“Sovetski”də narazılıq səngimir


Bir müddətdir ki, “Sovetski”də məlum  köçürülmələrlə bağlı  söküntülər  başlayıb. Lakin söküntü heç də bütün evlərə sirayət etməyib. Çünki sakinlərin bir qismi evlərini satmaqdan imtina ediblər.

“Sovetski” sakini Səidə Abdullalı deyir ki, “Qonşularımızın çoxu çıxıb,gedib. Bizim məhəllədə 5 ailə qalmışıq. Pul bizi qane etmədiyi üçün çıxmırıq”.

Digər sakin Tahirə Rzayeva  da təklif olunan məbləğə ev ala bilməyəcəyini qeyd edir:” Heç olmasa, indiki qara bazarla mənim pulumu versin, mən çıxım. Mən də insanam. Mən də bu varlı ölkədə yaxşı yaşamaq istəyirəm”.

Bütün uşaqlıqlarını, gəncliklərini bu həyətlərdə keçirən “Sovetski” sakinləri deyir ki, evini satıb, şəhər kənarında ev alanlar artıq peşman olublar. Çünki nəyi itirdiklərini anlayıblar. Sakinlər belə deyir. Bir də onu deyirlər ki, evlərini satmaqla razılaşmadıqları üçün heç bir təzyiqlə qarşılaşmayıblar.

Lakin təcrübə göstərir ki, bu tip sökülmələrdə adətən evindən çıxmaq istəməyən ailələrə müxtəlif yollarla təzyiq edilir. Bu tip təzyiqlərə məruz qalan ailələrdən biri də vaxtilə “Qış Bulvarı”  tikilən ərazidəki evini satmaqdan imtina edən, lakin sonradan evindən çıxmaq məcburiyyətində qalan Rzayevlər ailəsidir.

Ailənin üzvü  Əli Rza Muxtar deyir ki, evlərindən çıxmadıqları üçün o vaxt hətta, evlərini yandırmq da istəyiblər: “Yüz dəfə cəhd ediblər ki, evi partlatsınlar. Biz qarşısını almışıq. Həyətimizi əməlli-başlı daş-qalaq etmişdilər. Həmin daş-qalağın nəticəsində mənim yoldaşım qorxudan uşağını itirdi”.

Şirinbacı Rzayeva isə deyir ki,  indiki “Qış Bulvarı”nın olduğu ərazidəki evindən çıxmadığı üçün hətta oğlunu da həbs ediblər: “22 apreldə(2012-ci il.red) mən mitinqdə çıxış eləmişəm. Mayın 11-i oğlumun biri tutulub. Mayın 31-i məni, iyunun 7-si isə digər oğlum Əli Rzanı işdən çıxarıblar”.

Qadın deyir ki, bu gün yaşadığı Binəqədi rayonundakı evində kifayət qədər  çətinliklər var: “Əvvəla, ora mərkəz idi. Ürəyim istəyən yerə rahat gedirdim. Burada isə, kanalizasiya sistemi yoxdur. Nəyə görə mənim hüququm tapdanmalıdır? Mənim nə işim var idi Binəqədidə?”

Ana səhifəVideo“Sovetski”də narazılıq səngimir