini arqumentləşdirmək üçün təyin edilən kadları, seçkilərdə qalib olunan insanları tanıdığını deyib. Onun fikrincə, rusiyayönümlü kadrların Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə və biznes dairələrində mövqelərinin güclənməsi ilə Azərbaycanda rusdillilərin və rus mədəniyyət sferası genişlənib. Bununla belə, Sülhəddin Əkbər Milli Məclisə o qədər də önəm verməyə lüzum görmür:

“Azərbaycanda qanunverici orqanın ciddi səlahiyyəti yoxdur. Parlament birbaşa icra hakimiyyətindən asılıdır. Deputatın 3 əsas funksiyası var: təmsilçilik, qanunvericilik təşəbbüsü və nəzarət. Hansı deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etdiyini xatırlayırsınız? Yaxud Milli Məclisdə xalqın milli problemi qaldırılıbmı? Səbəb onların xalq tərəfindən seçilməməsi, icra hakimiyyət tərəfindən təyin edilməsidir. Ona görə də deputatlar xalqı yox, onlara mandat verən hakimiyyəti təmsil edirlər. Bununla da hakimiyyətin mənbəyi Azərbaycan xalqı deyilsə, Milli Məclis xalqın iradəsini ifadə etməyəcək”.


“Bakı küçələri sovet dövrünü xatırladır”

O hesab edir ki, bu baxımdan diqqəti daha çox Prezident Administrasiyasına, hökumətə, yerli icra strukturlarına, biznes, bank sektoruna yönəltmək lazımdır. Sülhəddin Əkbər deyir ki, hətta parakəndə satışa qədər Rusiyanın “5-ci kalonu”nun təsiri açıq şəkildə sezilir.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

“Bakı küçələri artıq sovet dövrünü xatırladır. Mənim yaşadığım ərazidə öz dilindən çox rusca danışanların sayı artır. Çox təəssüf ki, cəmiyyət buna reaksiya vermir. Biznes dairələrində işə düzəlmək istəyənlərdən onun rus dilini bilib-bilməmələrini soruşurlar. Bu isə insanları övladlarını rus dilində təhsil almağa yönəldir. Rəsmi şəxslər fəxrlə hər il orta təhsil müəssisələrində rus dilində təhsil alanların sayının artdığını deyirlər. Hətta bizim qohumlar arasında bu tendensiya başlanıb, sual edəndə uşaqlarının gələcəklərini düşündüklərini gizlətmirlər. Dil çox həssas milli məsələdir və təhlükəli tendensiyadır. Sovet İttifaqı kimi imperiyanı dağıdan milli məsələdir. Hökumət bu təhlükəli oyundan çəkinməsə, ona baha başa gələcək”.

Partiya sədri xatırladıb ki, bir insan hansı dildə danışırsa, o dildə də düşünür və davranır, bunlar bir-bir ilə sıx bağlıdır.

“Əgər övladlarımız rus dilində təhsil alırsa, dünyagörüşü də o dildə formalaşacaq, bizə yad kimi baxacaqlar. Bu münasibəti sovet dövründə görürdük. Rusdilli qruplar yaranacaq və türkdilli qruplara fərqli yanaşacaqlar”.


“Milli Məclisin 1995-ci ildən formalaşan bütün heyətlərində ağırlıq Rusiya yönündə olub”

Siyasi icmalçı Nəsimi Məmmədli parlamentin yeni tərkibini mürəkkəb və ziddiyyətli kimi qiymətləndirib:

“Özünün buraxılmasına səs verən deputatların 78 nəfəri yenidən qanunverici orqanda təmsil olunur. Eyni zamanda, 43 yeni deputatın yalnız 9 nəfəri haqqında məlumat tapmaq olur. 32 deputat barədə ciddi məlumat yoxdur. Hakimiyyətin özü siyasi istiqamət baxımından Rusiya meyllidir və şimal dövlətə yaxın insanların hakimiyyət strukturunda təmsilçiliyi heç kəsə sirr deyil. Milli Məclisin 1995-ci ildən formalaşan bütün heyətlərində ağırlıq Rusiya yönündə olub. Yəni Qərb siyasi xəttinə üstünlük verən, onu Azərbaycanın maraqlarına məqbul görən Milli Məclis olmayıb”.

Copy of Untitled Design (2).png
Nəsimi Məmmədli

Nəsimi Məmmədlinin sözlərinə görə, yeni formalaşan parlamentin tərkibi göstərdi ki, Milli Məclisin buraxılması ilə bağlı gətirilən arqumentlərin heç biri özünü doğrultmadı. Söhbət islahatlara dəstəkdən gedirsə, çoxluq yerində qalıb:

“Ona görə onları rusiyayönümlü olmasını incələsək, əvvəlkin tərkibin 79 faizi yenidən seçilib və bu, böyük rəqəmdir. Bu baxımdan Milli Məclisin daha çox hansısa xarici qüvvələrə bağlılığını yox, sırf hakimiyyətin şəxsi maraqlarına xidmət etdiyini qiymətləndirmək daha doğru olardı”.

Martın 5-də Konstitusiya Məhkəməsi 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdən sonra 4 dairənin, 328 məntəqənin nəticələri ləğv olunub.

2019-cu il dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.

Ana səhifəSiyasətSülhəddin Əkbər: Parlamentin yeni tərkibi əsasən rusiyayönümlü adamlardan formalaşıb