SOCAR Mübariz Mənsimovun həbsinə münasibət bildirib

“Mübariz Mənsimovun Türkiyədə saxlanılması, əksinə, onun London və Dubaydakı arbitraj proseslərində iştirakını əngəlləyərək, onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər”.

Source: google.az


“İş adamının həbsi SOCAR-ın kommersiya marağında ola bilməz”


Azərbaycan Dövlət Neft Şirkəti

(SOCAR) “Palmalı” Şirkətlər Qrupunun sahibi, Türkiyədə yaşayan işadamı Mübariz Mənsimovun həbsində adının hallanması ilə bağlı bəyanat yayıb.

Şirkət adının Mübariz Mənsimovun saxlanılması ilə əlaqələndirilməsinə etiraz edir.

Bəyanatda qeyd olunub ki, sahibkarın saxlanılması SOCAR-ın kommersiya marağında ola bilməz:

“Son günlərdə Türkiyədə “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə Azərbaycan Dövlət Neft Şirkətinin adı hallandırılib. Bildiririk ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur. Mübariz Mənsimovun Türkiyədə saxlanılması, əksinə, onun London və Dubaydakı arbitraj proseslərində iştirakını əngəlləyərək, onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər. 2018-ci ildən bəri SOCAR tərəfindən “Palmali” qrupuna qarşı başladığı arbitraj prosedurlarının uzanması SOCAR-ın maliyyə balansına, əmlak hüquqlarına və qeyri-əmlak maraqlarına mənfi təsir göstərə bilər və buna görə SOCAR-ın kommersiya marağında ola bilməz”.

SOCAR Türkiyənin ədliyyə sisteminin effektivliyinə inandığını bildirib və məhkəmə proseslərinə müdaxilə ehtimallarını təkzib edib.

Bəyanatda vurğulanıb ki, SOCAR və “Palmali” Şirkətləri arasında daha əvvəl kommersiya münasibətləri mövcud olub. Bununla belə tərəflər heç vaxt birgə müəssisə qurmayıblar.

“Palmali” şirkətinin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər 2018-ci ildən bəri “Palmali” qrupuna daxil olan şikətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlarına başlayıb. Ümumilikdə 3 arbitraj prosesinin keçirilməsi Londan və Dubay şəhərlərində nəzərdə tutulur. İki ilə yaxın davam edən arbitraj prosedurları indiyə qədər məhz “Palmali” tərəfindən müxtəlif əsaslarla təxirə salınıb.


Mübariz Mənsimov

martın 15-də saxlanılıb.

İki gün sonra

Türkiyə mediası Mübariz Mənsimov və meneceri Nuray Nurcihan Pekerin İstanbul Ədalət Sarayına aparıldığı haqda məlumat yayıb.

Bildirilib ki, məhkəmə qərarı ilə Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib. Nuray Nurcihan Peker isə sərbəst buraxılıb.

Hələ ötən ay Mübariz Mənsimov barəsində araşdırma aparıldığı bildirilirdi.

Həmin vaxt Mübariz Mənsimov sosial şəbəkələrdəki hesabında bu barədə yazıb:

“Məni terrorla, FETÖ terror qruplaşması ilə əlaqədə və casusluqda yalandan ittiham edərək üzərimə suç atmaq istəyirlər. Sizin etdiyiniz bu şərəfsizliyi düşmən belə etməzdi. Bu, məni dərindən yaraladı. Mənə FETÖ-çu deməkdənsə, özünüzə, keçmişimizə və uşaqlarınızın harada təhsil aldığına baxın”.

Bundan əvvəl mətbuatda və sosial şəbəkələrdə iş adamının SOCAR prezidenti Rövnəq Abdullayevlə münasibətlərinin kəskinləşdiyi deyilirdi. Həbsin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən sonra baş tutması bu barədə Azərbaycan rəhbərliyi ilə razılaşdırma ehtimalını artırıb.

Dövlət Neft Şirkəti ilə ortaq olan “Palmali” bir müddət əvvəl “Tekfen İnşaat”ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Razılaşma qarşılığında “Palmali” və “SOCAR” ortaqlığı 5 il ərzində “Tekfen İnşaat”a 37 milyard dollarlıq iş verəcək. Amma 2 il əvvəl “Palmali” Şirkətlər Qrupu SOCAR-la əlaqələrini dayandırıb və məhkəməyə verəcəyi haqqında məlumat yayılmışdı.

Mübariz Mənsimov 1968-ci ildə Bakıda doğulub. Bakı hərbi məktəbini bitirib.

Hazırda illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var.

Ana səhifəSiyasətSOCAR Mübariz Mənsimovun həbsinə münasibət bildirib