Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb.
Türkiyədən sonra 2026-cı ilin 15 fevralında SOCAR bu istiqamətdə növbəti investisiyasını Serbiyada həyata keçirmək barədə razılığa gəlib. Sənəd fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Belqrada səfəri zamanı imzalanıb. Razılaşmaya əsasən, Dövlət Neft Şirkəti Serbiyada tikilməsi planlaşdırılan istilik-elektrik stansiyasında 50 faiz paya sahib olacaq. Serbiyada imzalanan sənədlərə görə, Niş şəhərində tikiləcək elektrik stansiyasının gücü 500 MVt olacaq.
Serbiya Prezidenti Aleksandar Vuçiç layihə ilə bağlı bildirib ki, məsələ 2–3 ay ərzində həllini tapacaq:
“Ən mühüm mövzulardan biri də o faktla bağlıdır ki, qarşımızda elektrik enerjisi dövrü başlayıb. Mən Prezident Əliyevdən xahiş etdim ki, bu layihədə bizə yardım göstərmək üçün şəxsən iştirak etsin”.
Onun sözlərinə görə, tkinti iki ildən artıq vaxt çəkəcək:
“İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasını açacağıq. Niş şəhərinin ətrafında üç yer seçilib. Söhbət təmiz enerjidən gedir. Avropa İttifaqı da bunu etiraf edir. Bir sözlə, tikintinin ya Tripale, Kruşti, ya da Nişka Banyada aparılması gözlənilir. Lakin düşünürəm ki, Kruşti ən münasibdir. Stansiyanın 500 meqavatlıq enerji istehsalı gücü olacaq. Prezident Əliyev mənə söz verdi ki, şəxsən həmin məsələ ilə məşğul olacaq”.
A.Vuçiç qeyd edib ki, Azərbaycan şirkətləri burada nəzarət işlərini həyata keçirəcək və Serbiya şirkətləri işlərə qoşulacaq:
“Hər iki tərəf 50 faizlə işləyəcək. Qazla işləyən 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, SOCAR indiyədək neft, neft məhsulları, neft-kimya məhsulları, qaz və gübrə istehsalı ilə məşğul olub və daha çox bu istiqamətdə investisiyalar həyata keçirib. Onun sözlərinə görə, 2026-cı ildən etibarən bu siyahıya elektrik enerjisi də əlavə olunacaq:
“SOCAR artıq Azərbaycanda 4 külək və günəş elektrik stansiyasında paya malikdir. Yaxın illərdə şirkətin istehsal strukturunda elektrik enerjisinin xüsusi çəkisi artacaq”.
SOCAR-ın bu sahədə ilk xarici investisiyası Türkiyənin GAMA şirkəti ilə olub. Belə ki, ötən ilin dekabrında SOCAR Türkiyənin adıçəkilən enerji şirkəti ilə apardığı sövdələşmə əsasında 870 MVt gücündə istilik elektrik stansiyasına sahib olub. Bu satınalma çərçivəsində Azərbaycan dövlət şirkəti GAMA Enerji-yə məxsus olan “İç Anadolu Doğalgaz Elektrik Üretim ve Ticaret A.Ş.” şirkətinin 100 faiz payını əldə edib. Sövdələşmənin ümumi dəyəri təxminən 225 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Serbiyada həyata keçiriləcək layihə ilə bağlı danışıqlar da iki ildən artıqdır ki davam edir. İlkin mərhələdə daha böyük həcmli istehsal və investisiyalardan söhbət gedirdi. Belə ki, Bakıda keçirilən COP29 zamanı Serbiya Prezidenti 1 QVt gücündə istilik elektrik stansiyasının tikintisi üçün birgə müəssisənin yaradılacağını açıqlamışdı. Həmin vaxt layihənin dəyəri 1,3 milyard avro səviyyəsində qiymətləndirilirdi.
Lakin qısa müddət sonra Serbiyanın maliyyə naziri Sinişa Mali investisiya həcminin azaldılması barədə qərar qəbul edildiyini bildirdirı. Nazir bunu ölkənin 2028-ci ilə qədər enerji infrastrukturunun inkişaf planlarına uyğunlaşdırması ilə əlaqələndirdi. Nəticədə layihənin istehsal gücü 1 QVt-dan 500 MVt-a, dəyəri isə təxminən 600 milyon avroya endirilib.
İlham Əliyev Serbiyaya səfəri zamanı bu layihəni “Azərbaycanın son illərdə Avropadakı ən böyük investisiyalarından biri” kimi qiymətləndirib.
Serbiyanın enerji sahəsi üzrə mütəxəssisləri hesab edirlər ki, Nişdə birgə İES-in tikintisi ölkənin cənubunda elektrik enerjisi təchizatının sabitləşməsinə və istehsalın artmasına töhfə verə bilər. Bununla yanaşı, onlar qeyd edirlər ki, qaz qısa müddətdə praktik həll yolu sayılsa da, uzunmüddətli tendensiyada qiymət artımı kimi riskləri mövcuddur. Bundan əlavə, Serbiyanın 2050-ci ilə qədər iqlım neytrallığını hədəfləyən Sofiya Bəyannaməsinə sadiqliyinə də çətinlik yaradır, çünki uzun müddət təbii qaza etibar etmək bu məqsədlə uyğun gəlmir.
Qeyd edək ki, Serbiya Rusiya qazından asılılığını azaltmaq məqsədilə 2024-cü ildən Azərbaycanla enerji sahəsində əməkdaşlığı dərinləşdirir. Hələ 2023-cü ildə iki ölkə arasında 2024-2026-cı illəri əhatə edən, illik 400 milyon kubmetrə qədər qaz tədarükünü nəzərdə tutan müqavilə imzalanıb. Avropa İttifaqının Rusiya qazından tamamilə imtina edilməsinə dair qərarından sonra Serbiya enerji mənbələrini diversifikasiya etməyə, alternativlər tapmağa çalışır. Bu baxımdan, 2027-ci ildən Azərbaycan nümayəndələri ilə qaz tədarükünün illik 1 milyard kubmetrə qədər artırılması istiqamətində müzakirələr aparılır.
Yeri gəlmişkən, 2025-ci ildə Azərbaycan Serbiyaya 226 milyon kubmetr qaz satıb və bunun ümumi dəyəri 120 milyon ABŞ dolları təşkil edib. Bu ölkəyə satdığımız qazın 1000 kubmetrinin orta qiyməti təxminən 530,07 ABŞ dolları təşkil edib.