SOCAR-ın işçilərin sayını azaltmaq üçün imtahan keçirəcəyi bildirilir

Foto: SOCAR

“Həyəcandan təzyiqim qalxır, bu gedişlə ürəyim dözməyəcək”

SOCAR-ın Təhlükəsizlik İdarəsinin işçiləri kütləvi şəkildə test imtahana cəlb ediləcəklər. İmtahan şirkətin Xocalı prospektində yerləşən İnsan Resursları şöbəsində baş tutacaq. İşçilərə edilən xəbərdarlıqda bildirilib ki, hətta məzuniyyətdə olanlar da testdən keçiriləcək. İmtahandan keçməyənlərin ixtisara salınacağı gözlənilir.

Bu barədə Meydan TV-yə neftçilər məlumat veriblər. Onların sözlərinə görə, xəbərdarlıqdan sonra hamı həyəcan içərisində gözləyir. Çünki əvvəlki imtahanlarda keçməyənlərə heç bir güzəşt edilməyib, hətta 20 ildən artıq çalışanlar belə işsiz qalıblar.

“Yaşımın elə çağıdır ki, işdən çıxarılsam, başqa yerdə iş tapa bilməyəcəm. Ailədə yalnız mən çalışıram, üç övladım məktəblidir, əlavə hazırlıqlara gedirlər. Üstəlik, kreditlərim var. Həyəcandan təzyiqim qalxır, bu gedişlə ürəyim dözməyəcək”, – şirkət əməkdaşlarından biri işdən çıxarılma qorxusu ilə adının mətbuatda getməsini istəməyib.

Bildirib ki, 40 ilə yaxındır dənizdə işləyənlər də test imtahanlarına qatılırlar. Məqsəd ixtisarlara bəhanə tapmaqdır.

İşçilərdən biri isə söyləyib ki, əvvəlki testdən keçib, buna baxmayaraq dənizdə işlədiyi komandadan quruya transfer olub. Buna görə də test imtahanlarından keçənlərə qarşı ədalətli davranılacağına ümidi yoxdur:

Əlavə kurslara cəlb etsinlər, yenilikləri öyrətsinlər. Buna heç kim qarşı çıxmayacaq. Amma ixtisar üçün imtahan bəhanəsinə ehtiyac yoxdur”.

İşçilər onu da deyiblər ki, işdən sonra gecə-gündüz oxumağa məcburdular. Şəxsi həyatları ikinci planda qalıb, ailələrinin problemləri ilə maraqlanmağa vaxtları qalmayıb. İllərlə bu sahədə çalışanlar stress altında işləyirlər. Yeni rəhbərlikdən sonra vəziyyətlərinin yaxşılacağına ümid etsələr də, hələlik heç nə dəyişməyib.

Mirvari Qəhrəmanlı. Foto: Gülzar Məmmədli

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə Meydan TV-yə bildirib ki, SOCAR-ın Təhlükəsizlik İdarəsinin işçiləri qeyri-qanuni işdən azad etmək üçün keçirdiyi imtahanlar Azərbaycanın mövcud əmək qanunvericiliyinə ziddir.

Təşkilat rəhbəri “Ştatların ixtisarı və işçilərin sayının azaldılması” əsası ilə işçilərin biliklərinin yoxlanılması və əmək müqaviləsinin ləğv edilməsi barədə imtahan qərarını Əmək Məcəlləsinin tələblərinin pozulması hesab edir. Çünki “Ştatların ixtisarı və işçilərin sayının azaldılması” əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi Əmək Məcəlləsinin 70, 71, 77,77, 79 və 80-cı maddələri ilə tənzimlənir. İşçilərin peşəkarlığının müəyyən edilməsi qaydaları konkret olaraq məcəllənin 78-ci maddəsi ilə müəyyən edilir.

“Müvafiq hallarda işçilərin sayı azaldılarkən, yaxud ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Bu zaman işçilərin peşəkarlığı imtahan yolu ilə deyil, işçinin bugünə qədər olan əmək funksiyası və vəzifələrinin yerinə yetirilməsi ilə müəyyən edilir”,-hüquq müdafiəçisi deyib.

SOCAR-dan məsələ ilə bağlı Meydan TV-yə danışmaq istəməyiblər.

Ana səhifəSosialSOCAR-ın işçilərin sayını azaltmaq üçün imtahan keçirəcəyi bildirilir