“Son vaxtlar Konstitusiya Məhkəməsinin qərarları hüquq sisteminə töhfə vermir”

Foto: https://azerforum.com/

Xalid Bağırov: “Bütün digər günləri bir yerə toplasan, heç biri Konstitusiya Günü qədər mənalı ola bilməz”

“Konstitusiya Məhkəməsinin qərarları və qərardadları ola bilsin ki, hüquqi baxımdan beynəlxalq standartlara cavab versin. Hərçənd bununla da bağlı ciddi problemlər var. Ən azı Konstitusiya Məhkəməsinin devalvasiyadan sonra əmanətçilərin əleyhinə verilən qərarını xatırlatmaq kifayətdir”.

Bunu hüquqşünas Yalçın İmanov Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müsahibəsini Meydan TV-yə şərh edərkən deyib.

Foto: e-huquq.az

“Qərarların böyük bir hissəsi məhz insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub. Plenumun qərarlarında Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb”.

F.Abdullayev deyib ki, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb:

“İnsan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə ictimaiyyətin etimadını qazanıb”.

“Reallıqda insan hüquq və azadlıqlarının təminatı yox səviyyəsindədir”

Ancaq Yalçın İmanov Fərhad Abdullayevin nikbinliyini bölüşmür: “Reallıqda insan hüquq və azadlıqlarının təminatı yox səviyyəsindədir. Məhkəmələrin işləkliyi yalnız sifarişlər və hakim zümrəyə məxsus olan şəxslərin mənafeləri baxımından icra edilir”.

Yalçın İmanov
Foto: Meydan Tv

Yalçın İmanovun fikrincə, Konstitusiya Məhkəməsinin ötən müddətdə funksionallığı və qəbul etdiyi qərarların hüquq sisteminə ciddi töhfəsi olmayıb:

“Müəyyən qərarlar var ki, doğrudan da, qiymətlidir. Ancaq qərarların işləkliyi, praktikliyi və məhkəmə sistemində davamlı, dönməz tətbiqi yoxdur. Bu amil isə əhəmiyyətli faydalılığı heçə endirir”.

“Konstitusiya Məhkəməsi insan hüquqları ilə bağlı fərdi işlərə baxmaqdan imtina edir”

Hüquqşünas Səməd Rəhimli Fərhad Abdullayevin açıqlamasını problemli sayır:

“Ona görə ki Konstitusiya Məhkəməsi insan hüquqlarının pozuntusu iddiaları olan fərdi şikayətlərin mütləq əksəriyyətinə baxmaqdan imtina edir. Bu baxımdan Fərhad Abdullayevin söylədikləri problemlidir. İkinci, Fərhad Abdullayev deyir ki, qərarların əksəriyyəti insan hüquq və azadlıqları məsələləri ilə bağlıdır. Amma bu fikirlərində də problem var, çünki qərarların əksəriyyəti qanunun şərh edilməsini özündə ehtiva edir. Bunlar da hüququn məğzini aydınlaşdırır, izah edir. Ona görə də qərarların bir çoxu insan hüquq və azadlıqlarının birbaşa müdafiəsi sayıla bilməz. Bəli, ola bilər ki, Cinayət-Prosessual, Mülki Prosessual məcəllələrdə hansısa maddələri izah edəndə dolayı yolla ədalət mühakiməsi hüququ ilə bağlı məsələlərə toxunulur. Amma bunları insan hüquq və azadlıqlarına dair qərarlar kimi təqdim etmək yanlışdır. Abdullayevin dediyi qərarların çoxu qanunların hüquqi şərhiylə bağlıdır, nəinki birbaşa olaraq insan hüquq və azadlıqlarının müdafiəsi ilə”.

Foto: Arqument.az

Səməd Rəhimlinin sözlərinə görə, Konstitusiya Məhkəməsi insan hüquqlarının pozuntusu iddiası olan əksər fərdi işlərə baxmaqdan imtina edir:

“Hələ də bu imtinanın səbəbini izah etmirlər ki, fərdi işlərlə bağlı meyarlar nədən ibarətdir. Hətta Ali Məhkəmənin qərarları ilə baxılan fərdi şikayətlərin bir hissəsi prosessual qanunvericiliyin şərhiylə əlaqədar olur. Bunlar da birbaşa insan hüquq və azadlıqları sayıla bilməz. İnsan hüquq və azadlıqları deyəndə ya siyasi azadlıqlar, toplaşmaq, birləşmək, ifadə azadlıqları, yaxud vicdan, şəxsi həyat kimi azadlıqlar nəzərdə tutulur. Amma Konstitusiya Məhkəməsinin bunlarla bağlı qərarları rastıma çıxmayıb”.

“Azərbaycanda hüquq və azadlıqlar tam şəkildə təmin olunmur”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, Azərbaycanda hüquq və azadlıqlar tam şəkildə təmin olunmur:

Foto: Amerikanın səsi

“Düzdür, müəyyən təminat mexanizmləri formal cəhətdən nəzərdə tutulub. Onlardan biri də Konstitusiya Məhkəməsidir. Təbii ki, Konstitusiya Məhkəməsi həm qanunları təfsir etmək qaydasında, həm də konkret fərdi şlikayətlərə baxmaq qaydasında insan hüquqlarının müdafiəsində mexanizmlər müəyyənləşdirə bilər. Bəli, Konstitusiya Məhkəməsi xeyli fərdi şikayətlərə də baxıb. Bu halda ümumi məhkəmələr tərəfindən bir sıra qanunların düzgün tətbiq olunmadığı qənaətinə gəlib və onları ləğv edib. Ancaq müəyyən mexanizmlər olsa da, hələ insan hüquqları kütləvi şəkildə pozulur. Xüsusən icra hakimiyyətləri və məhkəmə sistemində insan haqlarının pozuntusu geniş yayılıb. Təsadüfü deyil ki, Avropa Məhkəməsi bir çox halda Azərbaycanla bağlı işlərə baxanda məhz ədalətli məhkəmə hüququnun pozulması qənaətinə gəlib. Yəni hesab edib ki, məhkəmələr ədalətli qərarlar qəbul etmirlər”.

Konstitusiya Məhkəməsinin sədrinin çıxışını qiymətləndirməyə dəyməz”

Hüquqşünas Xalid Bağırov isə Fərhad Abdullayevin açıqlamasını belə şərh edib:

“Azərbaycan xalqı nə zamana qədər Konstitusiya Gününün digər günlərdən ən vacibi olduğunu anlamayacaqsa, onda Konstitusiya Məhkəməsinin sədrinin çıxışını qiymətləndirməyə, yaxud bu günlə bağlı münasibət ifadə etməyə dəyməz. Azərbaycanda Dirçəliş, Respublika, Qurtuluş və digər bütün günləri bir yerə toplasan, heç biri Konstitusiya Günü qədər mənalı ola bilməz. Bunu anlamayan cəmiyyət üçün nəyisə şərh etməyə dəyməz”.

Foto: Real Partiyasının “Facebook” səhifəsindən

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu əsasında qəbul olunub.

Konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir.

Konstitusiyaya ilk əlavə və dəyişiklik 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 2016-cı ildə referendum yolu ilə edilib.

1996-cı ildə noyabrın 12-i Konstitusiya Günü elan edildi.

Ana səhifəSiyasət“Son vaxtlar Konstitusiya Məhkəməsinin qərarları hüquq sisteminə töhfə vermir”