Seçki mənzərəsi: Adını seçki siyahısında tapmayanlar, iki yerdə qeydiyyata alınanlar, ölsələr də sağ görünənlər…
Növbədənkənar keçirilən prezident seçkiləri artıq baş tutdu. Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin rəyə görə, İlham Əliyev 92,05 faiz səslə hakimiyyətinin növbəti 10 ilinə qədəm qoydu.
Fevralın 7-də keçirilən seçkilər zamanı, həmçinin ondan əvvəl bir çox şəxs seçki siyahısında adını tapa bilmədiyini dedi. Hətta jurnalistlərin çəkiliş apardığı məntəqələrin çoxunda adlarını siyahıya yazdıraraq səs verən vətəndaşların olduğu diqqət çəkdi. Halbuki, Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsi onu deyib gələnləri ilk anda bu istəklə qarşılayır: “Adınızı seçki siyahısında axtarın”.
Axtarılan adlar isə seçki siyahısında hər zaman tapılmır.
Daha çox seçkilər öncəsi yada düşən seçici siyahılarının necə yenilənməsi və aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı məsələlər uzun müddət diqqətdən kənarda qalır. Məsələn, adı iki dəfə ayrı-ayrı məntəqələrdə qeyd olunan seçicilər və ya vaxtilə adı olub artıq olmayan, ya da qeydiyyat ünvanı olmadan adları seçki siyahılarına salınanlar, bu proses necə baş verir?
“Bacımın və mənim adımı seçici siyahısında tapmadıq. Məsələni sosial şəbəkədə ictimailəşdirdikdən sonra Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildirdilər ki, adımızı siyahıya sala bilərlər”, – jurnalist Ülviyyə Şahin belə deyir.
Onun sözlərinə görə, şəxsiyyətlərini təsdiq edən sənəddə olan soyadları ilə özlərini axtardıqda adlarını tapa bilməyiblər, keçmiş soyadları ilə adlarını axtardıqda seçici siyahısında olduqları bəlli olub. Baxmayaraq ki, şəxsiyyətlərini təsdiq edən sənəddə yeni soyadları əksini tapıb. Yeni soyadla qeydiyyata alınan sənədini isə Ü.Şahin 2019-cu ildə alıb.
Bəs MSK seçici siyahılarını periodik olaraq yeniləyirmi?
Dövlət Statistika Komitəsinin 2023-cü il üzrə açıqladığı məlumata görə, Azərbaycanda 0-17 yaş qrupunda olan uşaqların sayı 2 668 300 nəfərdir. Ümumi əhalinin sayı isə 10 127 100 nəfərdir. Bu halda 18-i artıq seçici hüququnun əldə olunduğu yaş olaraq götürdükdə seçicilərin sayı 7 458 800 nəfər civarında olur. MSK-nın saytında seçicilərin ümumi sayı isə 6 334 178 (30 may 2023) nəfər olaraq qeyd olunub. Fərq 1 124 622 nəfər edir.
Seçicilərin tam sayı ilə bağlı növbəti rəqəmi MSK-nın sədri Məzahir Pənahov səsləndirib. Onun sözlərinə görə, hazırda seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Bu halda isə yaşı 18-ə çatan seçicilərlə seçici siyahısında adı olan seçicilər arasındakı fərq – 980 177 nəfər edir.
Həm Süleymanlı, həm də Süleymanov olaraq adı iki dəfə seçici siyahısında qeyd olunan Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı deyir ki, seçici siyahıları ilə bağlı ciddi problemlər hələ də qalmaqdadır:
“Çünki siyahılar MSK-nın dediyi kimi dəqiq yoxlanılmır. Çox az sayda evlərə gedib seçiciləri dəqiqləşdirirlər. Digər hallarda Mənzil İstismar İdarələrindən əhalinin hazır siyahısı götürülür. Buna görə də bəzi hallarda seçicinin adı bir neçə məntəqəyə düşə bilər”.
Belə ki, o, Süleymanlı soyadı ilə Yevlax rayonu 52 saylı Seçki Dairəsinin 36 saylı məntəqəsində, Süleymanov soyadı ilə isə eyni dairənin 34 saylı məntəqəsində qeydiyyatdadır.
Bununla əlaqədar MSK-ya ünvanlanan jurnalist sorğusunu komissiyanın üzvü İlkin Şahbazov cavablandırıb. O bildirib ki, seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. Daimi seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Müvəqqəti seçici siyahılarına isə konsulluqların və ya diplomatik nümayəndəliklərin, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.
İctimai aktivist Vəfa Nağı deyir ki, Neftçala Rayon Bələdiyyəsindən seçici siyahıları ilə bağlı məlumat aldıqda bu siyahını onların yox, kənd sovetliyinin götürdüyü bildirilib:
“Ordan isə bildirdilər ki, siyahını məntəqə seçki komissiyası hazırlayır. 43 saylı məntəqə sədri Vüqar Əliyevlə danışdım. O bildirdi ki, seçki siyahılarını 1 ay əvvəldən hazırlayıb Neftçaladakı seçki dairəsinə göndərib. Əgər sistem hər yerdə bu cür işləyirsə, o zaman mənim 2000-ci il təvəllüdlü bacım qızının da adı siyahıda olmalı idi, ancaq yoxdur”.
