“Soyuq Əllər, İsti Ürək” yarmarkası Nərgiz Paşayevanın Fonduna nə qədər gəlir gətirir?

Fotokollaj: Meydan TV

Bakıda hər il təşkil edilən “Soyuq Əllər, İsti Ürək” Yeni il yarmarkası artıq uzun müddətdir ki, paytaxtın bayram ənənəsinin ayrılmaz hissəsinə çevrilib. Fəvvarələr Meydanının mərkəzində qurulan dekorativ evlər, qida məhsullarının satışı, müxtəlif əl işləri və suvenirlər, əyləncə obyektləri, həmçinin konsert proqramları şəhər sakinləri üçün cəlbedici bayram məkanı yaradır.

Lakin 2016-cı ildən mütəmadi olaraq keçirilən bu yarmarkanın rəngarəng atmosferinin arxasında müəyyən suallar da ortaya çıxır: tədbirin maliyyə mexanizmi nə dərəcədə şəffafdır? Toplanan vəsaitlərin həcmi nə qədərdir?

“Soyuq Əllər, İsti Ürək” yarmarkasının təşkilatçısı 2012-ci ildə yaradılan və 2016-cı ildə rəsmi qeydiyyatdan keçən “Nargis” Fondudur. Fondun təsisçisi Ülviyyə Mahmud, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevanın qızıdır. “Nargis” Fondu xeyriyyə fəaliyyəti göstərən qeyri-kommersiya təşkilatıdır. Fondun rəsmi saytında qeyd edilir ki, yarmarka xeyriyyə məqsədi daşıyır və toplanan bütün vəsaitlər xəstə uşaqların müalicəsi və əməliyyatlarına yönəldilir.

Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Dövlət Reklam Agentliyi və “Pasha Holding”in Təhlükəsizlik Xidmətidir. Bu tərəfdaşlıqlar, həmçinin tədbirin dövlətin geniş maliyyə dəstəyinə malik olduğunu göstərir.

Yarmarka xeyriyyə məqsədilə təşkil olunsa da, böyük kommersiya potensialına sahibdir. Məsələn, bu il yarmarkada 60 böyük və 20 kiçik dekorativ ev, üç ədəd iki mərtəbəli restoran fəaliyyət göstərir. Bundan əlavə, xüsusi hazırlanmış oyun tuneli, “xoxan” labirinti, iki “photo booth” (foto-köşk), tematik fotozonalar və sirk elementləri ilə zənginləşdirilmiş müxtəlif konstruksiyalar qurulub. Burada təklif edilən məhsul və xidmətlərin qiymətləri isə hər zaman kifayət qədər baha olur.

Hər bir ev və obyekt icarəyə verilir və əldə olunan gəlir “Nargis” Fonduna köçürülür. Bundan başqa, yarmarkanın sponsorları sırasında “PAŞA Holding”, “Coca-Cola”, “Tess”, “Luxurywine”, “Birmarket”, “Ozmo”, “Bioderma” və digər tanınmış markalar yer alır və onlar da ianə kampaniyalarında iştirak edirlər.

“Nargis” Fondunun  yarmarka gəlirləri

“Nargis” Fondu rəsmi vebsaytında və sosial şəbəkə hesablarında yarmarkanın gəlirləri barədə müəyyən qədər məlumat açıqlayır. Lakin hesabatlarda yarmarkalardan daxil olan gəlirlərin mənbəyini “sponsorların, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində toplanan gəlirlər” kimi ifadə ilə göstərir. Bu isə dəqiq gəlir məbləğlərini və onların xərc bölgüsünü müəyyənləşdirməyə imkan vermir. Fond yalnız toplanan ianələrin hesabına müalicə və əməliyyat olunan uşaqların siyahısını və onlara çəkilən xərcləri təqdim edir.

Məsələn, açıqlanan hesabatlara görə, 2024/2025 yarmarkasından 404 036 AZN vəsait toplanıb.

2023/2024 il hesabatında xəstə uşaqların müalicə və əməliyyatlarına yönəldilən xərclər 660 740 AZN təşkil edib.

2022/2023-cü il yarmarkasından toplanan ianələr hesabına çəkilən xərclər 864 870 AZN olub.

2021/2022-ci illərdə bu məbləğ 706 100 AZN təşkil edib.

2018/2019-cu ildə isə ümumi toplanan məbləğ 494 151 AZN olub. 2018/2019-cu ilin hesabatında diqqətçəkən bir məqam odur ki, yarmarka gəlirlərindən Fondun hesabına daxil olan vəsait 364 331 AZN, sponsorlar və xeyriyyəçilər tərəfindən əlavə edilən məbləğ isə 129 820 AZN təşkil edib. Təəssüf ki, növbəti illərdə bu cür detallı məlumatlar yer almır. Bu da yarmarkadakı obyektlərin icarəsindən Fondun əldə etdiyi gəlirləri tam şəkildə müəyyən etməyə imkan vermir.

Yarmarkanın gəlirləri iki dəfə azalıb

Fondun hesabatlarından görünür ki, “Soyuq Əllər, İsti Ürək” yarmarkasından toplanan vəsaitin ən yüksək həddi 2022/2023-cü illərdə qeydə alınıb. Ötən müddət ərzində yarmarkadan fonda gələn gəlirlər təxminən iki dəfə azalıb. Lakin fond bu azalmanın səbəbləri barədə heç bir açıqlama vermir. Məsələn, builki yarmarkada qurulan obyektlərin sayının əvvəlki illə müqayisədə müəyyən qədər azaldığı müşahidə olunur (evlərin sayı 64-dən 60-a düşüb). Ümumiyyətlə, yarmarkadakı obyektlərin icarə qiymətləri, satış dövriyyəsi və bu sahədə fondun əldə etdiyi gəlirlər barədə hər hansı maliyyə hesabatı ictimaiyyətə təqdim edilmir.

Yeri gəlmişkən, Azərbaycan qanunvericiliyində xeyriyyə məqsədli tədbirlər və təşkilatlarla bağlı vergi güzəştləri mövcuddur. Vergi Məcəlləsinin 106-cı maddəsində (Azadolmalar və güzəştlər) göstərilir ki, xeyriyyə təşkilatlarının gəlirləri, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır. Yəni xeyriyyə təşkilatının gəliri ilə yanaşı, hüquqi və fiziki şəxslər tərəfindən edilən ianələr və yardımlar da vergitutma obyektinə daxil edilmir.

Bundan əlavə, “Nargis” Fondu 2024-cü ilin mart ayından etibarən Novruz bayramı çərçivəsində “Torpaq Əlimdə, Bahar Ürəyimdə” adlı xeyriyyə yarmarkasının təşkilinə başlayıb. 2025-ci ildə bu yarmarkadan xeyriyyə məqsədli əldə olunan gəlir 423 500 AZN, 2024-cü ildə isə 437 286 AZN olub.

Ana səhifəXəbərlər“Soyuq Əllər, İsti Ürək” yarmarkası Nərgiz Paşayevanın Fonduna nə qədər gəlir gətirir?