Habil İsmayılov barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib
Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyası zamanı qaldırdıqları plakatları hazırlayan şəxsin həbs olunduğu bildirilir. Söhbət Gədəbəy rayon sakini Habil İsmayılovdan gedir.
Meydan TV-nin əldə etdiyi məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Habil İsmayılov barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Habil İsmayılovun tutulması haqda Meydan TV-nin sualına cavab olaraq bildirilib ki, məsələ araşdırılacaq və məlumat veriləcək.
İyunun 20-də Söyüdlü kəndində sakinlər qızıl mədənlərinin tullantıxanası kimi istifadə olunan ikinci gölün inşasına etiraz olaraq aksiya keçirib. Kəndə cəlb olunan çoxsaylı polis qüvvələri etiraz aksiyasına müdaxilə edib. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, bu zaman sakinlərə qarşı dəyənəklərdən, hətta yaşlı qadınlara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Xeyli kənd sakini tutulub. Həmin gün 5 nəfər məhkəmə qərarıyla 20 gün inzibati qaydada həbs olunub. Ertəsi gün daha 5 nəfər kənd sakininin saxlanması xəbəri yayılıb. Bir gün sonra post qurularaq, Söyüdlüyə giriş-çıxış məhdudlaşdırıb. Orada çəkiliş aparan müstəqil jurnalistlər zorla uzaqlaşdırılıb.
Saxlanılan şəxslərin Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (el arasında “bandotdel” deyilir) gətirilməsi, onlardan işgəncə altında etiraz aksiyasının kənar qüvvələr tərəfindən təşkil olunması haqda ifadələr almağa cəhd göstərilməsi haqda məlumatlar yayılıb.