Zərdüşt Əlizadə
Konstitusiyanın dəyişməməsi nəyə səbəb ola bilər?
2020-ci ildən əvvəl Ermənistan ağına-bozuna baxmadan Azərbaycana mız qoyurdu, tələb edirdi ki, onların qanunsuz işğalını tanıyaq. İndi Azərbaycan heyfini alır, ağına-bozuna baxmadan Ermənistana mız qoyur. Mız deyəndə, Azərbaycanın Ermənistandan öz Konstitusiyasını dəyişdirmək tələbini nəzərdə tuturam.
Ermənilər onsuz da qanunsuz qapazladıqları Qarabağın onların əlindən alındığına görə çox incik idilər. Həm Rusiyadan incik idilər ki, niyə onlara axıracan həyan olmadı, Türkiyədən incik idilər ki, niyə biz onlara yüz dəfə sataşanda dözdü, yüz birinci dəfə sataşanda dözməyib Azərbaycana qahmar çıxdı, Azərbaycandan incik idilər ki, niyə bizim ümidimizi qırıb nəhayət ki, gəlib malına-torpağına yiyə çıxdı.
Ermənilər belə incik-pərişan halda dünyanın zülmünə asi olduqları bir anda Azərbaycan tələb qoydu ki, bəs, gərək Konstitusiyanızı dəyişəsiniz, orada siz Qarabağı Ermənistana birləşdirib “tarixi ədaləti bərpa etdiyinizi” dünyaya bildirmisiniz.
Böylə ədalətsizlikdən ermənilər elə hiddətləndilər ki, nəfəsləri az qala kəsildi. Ey Azərbaycan, bizim qədim tarixi Artsaxı əlimizdən almağınız bəs deyilmiş, indi də bizim dəruni daxili işlərimizə qarışıb bizim Konstitusiyamızın dəyişdirilməsini tələb edirsiniz! Həddinizi bilin! Bizim Konstitusiyanın sizə nə dəxli var? Gedin heç kəsin məhəl qoymadığı öz Konstitusiyanızın dərdini çəkin!
Hirslənməyə hirsləndilər, amma sonra bir az fikirləşib gördülər ki, türk olanda nə olar, bunların da özlərinə görə məntiqləri var. Müstəqillik Bəyannaməsində, hansına ki, Konstitusiyada istinad edilir, Qarabağla Ermənistanın bütövləşməsi açıq-aydın yazılıb. Lap elə bil Bütöv Azərbaycan partisinin məramnaməsindən köçürülüb, və ya Bütöv Azərbaycan partisinin banisi bu cümləni öz məramnaməsinə Ermənistan Konstitusiyasından köçürüb.
Erməni əhalisinin əksəriyyəti hədsiz incik düşdü, Nikola dedilər ki, “dəyişmə!” Nikola bir him bəsdir, başladı məsələni acı bağırsaq kimi uzatmağa. Təxminən bir il özünü elə apardı ki, sanki söz anlamır. Bir ildən sonra göstərdi ki, nəhayət anlayıb, məsələni göndərdi Ermənistanın Konstitusiya Məhkəməsinə, onlar da bir dənə gözəl qərar çıxardılar. Yazdılar ki, Müstəqillik Bəyannaməsi keçmişdə qəbul edilmiş sənəddir, artıq tarixə çevrilib və onun dəyişdirilməsi mümkün deyil. Qaldı Ermənistan Konstitusiyasının müqəddimə hissəsində bu Bəyannaməyə istinada, bu istinad müqəddimədə yerləşdiyindən və Konstitusiyanın digər heç bir yerində xatırlanmadığından onun hüquqi əhəmiyyəti yoxdur və buna görə bu əhəmiyyətsiz istinada görə o boyda Konstitusuyanı dəyişməyə dəyməz.
Anladınız? Mən “Tarixi-Nadir”dən savayı çox kitab oxumuşam, fəqət heç nə anlamadım. Eynilə erməni əhalisi, yanlarında azərbaycanlılar, heç kim heç nə anlamadı. Lakin Nikol sevincək dedi ki, məsələ həllini tapıb, Konstitusiyanı dəyişdirmək lazım deyil, haydı sülh müqaviləsini bağlayaq. Oradan da bir neçə amerikan hüquqşünası səsini çıxarıb dedi ki, çox müdrik qərardır və mütərəqqi Qərbin hüquqi meyarlarına tam cavab verir.
Hamı qaldı mat-məəttəl. Tək İlham müəllimdən savayı. Tək Müzəffər Ali Baş Komandan dedi ki, keçəl suya getməz, dediyimiz dedikdir, Konstitusiyanızı dəyişməsəniz, sülh müqaviləsi olmaycaq. Sülh müqaviləsi olmasa, Türkiyə sərhədlərini açmayacaq, sərhədlər açılmasa, Ermənistanın Avropaya inteqrasiyası baş tutmayacaq, Avropaya inteqrasiya baş tutmasa, yeni hami ümidi boşa çıxacaq, o da boşa çıxsa, daha bu dünyada yaşamağın nə ləzzəti? Növbəti haminin forpostu olmaq fürsəti əldən çıxacaqsa, gedib yıxılıb ölmək bundan yaxşıdır…
O biri yandan vəzifəsi ilə sağollaşmaqda olan Prezident Bayden şanlı məktub yazıb saqqal tərpədir ki, sülh müqaviləsini sürətləndirin. Bu biri yandan Prezident Putin deyir ki, biz də varıq. İran var, Turan var, Fransa var, hətta, ayıb olmasın, Kaledoniya var. Tək bir, dərindən fikirləşsək, Azərbaycan əhalisi yoxdur. Onun rəyini soruşan yoxdur.
