Azər Mehtiyev hesab edir ki, hadisə öz səhvi ucbatından baş verib.
İyulun 15-də müstəqil iqtisadçı, REAL üzvü Azər Mehtiyev soyğunçuluqla üzləşib. Olay barədə Facebook səhifəsində məlumat verən Azər Mehtiyev yazıb ki, bir neçə səhvi ona baha başa gəlib: “ Təqribən saat 15:30-da avtomobili “Nizami” metrostansiyasından bir qədər yuxarıda saxlayıb iş dalınca getdim. Gedərkən noutbuk olan çantanı özümlə götürməyə ərindim və avtomobilin oturacağında qaldı. 1 saat yarımdan sonra qayıdanda gördüm ki, avtomobilin yan şüşəsini sındırıb noutbuk çantasını aparıblar. Çantada noutbukdan başqa bəzi sənədlərim (əmək haqqı kartı, kredit kartı, DSMF kartı, qaz abonomenti kartı və .) və iş sənədləri olub. Təbii ki, dərhal bankla əlaqə saxlayıb kartların fəaliyyətini dayandırdım, hadisə haqqında 102-yə məlumat verdim. Polis hadisə yerinə gələrək olayı qeydə aldı”.
Azər Mehtiyev olayın baş verməsində özünü suçlu bilir: “Kameraların olmadığı qapalı ərazidə avtomobilin park edilməsi və bu zaman noutbuk çantasının avtomobilin salonunda saxlanılması təhlükəlidir. Bunu bilə-bilə etdiyim hərəkətə görə özümü qınayıram”.
İqtisadçı oğurlanan materiallar arasında əhəmiyyətli sənədlər olduğunu bildirib: “Çox əhəmiyyətli və zəhmətlə başa gələn materiallarım əlimdən getdi. Məni daha çox incidən budur”.
İyulun 16-da isə Azər Mehtiyev OXFAM təşkilatı ilə bağlı açılan cinayət işinə görə Respublika Prokurorluğuna dindirilməyə çağrılıb.
Meydan TV-nin “soyğunçuluqla dindirilməyə çağrılmanız arasında əlaqə varmı” sualına cavab olaraq Azər Mehtiyev bildirib ki, heç bir əlaqə görmür: “Çünki prokurorluğa çağırış konkret iş üzrə, OXFAM təşkilatının maliyyə fəaliyyətinin yoxlanılması haqqındadır. Bizim təşkilatın OXFAM-la qarşılıqlı fəaliyyəti olub. Amma hadisə təsadüfən baş verib, səhvim avtomobilimi kameraların olmadığı məkanda saxlamağımdır”.
Azər Mehtiyev 29-cu Polis Bölməsinin hadisəni araşdırdığını, ondan izahat alındığını deyib: “Mənə məlumat verəcəklərini söylədilər”.