Spikerlə deputat arasında mübahisə: Bura “selfie” çəkmək yeri deyil

Deputat Fazil Mustafa parlamentin iclasında iştirak etməsə də, “Facebook” sosial şəbəkəsi vasitəsilə cavab verib

Source: Specify Source


Fazil Mustafa: "Məni narahat edən bir Konstitusiya professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmamızı "selfi" çəkdirmək kimi dəyərləndirməsidir"

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Fazil Mustafanın parlamentlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Təəssüf edirəm ki, bəzi həmkarlarımız oturduğu budağı laxladır. Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar. Hörmətli deputatlar, plenar iclas zamanı bizi 8 kamera çəkir, danışıqlarınız bu kameralar tərəfindən fiksə olunur. İstənilən insan çıxışını alıb, paylaşa bilər. Buna heç bir məhdudiyyət yoxdur. Fazil Mustafa, siz burada “selfie”, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizdir. Bunu Milli Məclis rəhbərliyinin adına yazmayın. Bura “selfie” çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır".

Vitse-spiker Fazil Mustafanın "iqtidar tənqidlərə dözümlü yanaşmalıdır" fikrinə də münasibət bildirib: "Razıyam, iqtidar tənqidlərə dözümlü yanaşmalıdır, amma tənqidə! Böhtana, təhqirə, yalana, şərə deyil. Fazil Mustafa deyir ki, müxalifət iqtidarı lap ağır tənqid etsə də, buna dözümlü yanaşın. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur? Belə çıxır ki, müxalifət iqtidara şər-böhtan ata bilər, amma iqtidarın cavab vermək hüququ yoxdur… Bu artıq, qeyri-demokratik olur. Sən deyirsən, mən də cavabını verməliyəm. Fazil Mustafa televiyalarda çıxışlar edir, sosial şəbəkələrdə yazılar yazır, onun fəaliyyətini kim məhdudlaşdırır ki?”

Deputat Fazil Mustafa parlamentin iclasında iştirak etməsə də, "Facebook" sosial şəbəkəsi vasitəsilə cavab verib: “İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq. Məni narahat edən sadəcə bir elmler doktorunun,Konstitusiya professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmamızı "selfi" çəkdirmək kimi dəyərləndirməsidir. Görünür hörmətli professor Konstitusiyanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsındə Milli Məclisin nüfuzu aşağı salınır”.

Fazil Mustafa bir neçə dəfə parlamentdəki çıxışını mobil telefon vasitəsilə "facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlayıb.

Ana səhifəSiyasətSpikerlə deputat arasında mübahisə: Bura “selfie” çəkmək yeri deyil