Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə müğənnilərin vergi öhdəliyi ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb
Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən etibarən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 20 manata endiriləcək.
Bu da ictimaiyyətdə müğənnilərin vergi yükünün azaldılması kimi başa düşülüb. Dəyişikliklər arasında müxtəlif sahələrdə çalışan vətəndaşların vergi öhdəliklərinin sadələşdirilməsi də nəzərdə tutulub. Bir çoxu sadələşdirilən məbləğlərin düzgün müəyyən edilmədiyi qənaətindədir.
Keçmiş millət vəkilləri, ekspertlər, hətta müğənnilərin özləri bu barədə müxtəlif açıqlamalarla çıxış edirlər.
Hələ ötən ayın əvvəlində Milli Məclis buraxılmazdan öncə Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılanda bir sıra millət vəkili məsələyə etiraz etmişdi.
Deputat Qüdrət Həsənquliyevin də məsələyə münasibəti birmənalı olmamışdı. O bildirmişdi ki, çəkməçidən 5, bir toya 10 minə gedəndən isə 30 manat almaq ədalətsizlikdir.
İctimaiyyətdə bu məsələ ilə bağlı yaranan anlaşılmazlığa Vergilər Nazirliyi tərəfindən Meydan TV-nin sorğusu vasitəsilə aydınlıq gətirilib.
İl ərzində 200 min manatdan çox qazanan müğənniyə vergi güzəşti yoxdur
Belə ki, şou-biznes nümayəndələrinin hər birinin vergi öhdəliyi də fərqlidir. Məsələn, Vergi Məcəlləsinə əsasən, müğənnilər vergi öhdəliyini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirənlər kateqoriyasına daxil deyillər. Başqa sözlə desək, müğənnilər ayda sabit məbləğ deyil, gəlirlərinə görə vergi ödəyirlər. Onlar vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınaraq öhdəliklərini yerinə yetirirlər. Əgər müğənni sadələşdirilmiş vergi ödəyicisidirsə, həmin gəlirlərdən rüblük olaraq 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödəməlidir. Məsələn, bu halda müğənni qazandığı hər 100 manata görə 2 manatını büdcəyə ödəyir və bu halda onun çəkdiyi hər hansı xərclər vergilərin hesablanması zamanı nəzərə alınmır.
Lakin 2019-cu ildə vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra müğənnilərin əksəriyyəti sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirib. Çünki müğənnilər restoranlara, şadlıq evlərinə xidmət göstərdikləri, yaxud müxtəlif şirkətlərin korporativ tədbirlərində iştirak etdikləri halda sadələşdirilmiş vergi ödəyicisi ola bilmirlər. Onlar yalnız əhaliyə xidmət göstərərsə, misal üçün el şənliklərində adi vətəndaşların toyuna gedib pul alarsa, sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər.
Əgər vergi ödəyicisinin illik gəliri 200 min manata qədərdirsə, mikro sahibkarlıq subyekti kimi müğənni əldə etdiyi gəlirdən çəkdiyi xərcləri çıxmaqla qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Düzdür, bu halda ona həmin xərcləri rəsmiləşdirmək gərəkdir. Bununla yanaşı, mövcud qanunvericilik ona mikro sahibkarlar üçün müəyyən edilən vergi güzəştləri (vergiyə cəlb olunan gəlirini 75 faizədək azaltmaq kimi) verir.
Əgər vergi ödəyicisinin illik vergi tutulan əməliyyatların həcmi 200 min manatdan yuxarıdırsa, bu halda həmin şəxslər 20 faiz gəlir vergisi ödəməklə yanaşı, ƏDV-nin məqsədləri üçün qeydiyyata durmalı və əldə etdiyi gəlirlərdən dövlət büdcəsinə 18 faiz dərəcə ilə ƏDV ödəməlidirlər. Bu halda onlar həmçinin mikro sahibkarlıq üçün olan vergi güzəştlərini itirmiş olurlar.
Beləliklə, bu qayda hamı üçün keçərlidir və göründüyü kimi, digər vergi ödəyiciləri üçün olan öhdəlik müğənnilər üçün də eyni şəkildə müəyyən olunub. Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə müğənnilərin vergi öhdəliyi ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb. Televiziya proqramlarında, sosial şəbəkələrdə və ictimai tədbirlərdə sərgilədikləri həyat tərzi ilə diqqəti çəkən müğənnilərin vergi yükünün azaldığı ehtimalları əsassızdır.
