Prezident bununla bağlı fərman imzalayıb
Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, iyulun 1-dən 1-ci dərəcəli əlilliyi olan şəxslər üçün 300 manat, 2-ci dərəcə əlilliyi olan şəxslər üçün 250 manat, 3-cü dərəcə əlilliyi olan şəxslər üçün 180 manat müavinət müəyyən edilib.
Ailə başçısını itirməyə görə 140 manat, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat, övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat, himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat, uşağın anadan olmasına görə 600 manat, dəfn üçün 600 manat müavinət veriləcək.
“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 200 manat, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2 000 manat, şəhid ailəsi üçün 700 manat, 20 Yanvar şəhidinin ailəsi üçün 700 manat, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat aylıq Prezident təqaüdü veriləcək.
Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan müvafiq olaraq 600 manat (1-ci dərəcə), 500 manat (2-ci dərəcə), 400 manat (3-cü dərəcə) aylıq təqaüd ayrılacaq.
Bundan başqa 1-ci dərəcəli 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat, 1-ci dərəcəli əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 manat, 1-ci dərəcəli gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat təqaüd veriləcək.
Eyni zamanda, iyulun 1-dən Prezidentin fərdi təqaüdünün məbləği 1 700 manat, fəxri adlara görə aylıq təqaüdün məbləği – “Xalq” fəxri adına görə 300 manata, “Əməkdar” fəxri adına görə 200 manata çatdırılır.
Bildirilir ki, paket ümumilikdə 3 milyon insanı əhatə edəcək və bunun üçün illik əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb.