Stomatoloqlar TƏBİB qarşısında ixtisarlara etiraz ediblər

Bu gün, yanvarın 7-də Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqlar Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər.

Onlar aksiya keçirmələrinə səbəb ixtisarların olmasını bildiriblər.

Aksiya iştirakçıları baş verənlərə görə TƏBİB rəhbərliyini günahlandırıblar.

Onlar bildiriblər ki, rayonlarda stomatoloqlara ehtiyac daha böyükdür. Onların sözlərinə görə, 100-150 mindən çox əhalisi olan rayonlarda hər xəstəxanada yalnız üç stomatoloq ştatı saxlanıb.

“Zaqatala rayonundan gəlmişəm. Zaqatala endemik zonadır. 130 min əhalisi var. Rayonda 22 təhsilli həkim var. 19 həkimi ixtisar edib, cəmi 3 həkim saxlayıblar. 130 min əhaliyə 3 həkimin xidmət etməsi nə dərəcədə düzgündür? 34 ildir fəaliyyət göstərən həkimi ixtisar etmək nə dərəcədə doğrudur? Deyirlər ki, imtiyazlı həkimlər var. Özüm şəkər xəstəsiyəm, bəs niyə ilk növbədə məni ixtisar edirlər? Aramızda ürək xəstəsi olan, körpəsi olan var. Hamısını ixtisar ediblər. Niyə insanlar özəl klinikaya getməyə məcbur qalmalıdır?”, – stomatoloq Ülkər Qazıyeva bildirib.

Ülkər Qazıyeva TƏBİB rəhbərliyinin onların suallarını cavablandırmadığını qeyd edib. O, artıq üçüncü dəfədir TƏBİB-in binasına gəldiklərini əlavə edib.

“184 min əhalisi olan Xaçmazda 27 stomatoloq var. Hər 3-4 min nəfərə xidmət göstərəcək 1 stomatoloq lazımdır. Onları da ixtisar edirlər. Bizi maliyyələşdirmirlər, bütün materialların, hətta assistentin ödənişini özümüz edirik. Bundan əlavə, aylıq 1200-1800 manat ödəniş istəyirlər. Verdikləri maaş da 531 manatdır. Onsuz da Azərbaycanda həkim çatışmazlığı var. Bu ixtisarların əsası nədir? Heç bir sualımız cavablandırılmır. Regionlar üzrə 1140 nəfər həkimi ixtisar etmək istəyirlər”, – stomatoloq Aydın Rəşidov deyib.

TƏBİB-dən bildirilib ki, “Stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir.

Qurum qeyd edib ki, stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir.

Vurğulanıb ki, bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib:

“Eyni zamanda, bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərib ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir”.

Ana səhifəSosialStomatoloqlar TƏBİB qarşısında ixtisarlara etiraz ediblər