“Soyuq otaqlarda” boş dayanan süni intellekt

Foto: Wright Studio\shutterstock

Ötən ildən başlayaraq Azərbaycan hökuməti süni intellekt (Sİ) infrastrukturunun inkişafı üçün bir sıra layihələr həyata keçirməyə və strategiyalar qəbul etməyə başlayıb. Bu strategiyalara əsasən, 2029-cu ilə qədər ölkədə “cloud” (bulud) texnologiyalarının inkişafı, data mərkəzlərinin yaradılması və genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi hədəf kimi müəyyən edilib.

Prezident İlham Əliyevin fevralın 11-də keçirdiyi müşavirədə açıqlamalarından aydın olur ki, ölkənin data mərkəzi, yəni “dövlət cloudu” (“hökumət buludu”) tam şəkildə qurulub. Hətta Bakı və Yevlax şəhərlərinda bu data mərkəzləri yaradılıb və 270 dövlət müəssisəsi burada öz rəqəmsal ehtiyatlarını yerləşdirir.

Lakin Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Facebook” hesabında paylaşdığı yazıda Azərbaycanda yeni qurulan süni intellekt infrastrukturunun cəlbediciliyini sorğulayır.

17 milyon manatlıq superkomputerlər

Azərbaycanda süni intellekt və data mərkəzlərlə bağlı prioritetlər yeni olduğuna görə, bu istiqamətdə infrastrukturun qurulmasına ayrılan xərclər barədə tam məlumat yoxdur. Hətta həyata keçirilən layihələrlə bağlı hər hansı bir hesabatı da əldə etmək çətindir.

Lakin “AzInTelecom”  2025-ci ilin dekabrında açıqladığı məlumatdan aydın olur ki,  Azərbaycanda ilk Superkompüter Mərkəzi artıq istifadəyə verilib. Tenderin qalibi olan “İnnovativ Layihələr Mərkəzi” MMCi Lenovo texnologiyası əsasında NVIDIA H200 GPU çipləri ilə quraşdırma işlərini başa çatdırıb. Sistem əsasən innovasiya subyektlərinə, biznes strukturlarına və dövlət layihələrinə xidmət göstərəcək.

Layihənin investisiya həcmi təxminən 7 milyon manat təşkil edir.

Bu infrastrukturun qurulması ölkədə süni intellekt modellərinin yerli hesablama resursları üzərindən işlənməsi baxımından mühüm mərhələ hesab olunur.

Osman Gündüzün yazdığına görə, İqtisadiyyat Nazirliyi tərəfindən də ayrıca Superkompüter mərkəzi yaradılıb. Lakin bununla bağlı ictimaiyyətə geniş məlumat təqdim olunmayıb. Onun sözlərinə görə, həmin mərkəzin qurulmasına təxminən 10 milyon manat investisiya qoyulub.

Multimedia Mərkəzinin rəhbəri vurğulayır ki, bu işlərə İqtisadiyyat Nazirliyinin xətti ilə daha tez başlayan “Caspel” şirkəti tərəfindən NVIDIA H200 çipləri və Dell texnologiyası əsasında yaradılan Superkompüter Mərkəzi çoxdan hazırdır:

“Lakin bununla bağlı heç bir rəsmi açıqlama verilməyib, heç bir səs-soraq da yoxdur. İqtisadiyyat Nazirliyinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin inzibati binasında yerləşən bu mərkəzin indiyədək açılışı olmayıb”.

Şəffaf  tariflər sistemi qurulmayıb

O.Gündüz əlavə edir ki, hər iki qurum indiyədək bu mərkəzlərin xidmətlərindən istifadə haqlarının, tariflərin necə olacağını açıqlamayıb:

“İndiki zamanda region ölkələrində – Qazaxıstanda 400 milyonluq, Ermənistanda 4 milyardlıq hesablama infrastrukturunun qurulduğu bir zamanda, bu istiqamətdə ciddi rəqabətin formalaşdığı bir vaxtda hazır süni intellekt infrastrukturu üçün belə ləngimələr doğru bir yanaşma deyil”.

Onun fikrincə, infrastrukturun olması kifayət deyil, onun necə və hansı qiymətə istifadə ediləcəyi biznes, startaplar və elmi tədqiqatlar üçün bəlli olmalıdır:

“Bu qeyri-müəyyənlik yerli startapların və tədqiqatçıların daha bahalı olan xarici resurslardan asılılığını davam etdirir, inkişafı ləngidir, ölkədən valyuta axınını gücləndirir.

Qonşu ölkələrin, məsələn, BƏƏ-nin dəstəyi ilə 400 milyon dollar investisiya ilə süni intellekt infrastrukturu quran Qazaxıstan artıq çoxdan bu problemləri həll edib. Onlarda şəffaf bir tarif siyasəti mövcuddur. Tariflər dövlət, elm və startaplar üçün əsasən pulsuzdur ya da simvolik bir məbləğlə tənzimlənir. Yerli biznes üçün isə xeyli güzəştlər var.

Düşünürəm ki, hökumət, RİNN və İN tezliklə mövcud hesablama infrastrukturundan istifadə tariflərini açıqlamalıdır”.

“Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” müşavirəsində də bu sahədə işlərin canlandırılmasının, süni intellekt və data mərkəzləri istiqamətində real addımların atılmasının vacibliyi xüsusi qeyd olundu.

Rəqəmsal dünyada, xüsusən də süni intellekt sahəsində vaxt qızıldan daha dəyərlidir. Dövlətin dəstəyi ilə yaradılan infrastrukturumuzun “soyuq otaqlarda” boş dayanması deyil, tez bir zamanda milli AI modellərimizin təliminə xidmət etməsi daha doğru və faydalı olardı”, – deyə O. Gündüz qeyd edir.

Ana səhifəXəbərlər“Soyuq otaqlarda” boş dayanan süni intellekt