Qərb rəsmiləri prosesin yekunlaşmasını alqışlayıblar.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi layihəsinin yekunlaşmasını “mühüm mərhələ” kimi qiymətləndirib.
Mirzoyan bu barədə martın 14-də Ermənistan parlamentinin komitə iclasında danışıb.
O bildirib ki, sənəd layihəsinin yekun mətnində hər iki ölkə arasında əlaqələrin normallaşması ilə bağlı müzakirələrin davamı üçün mexanizmlər nəzərdə tutulub:
“Ümumiyyətlə, tarixdən bilirik ki, heç bir sülh müqaviləsi bütün mümkün suallara bir anda cavab verə, sehrli çubuqla iki ölkəni və ya xalqı dərhal barışdıra bilməz. Təbii ki, çox həssas məsələlər də daxil, daha sonra müzakirə və həll edilməli məsələlər var”.
Mirzoyanın sözlərinə görə, razılaşdırılmış mətndə qaçqınların qaytarılması və “dəhliz”lə bağlı heç bir müddəa yoxdur.
Rəsmi Bakı daha əvvəl Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan quru yolun – Ermənistanın Sünik bölgəsindən keçməli olan “Zəngəzur dəhlizi”nin açılmasını tələb edib.

Rəsmi Yerevan “dəhliz” termininə qarşı çıxır, təkidlə bildirir ki, hər iki ölkə öz ərazilərindən keçən nəqliyyat xətləri üzərində yurisdiksiyanı saxlamalıdır.
Nazir Mirzoyan bildirib ki, sülh sazişinin mətnində hər hansı birtərəfli şərtlər və ya iki ölkənin konstitusiyaları ilə bağlı bənd yoxdur.
Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın konstitusiyasında bu ölkəyə qarşı ərazi iddiası var. Buna görə də konstitusiya dəyişdirilməlidir.
Mirzoyan sülh sazişi imzalanarsa, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının taleyinə də toxunub. Bildirib ki, Yerevan Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyasından sonra Monitorinq Missiyası ilə əməkdaşlığa dair “məqbul və qarşılıqlı faydalı” həll yolunu Brüssel ilə müzakirə edəcək.
Martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşdığını deyib.
Ermənistanın Xarici İşlər Nazirliyi də elə həmin gün məlumat yayaraq Bayramovun dediklərini təsdiqləyib.
Bu gün, martın 14-də Avropa Şurasının Baş katibi Alen Berset bəyanat yayaraq Ermənistan və Azərbaycanın sülh sazişi üzrə danışıqları başa çatdırmasını alqışlayıb.
Bersetin bəyanatında deyilir ki, 2001-ci ildə Avropa Şurasına üzv olmaqla hər iki ölkə sülhməramlı əməkdaşlığa dair öhdəlik götürüblər. Saziş də hər iki üzv dövlətin bu potensialı reallaşdırmaq, regionda sabit və davamlı sülh yaratmaq istəyini nümayiş etdirir.
“Avropa Şurasının nizamnaməsinə uyğun olaraq, mehriban qonşuluq münasibətləri ruhunda və hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə bu sürəti saxlamaq və bu prosesin problemsiz başa çatmasını təmin etmək indi çox vacibdir”.
“Avropa Şurası Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına tam dəstək verir. Hər iki üzv dövlətə, xüsusən də insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə tam hörmətin təmin edilməsi məqsədilə dəstək, yardım göstərməyə davam edəcək”, – bəyanatda deyilir.
ABŞ administrasiyası da Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başa çatmasını alqışlayır. Eyni zamanda Yerevanla Bakını sənədi mümkün qədər tez imzalamağa çağırır.

Bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
“Bu saziş iki ölkəyə “səhifəni çevirməyə” və bununla da bir neçə onilliklərdir davam edən münaqişəyə son qoymağa imkan verəcək. Sülh öhdəliyini götürmək, müqaviləni imzalamaq və Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmağın vaxtıdır”, – Rubio bildirib.
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın “Sülh və dövlətlərarası münasibətlərin qurulması” haqqında saziş layihəsini tamamlanması xəbərinə münasibət bildirib.
“Biz hər iki tərəfi son bir neçə ildə bu istiqamətdə həm ikitərəfli, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə apardıqları əzmkar işlərə görə alqışlayırıq. Aİ Ermənistanın mətnin yekunlaşmasına yol açmasını təqdir edir”, – (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatında bildirilir.

K.Kallas həmin xəbəri regionda davamlı sülh və təhlükəsizliyə doğru atılan “həlledici addım” kimi xarakterizə edib:
“Hər iki tərəfin eyni perspektivli və kompromis yönümlü yanaşma ilə bu prosesin problemsiz başa çatmasını təmin etməsi vacibdir”.
O, Aİ-nin iki ölkə arasında normallaşma prosesini tam müdafiə etdiyi və tərəflərin istəyi olarsa, əlavə dəstək və mütəxəssis yardımı göstərməyə hazır olduğunu vurğulayıb.
Almaniyanın xarici işlər naziri Annalena Berbok da məsələyə reaksiya verib:

“Ermənistan və Azərbaycanın sülh sazişi üzərində razılığa gəlməsi xəbəri ümid üçün əsas yaradır. Onilliklər boyu davam edən düşmənçilik və müharibədən sonra davamlı sülhün əlçatan olması region və onun hüdudlarından kənarda mühüm əhəmiyyət kəsb edir. Uzun müzakirələrdən sonra Ermənistanın cəsarətli güzəştləri bu yolun son addımını mümkün edib – biz hər iki ölkəni bu yolda müşayiət etmişik. Hər iki tərəfi indi sülh sazişini imzalamağa çağırıram”.

Fransa Prezidenti Emmanuel Makron isə özünün “X” səhifəsində bildirib ki, danışıqların yekunlaşmasını alqışlayır:
“Mən Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşmasının elan edilməsini alqışlayıram. İndi Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına heç bir maneə qalmayıb və bu, Cənubi Qafqazda davamlı sülhün yolunu açmalıdır”.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Tərəflər 2024-cü ildə sülh müqaviləsi bağlamaq niyyətlərini bəyan ediblər. Ötən ilin sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Yeravanın bu məqsədlə Konstitusiyanı dəyişdirməyə hazır olduqlarını deyib.