Rəqəmlərdən aydın olur ki, aybaay orta aylıq əmək haqqı artsa da, əslində dəyərsizləşib
Dövlət Statistika Komitəsi (DSK) Azərbaycandakı orta aylıq əmək haqqı ilə bağlı hər ay məlumat yayır. Həmin məlumatlardan görünür ki, maaşlar aybaay cüzi də olsa, artır. Məsələn, DSK-nın ən son açıqladığı məlumatda orta aylıq əmək haqqı 1003,3 manat göstərilib.
Qeyd edilib ki, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz çoxdur.
Digər tərəfdən ölkədə ciddi qiymət artımı baş verir.
Müstəqil ekspertlər düşünür ki, bahalaşma maaş artımından çoxdur.
“Baku Research Institute”-u son 5 il ərzində orta aylıq əmək haqqına düşən qida məhsullarının həcmini hesablayıb.
Məlum olub ki, 5 il əvvəl orta aylıq maaşa 734 kq pomidor almaq mümkün idisə, indi bu göstərici 658 kq-a düşüb.
Eynilə, 2019-cu ildə orta aylıq əmək haqqına 566.8 kq şəkər almaq olurdusa, indi bu rəqəm 494.1-dir.
Həmin il 764.8 kilo kartof edən orta aylıq əmək haqqına 2023-cü ildə 759.2 kilo kartof almaq mümkün olub. Eləcə də digər məhsullarda da azalma baş verib.
2019-cu ildə orta aylıq əmək haqqı ilə 356.6 kilo badımcan (indi 312.3 kilo), 1007.6 kilo soğan (indi 856.7 kilo), 456.7 kilo yaşlı lobya (indi 338.3 kilo), 394.3 kilo sarımsaq (indi 229.6 kilo), 566.8 kilo şəkər tozu (indi 494.8 kilo), 221.2 litr günəbaxan yağı (indi 179.8 litr), 148 litr qarğıdalı yağı (indi 133.8 litr), 356.5 kilo makaron (indi 353.3 kilo), 552 kilo çovdar çörəyi (indi 459.4 kilo) almaq mümkündür.
Rəqəmlərdən aydın olur ki, aybaay orta aylıq əmək haqqı artsa da, əslində dəyərsizləşib. Əvvəllər orta aylıq əmək haqqı ilə daha çox ərzaq məhsulu satın almaq mümkün olub.