Soruşsalar deyər ki, sülh həqiqətən lazımdır, amma gərək əvvəl Ermənistan Konstitusiyasını dəyişdirsin.
Əslində isə hətta Ermənistan Konstitusiyası dəyşdirilmədən də sülh müqaviləsi bağlayıb bu zəhlətökən münaqişəyə xitam vermək lazımdır. Kim desə ki, Konstitusiya dəyişdirilmədən sülh bağlansa, sabah Ermənistanda hakimiyyətə gələ biləcək qisasçı qüvvələr Azərbaycana qarşı yenə ərazi iddiaları qaldıra biləcək, deməli, ətrafındakıları cahil sayır.
Başınıza dönüm, nə vaxtdan kağız üzərində mürəkkəblə yazılıb imzalanan sənədlər münaqişə və müharibələrin qarşısını alıb, qisasçılara ərazi iddiaları qaldırmağa mane olub?
1938-ci ildə Britaniyanın baş naziri Nevil Çemberlen Münhendən Londona qayıdanda əlindəki sənədi havada yelləyib xalqına müjdə verdi ki, “mən sizə sülh gətirmişəm”. 1939-cu ildə Britaniya İkinci Dünya Müharibəsinə sürükləndi və Almaniya Londonu bombalamağa başladı.
1939-cu ilin avqustunda SSRİ və faşist Almaniyası qarşılıqlı “Hücum etməmək” barədə müqavilə imzaladılar. İçi “atamız-sərkərdəmiz” Stalin olmaqla hamı bu diplomatik uğura sevinirdi. 1941-ci ildə Almaniya SSRİ-yə hücum etdi.
1994-cü ildə böyük dövlətlər Ukraynanı dilə tutub onun ərazisində sovetdən qalmış nüvə silahını Rusiyaya təslim etdirdilər. Əvəzində Rusiya, ABŞ və Britaniya öhdəlik götürdülər ki, Ukraynanın süverenliyinə və ərazi bütövlüyünə zamin duracaqlar. İndi Rusiya Ukraynaya hücum edib və həyasızcasına tələb edir ki, Ukrayna rus işğalının qanuniliyini tanısın. Zamin ABŞ və Britaniya silah-sursatı Ukraynaya çay qaşığı ilə verir və sakitcə xalqın igidlərinin qırılmasına, ölkənin viranə qalmasına tamaşa edir.
Odur ki, gerçək siyasətdə kimin konstitusiyasında nə yazılmasının heç bir əhəmiyyəti yoxdur. Gücün və qüdrətin əhəmiyyəti var. Azərbaycan zəhmət çəkib daima güclü və qüdrətli olsa, heç bir erməni qisasçı qüvvələri qələt edib üstümüzə ayaq aça bilməz. Yox, biz birinci müharibə dövründəki kimi zəif və ağılsız olsaq, heç bir sülh müqaviləsi və konstitusiya mətninin dəyişdirilməsi erməni qisasçılarını ərazi iddiasından çəkindirə bilməz.
Bunu mən bilirəm və deyirəm, hakimiyyətdə olanlar bunu məndən min qat yaxşı bilirlər. Yaxşı, əgər bilirlərsə, dəxi aramsız siyasi möhtəkirliyə son qoyub nə üçün münaqişəyə bir dənə gözəl-göyçək sülh müqaviləsi ilə son qoymurlar?
Yaxşı sualdır, deyilmi?
Səbəb çox sadədir. Bu sülh müqaviləsi hakimiyyətə heç lazım deyil. Qarabağ qayıdıb, ermənilər köçüb gedib, sərhədlər bala-bala müəyyənləşir, Zəngəzur yolu olmaya-olmaya Naxçıvanla əla əlaqə var, köçkünlər tədricən qayıdır, tikinti gedir, Azərbaycan xalqının bütün diqqəti yönəlib Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinə.
Belə olan halda Azərbaycan Konstitusiyasında yerli əhali üçün yazılmış hüquqların vəziyyətindən, iqtisadi azadlıqlardan, xalq malının talanından, səmərəsiz idarəçilikdən, sifarişli məhkəmələrdən və millətin mübhəm gələcəyindən düşünüb danışmaq sadəcə maraqsız və mənasızdır.
Dünyanın bütün üskük oynadanları Yer kürəsi teatrının səhnəsinin önündədirlər. Tamaşa zalını doldurmuş avam bəşəriyyət bu bəsit tamaşadan heç cür doymaq bilmir.