Prezident İlham Əliyev Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, bir neçə dövlət qurumu birləşdirilərək yenidən təşkil olunur.
Qərara görə, Medianın İnkişafı Agentliyi Sosial Tədqiqatlar Mərkəzinin ona qoşulması ilə genişləndirilir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birləşdirilərək “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” adı altında fəaliyyət göstərəcək.
Yeni qurumların əmlakı, hüquq və öhdəlikləri əvvəlki mərkəzlərdən onlara keçirilir. Hər iki strukturun nizamnaməsini təsdiqləmək, rəhbər heyəti təyin etmək və ləğv etmək səlahiyyəti birbaşa Prezidentə verilir. Qurumların əməkhaqları, işçi sayı və strukturu da Prezidentlə razılaşdırılacaq.
Nazirlər Kabinetinə iki ay ərzində yeni nizamnamələrin hazırlanması, üç ay ərzində isə qanunvericiliyə uyğun dəyişikliklərlə bağlı təkliflərin təqdim edilməsi tapşırılıb.