Bəşir Süleymanlı isə bildirir ki, seçici hərbi xidmətə də gedəndə adı həmin məntəqədəki seçicilərin siyahısından çıxarılmalıdır:
“Ancaq bəzi hallarda çıxarılmır. Xaricə oxumağa, işləməyə gedənlərin də adları orada olur, amma hamısının yox. Buna görə də sms alırlar, əlbəttə, bu pozuntudur. Hər il may ayının 31-nə kimi siyahılar dəqiqləşdirilməlidir. Təəssüf ki bu, qanunauyğun qaydada aparılmır”.
Seçkilərin Monitorinqi Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin sözlərinə görə, hazırda əsas müzakirə mövzusu Dövlət Statistika Komitəsi ilə MSK-nın təqdim etdiyi siyahılardakı uyğunsuzluqdur. Belə ki, 18 yaşdan yuxarı vətəndaşların sayı ilə seçicilərin sayı üst-üstə düşmür:
“Bu uyğunsuzluğu belə izah edirlər ki, ölkədən gediş var, yəni miqrasiya var. Ona görə adları seçici siyahılarına düşməyib. Amma son illər MSK dislokasiyalarla bağlı bəzi dəyişikliklər edib. Əsasən son bir ildə yeni dairələr yaradılıb, bəzi dairələrin əraziləri başqasına birləşdirilib. Məsələn, əvvəllər Naxçıvanda 7 dairə var idi, indi 6 dairəyə düşüb. Bunu da miqrasiya ilə əlaqələndirirlər, Naxçıvanda əhali köçünün olduğunu deyirlər”.
SMDT-nin illərdir Statistika Komitəsi ilə MSK-nın açıqladığı rəqəmlər arasında uyğunsuzluğu açıqladığını bildirən A.Məmmədli diqqəti daha çox buna yönəltməyi təklif edir:
“Qanuna görə, ölkədə 18 yaşına çatmış hər kəsin səs vermək hüququ var. Bu yandan da Dövlət Statistika Komitəsi deyir ki, məsələn, 6 milyon yarım 18 yaşı tamam olmuş vətəndaş var. MSK isə deyir ki, 5 milyon seçici var. Sual olunur ki, bu, 1 milyon yarım uyğunsuzluq hardandır?”.
A.Məmmədli bildirir ki, ötən ilin sentyabrda Statistika Komitəsi ölkədə 7 milyon 200 min 18 yaşı tamam olmuş vətəndaş olduğunu açıqlayıb: “Avtomatik fikirləşirsiniz ki, bu, 7 milyondan artıq seçici deməkdir. Amma MSK-nın açıqladığı son rəqəmə görə 6 milyondan bir qədər artıq seçici var. Təxminən 1 milyondan artıq uyğunsuzluq var. Bu, istər-istəməz düşündürür”.
“Qaldı ki MSK-nın siyahısında ötən seçki ilə indiki arasında artımın olmasına, Statistika Komitəsinin açıqladığı rəqəmi kənara qoysaq, düşünərik ki, ölkədə hər il 18 yaşı tamam olan şəxslər var, artım var. Ona görə də ötən seçkilərdə 5 milyon seçici var idi, indi isə 6 milyon olub və 1 milyona yaxın artım var. Bunu təbii rəqəm kimi qəbul eləmək olar, amma bu artım hansı mənbələr hesabına olub, bunu dəqiqləşdirməkdə MSK bir az çətinlik çəkir. Və yaxud da informasiyası azdır”, – deyən ekspert vurğulayır ki, məsələdə informasiya qıtlığı daha çox hiss olunur:
“Yəni bu, 18 yaşı tamamlanmış şəxslərin hesabınadır, buna oturub baxmaq lazımdır. Həqiqətən o miqrasiya məsələsidir ki, xaricdə yaşayan azərbaycanlılar ölkəyə qayıdıblar? Doğrudanmı o rəqəmin hesabınadır? Bunu müəyyən etmək çətindir. MSK deyir, amma bunu əsaslandıran digər statisitik məlumatlar yoxdur. Misal üçün 3 il ərzində ölkəyə nə qədər vətəndaş qayıdıb? 3 il ərzində nə qədər insan səsvermə hüququna malik olub? Bunları bilnməkdə biz çətinlik çəkirik, çünki informasiya yoxdur”.
Dövlət Statistika Komitəsinin miqrasiya ilə bağlı açıqladığı məlumata görə, 2022-ci ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2 900 nəfər olub. Həmin il üzrə ölkədən daimi yaşamaq üçün gedənlərin sayı isə 1 100 nəfərdir.