Rəqqasələr, aşıqlar, aparıcılar ay ərzində 30 yox, 20 manat vergi ödəyəcək
El şənliklərində iştirak edən aparıcılar, rəqqaslar, musiqiçilər, aşıqlar və başqaları müğənnilərə nisbətən daha az gəlir əldə edirlər. Belə şəxslərin gəlirləri çox aşağıdır. Bu səbəbdən belə aşağı gəlirli fəaliyyətlə məşğul olanların vergi yükünü azaltmaq və daha da sadələşdirmək məqsədilə sabit vergi sistemi tətbiq olunur. Vergi Məcəlləsinə görə, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət göstərən şəxslər vergi öhdəliklərini xüsusi qəbz almaqla yerinə yetirirlər. Bu zaman dövlətə aylıq olaraq 30 manat sabit vergi məbləği ödəyirlər. Düzdür, bu zaman sabit vergi regiondan asılı olaraq müəyyən əmsallara vurulmaqla tətbiq edilir. Yəni Bakıda çalışan şəxslə rayon və ya kənd yerində toyda iştirak edən şəxsin öhdəliyi bir-birindən fərqlənir.
Vergi Məcəlləsinə olunan dəyişikliklərə əsasən, gələn ildən bu kateqoriya şəxslərin vergi yükü azaldılır və vergiyə cəlb olunan sabit məbləğ 30 manatdan 20 manata endirilir. Bundan sonra sabit vergi ödəyiciləri 20 manatı yuxarıda qeyd olunan regionlar üzrə əmsalları tətbiq edərək hesablayacaqlar.
Bəzən el məclislərində, toylarda, şənliklərdə müğənnilər aparıcı kimi iştirak edir və məclisi özləri idarə edir. Həm aparıcılıq, həm də müğənnilik edən sənətçi vergini hansı hər iki fəaliyyəti üzrə ödəməlidir. Vergi Məcəlləsinə görə, digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır. Məsələn, Gəncədə toy idarə edən müğənni toyun aparıcılığını özü etdiyi üçün aparıcılar üçün nəzərdə tutulmuş 45 manatı və müğənni olaraq əldə etdiyi gəlirin vergisini ayrıca ödəməlidir.
“Şou-proqramlarda 100 manata oxuyan xalq artistləri var”
Meydan TV məsələ ilə bağlı sənətçilərin mövqeyini öyrənib.
Qırğızıstanın əməkdar artisti, azərbaycanlı müğənni Aslan Hüseynov ifaçıların vergi öhdəliklərinin, həmçinin toy qonorarlarının tez-tez gündəmə gəlməsinin günahını həmkarlarında gördüyünü deyir:
“Hansısa bir müğənninin cibində beş manat pulu yoxdur, amma yalandan efirdə onun-bunun evini, maşınını göstərir. Bununla da camaat qıcıqlanır. Reallıq isə başqadır, kimsə toya on beş min manata gedir, bir başqa müğənni də şou-proqramlarda 100 manata oxuyur. Əməkdar, xalq artistləri var ki, 4-5 zalda 100 manata oxuyurlar. Əsl sənətlə məşğul olan müğənnilər o qədər də qazanmır. Müğənnilər özləri elə ediblər. Bir-birinin bəhsinə girilər, əvəzində camaatı qıcıqlandırırlar”.
“Dövlətin müğənnilərdən başqa daha ciddi problemləri var”
Əməkdar artist Ədalət Şükürov 2005-ci ildən vergi ödəyicisi olduğunu söyləyir. Deyir ki, Azərbaycanda vergi borcunu ödəməyən xeyli sayda müğənni var:
“Müzakirələrə gəlincə, dövlətin bir çox problemi var, hansıları ki, həll etmək lazımdır. Müğənnilərin vergi borcları, toy qonorarlarından önəmli olan kiçik sahibkarlara böyük güzəştlərin tətbiq edilməsidir”.
“Biz müğənnilər vergi ödəməməliyik”
Bir müddət öncə 3D verilişində qonaq olan xalq artisti Brilliant Dadaşova da bu məsələyə etirazını bildirmişdi. Sənətçi fikrini belə əsaslandırmışdı ki, müğənnilərin yeganə gəlir mənbəyi toylar olduğu üçün onlara vergi öhdəliyi tətbiq edilməməlidir:
“Mənim gəlir yerim toylardır. Bununla mahnı alıram, səs yazdırıb, klip çəkdirirəm. Düşünürəm ki, biz müğənnilər vergi ödəməməliyik”.