“Son hadisə birmənalı şəkildə siyasi təzyiqdir”

Siyasətçilər Leyla Yunusun zorla prokurorluğa aparılmasını pisləyirlər

Source:


Siyasətçilər Leyla Yunusun zorla prokurorluğa aparılmasını pisləyirlər

İyulun 30-da günün birinci yarısında Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus evindən çıxarkən heç bir izahat verilmədən zorla Respublika Prokurorluğuna aparılıb. Onun Milli Şuranın RATİ-də “Azərbaycanın narkotrafik məkanına çevrilməsi” ictimai dinləmələrinə gedəcəyi bildirilirdi.

Hazırda hüquq müdafiəçisi vəkili Xalid Bağırovun iştirakı ilə dindirilir.

Milli Şuranın sədri Cəmil Həsənli Meydan TV-yə deyib ki, Leyla Yunus dinləmənin məruzəçilərindən idi: “Hüquq müdafiəçisi narkotik ittihamı ilə həbs olunan siyasi məhbuslar haqqında məlumat verməliydi. Təəssüflər ki, tədbir başlayanda onun zorla, inzibati qaydada prokurorluğa apardıqlarını eşitdik”.

C.Həsənli L.Yunusun davamlı olaraq hüquq müdafiə işinə həyatını vermiş şəxs olduğunu söylədi: “O, həm də Azərbaycanın ən etibarlı və etimadlı hüquq müdafiəçisidir. Hakimiyyət orqanlarının ona qarşı apardığı repressiv xarakterli hərəkətləri məqsədlidir”.

“Hüquq müdafiəçisi həbs oluna bilərmi” sualına Milli Şura sədri cavab verdi ki, hakimiyyətin siyasətinə etiraz edən adamlarla bağlı hər şey gözləmək mümkündür.

Müsavat Partiyasının başqanı İsa Qəmbər dedi ki, Leyla Yunusun zorla prokurorluğa aparılması yolverilməzdir. Onun sözlərinə görə, hakimiyyətin bütövlükdə  demokratik cəmiyyətə hücumları çox qəddarlıqla davam edir. Müsavat Partiyası hazırkı qanunsuzluqlara son qoyulması və insanların hüquqlarına hörmət edilməsini tələb edir: “Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun azad edilməsini tələb edirik”.

İsa Qəmbər hesab edir ki, hakimiyyət nəinki insan hüquqlarını, qanunçuluğu, hətta öz maraqlarını düşünərək də, Leyla Yunus haqqında həbs qərarı verməməlidir.

AXCP sədri Əli Kərimlinin fikrincə, hakimiyyət Leyla Yunusu məhz prinsipial hüquq müdafiəçiliyi xətti götürdüyü üçün hədəfə alıb. Ona qarşı ən müxtəlif vasitələrlə əsassız ittihamlar irəli sürürlər.

“Hiss olunur ki, hökumət bütün vasitələrlə hüquq müdafiəçisini susdurmaq istəyir. Leyla xanım da öz prinsipial mübarizəsini davam etdirir. Elə iyulun 29-da İlham Əliyevdən siyasi məhbuslarla bağlı prinsipial mövqe tələb etmişdi. Son hadisə birmənalı şəkildə siyasi təzyiqdir. Təbii ki, Milli Şura olaraq biz Yunuslara qarşı təzyiqləri dayandırmağa çağırırıq” – Əli Kərimli belə deyib.

Ancaq o, Leyla Yunusun həbs olunacağını ehtimal etmir. Çünki beynəlxalq təşkilatlar tərəfindən mesaj verilib ki, Leyla xanımın həbsi daha ciddi təzyiqlərə səbəb ola bilər. Bununla belə Leyla Yunusu dinc də buraxmayacaqlar, vaxtaşırı istintaqa cəlb etmək, mediada haqqında böhtanlar yazdırmaq və müxtəlif vasitələrlə məşğul edib təzyiqdə saxlamağa çalışacaqlar.

Ukraynada mühacir həyatı yaşayan keçmiş cəbhəçi və müsavatçı Fəhmin Hacıyev Facebook səhifəsində Leyla Yunusu “5-ci kalonun ən yaxşı müdafiəçisi” hesab edib.

O, “Leyla Yunsun həbsini mən də pisləyirəm. Onun müdafiə etmək lazımdır. Xüsusən

surətçilər, sadvalçılar və 5-ci kolonun bütün nümayəndələri Leyla xanımı müdafiə etməyə borcludurlar. Çünki Leyla xanım, bu insanların ən yaxşı müdafiəçisidir!!!” deyə bildirib.

Hakimiyyəti təmsil edən YAP-çı deputatlar isə bu barədə danışmaq istəmədilər.

Ana səhifəXəbərlər“Son hadisə birmənalı şəkildə siyasi təzyiqdir”