Seçki siyahıları necə hazırlanır və onun yenilənməsindən kimlər məsuliyyət daşıyır?
“Seçicilərin siyahılarının dəqiqləşdirilməsi qanuna görə ildə bir dəfə aparılmalıdır, mən sizə deyim ki, bunu seçki komissiyaları çox yarıtmaz şəkildə aparırlar. Yəni məntəqə seçki komissiyaları getməlidir, bütün məntəqələri gəzməlidir, öz məntəqələri ərazisində əhalini yoxlamalıdır sonra DSK-ya, o da MSK-ya verməlidir”, – deyən A.Məmmədli bildirdi ki, bu qaydaya hər zaman əməl olunmur.
2016-cı ildə ailə üzvlərinin heç birinə çağırış vərəqəsi gəlmədiyi üçün qalmaqal saldığını deyən hüquqşünas Jalə Bayramovanın sözlərinə görə, bu hadisədən sonra 17 yaşlı qardaşının da adı seçici siyahısına salınmışdı:
“Yenə yoxladım, ailə üzvlərimin hamısının adı siyahıda var. Mən hazırda 3 il olacaq ki, Azərbaycanda deyiləm, ancaq adım yenə də siyahıdadır”.
MSK-nın jurnalist sorğusuna cavabında qeyd olunur ki, Seçki Məcəlləsinin 47.2-ci maddəsinin tələbinə görə vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsində belə bir hal var:
“Həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür”.
Seçki dairəsi üzrə ilkin seçici siyahılarının hər il martın 5-dən gec olmayaraq iki nüsxədə tərtib edildiyi bildirilən cavabda o da vurğulanır ki, bu nüsxələr dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır:
“Seçki komissiyasının möhürü ilə təsdiq edilir və hər il aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Mərkəzi Seçki Komissiyası seçici siyahılarında uyğunsuzluqlar tapdıqda, onlar düzəldilir və sonradan mayın 25-dək məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilir”.
“Bunu eləmirlər. Daxili İşlər Nazirliyinin və ya yerli icra hakimiyyətindəki, bələdiyyədəki siyahıları götürüb, bildirirlər ki, seçici bu qədərdir. Amma düşüb qapı-qapı gəzmirlər, yoxlamırlar. Düzdür, bu, özü də bir resursdur. Seçki komissiyaları şikayət edə bilər ki, bizim vaxtımız yoxdur, amma qanun belə müəyyən edib. Bu, ildə bir dəfə yoxlanılmalıdır. Proses fevralda başlayıb mayın 31-də başa çatmalıdır”, – A.Məmmədli deyir.
Müşahidələrinin əldə olan siyahının seçici siyahısına əlavə edildiyini bildirən Anar Məmmədli söyləyir ki, bu halda yenidən yoxlama aparılmır.
Evimdə tanımadığım şəxslər qeydiyyatdadır
Sosial şəbəklərdə müxtəlif şəxslər evinə qeydiyyatda olan tanımadığı insanlarla bağlı hüquqi məsləhətlər istəyirlər. Həmin müraciətlərdən birində sosial şəbəkə istifadəçisi Pərviz Qurbanov yazır ki, 2016-cı ildə aldığı evdə heç tanımadığı insanlar qeydiyyatdadır.
MSK-nın bununla bağlı cavabı isə belə oldu ki, seçici siyahıları 2 nüsxədə tərtib edilir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar siyahıda əlifba qaydasında və ya digər qaydada (yaşayış məntəqələri, küçələr, evlər) yerləşdirilir. Siyahılarda seçicinin soyadı, adı, atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün — əlavə olaraq, doğulduğu ay və gün), daimi yaşadığı yerin ünvanı (küçə, binanın və evin nömrəsi, yaşayış yeri müvəqqəti məskunlaşma yeridirsə — xəstəxananın, sanatoriyanın, istirahət evinin və ya digər yerin ünvanı) və seçki məntəqəsinin nömrəsi göstərilir.
Qeydiyyat ünvanı olmayan şəxslərə MSK-nın seçici siyahılarında rast gəlmək mümkündür.
Anar Məmmədli isə deyir ki, ümumilikdə, Azərbaycanın seçki sistemində seçicilərin qeydiyyatı ilə bağlı vəziyyət çox xaotikdir, bu prosesdə aydınlıq yoxdur, yəni konkret olaraq Dairə Seçki Komissiyası rəqəm verir. MSK bunu çıxarır, bu, necə olur?
P.S. yazı müəllifinin yaxın qohumu Qarayeva Almas İnqilab qızının 13-cü mikrorayon, ev 52, mənzil 27 qeydiyyat ünvanından 3 il bundan öncə notarial qaydada çıxmasına və 2023-cü il sentyabrın 9-da vəfat etməsinə baxmayaraq hələ də həmin ünvanda qeydiyyatdadır.
Aytən Fərhadova