SOCAR-ın adı Maltadakı istintaq prosesində

Foto-kollaj: Meydan TV

İttihamlar tam açıqlanmasa da, söhbətin pulyuma və fırıldaqçılıqdan getdiyi bildirilir

“Electrogas” elektrik stansiyanın tərəfdaşı “SOCAR Trading”ə, “Nexia BT” şirkətinin rəhbərləri – Brayan Tonna və Karl Çiniyə “17 Black” şirkətinin illərdir sürən cinayət işiylə bağlı ittihamlar irəli sürülə bilər.

Bu barədə “Times of Malta” məlumat yayıb.

Bildirilir ki, keçən həftə Baş Prokurorluğa təqdim edilən cinayət araşdırmasına əsasən, Yorqen Fenekin məxfi şirkəti -“17 Black”ə görə Brayan Tonna, Karl Çini və “SOCAR Trading SA” ittiham edilməli olan şəxslər və şirkətlər siyahısına daxil edilib.

Xəbərə görə, “17 Black”in məhkəmə araşdırması yekunlaşandan sonra “Nexia BT”-nin rəhbərlərinin və “Electrogas” elektrik stansiyasındakı tərəfdaş şirkətlərdən birinin cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilir.

Cinayət məsuliyyətinə cəlb edilməsi planlananlar arasında “17 Black Ltd” şirkətinin sahibi, Maltalı iş adamı Yorqen Fenek, həmin şirkətdən maliyyə köçürmələri etməyi planlayan Maltanın baş nazirinin keçmiş administrasiya rəhbəri K.Şembri və keçmiş energetika naziri K.Mizzi və bir sıra başqa şəxslər cinayət ittihamları ilə üzləşəcəklər.

Hələlik ittihamların nələr olacağı dəqiq bəlli olmasa da, ittihamlar “17 Black”in Şembri və Mizziyə Panamadakı gizli ofşor strukturlar vasitəsilə pul ödəmək planları üzərində cəmləşib.

Mənbəyə əsasən, bəzi fiziki və hüquqi şəxslərin fırıldaqçılıq ittihamı ilə üzləşəcəyi, digərlərinin isə pulyuma, cinayət əlaqəsi və təsir ticarəti (trading in influence) ilə ittiham ediləcəyi bildirilib.

“Nexia BT”nin keçmiş rəhbərləri Brayan Tonna və Karl Çini ilk dəfə 2016-cı ildə gizli şirkətləri yaratdıqları üçün mətbuatda gündəm olublar.

Şirkətlər “Electrogas” enerji stansiyası kimi iri milli layihələrdən qeyri-qanuni gəlirləri yumaq məqsədilə yaradılmaqda ittiham edilir.

Fenekin Dubaydakı “17 Black” şirkəti isə bu məsələdə tərəf müqabili olub.

Panama hüquq firması olan Mossack Fonsecadan sızmış e-poçtda qeyd edilib ki, “17 Black” Şembri və Mizziyə aid şirkətlərə iki milyon ABŞ dolları pul ödəməyi nəzərdə tutub.

Hesab uçotu firması “Nexia BT” artıq bağlanıb və həmçinin Tonna ilə Çini digər iddia olunan korrupsiya işləri ilə əlaqədar artıq cinayət ittihamları ilə üzləşiblər.

“Times of Malta” və “Reuters” 2018-ci ildə Fenekin “17 Black”ə sahib olduğunu aşkarlamışdı.

Panama şirkətləri yaradıldığı zaman, Fenek Delimarada yeni bir enerji stansiyasının tikintisi və istismarı üçün 450 milyon avro dəyərində hökumət müqaviləsini qazanan konsorsiuma rəhbərlik edirdi.

SOCAR qiymət fərqlərini istifadə edərək 32 milyon avroluq qeyri-qanuni gəlir əldə etməkdə ittiham olunur.

Bu konsorsiumun tərəfdaşlarından biri, Azərbaycan dövlətinə məxsus enerji şirkəti və Maltadakı enerji stansiyasında səhmlərin üçdə bir pay sahibi olan “SOCAR Trading” şirkəti idi.

“The Guardian”tərəfindən aparılan bir təhlilə əsasən, SOCAR Trading SA-nın 2017-ci ildə bu razlaşmadan təqribən 32 milyon avro qazandığı təxmin edilir. Bu qazanc “SOCAR Trading”in bazar qiymətləri ilə “Electrogas” və nəticədə Enemaltanın QTQ-ni (qatılaşdırılmış təbii qaz) ondan alarkən əldə etdiyi sabit qiymət fərqlərini istifadə etməsi ilə mümkün olmuşdur.

Şirkətin özünün QTQ təchizat zənciri olmadığı halda, “Electrogas” üçün LNG (QTQ) təchizatçısı rolunda olması xüsusi diqqət çəkib.

2021-ci ildə “Times of Malta” Fenekin Azərbaycanın hökumətinin Maltayla, xüsusilə enerji sahəsində, əlaqələrini gücləndirmək planları barədə daxili məlumat alıb.

Cümə günü, “Magistrat Charmaine Galea”nın illərlə davam edən və mürəkkəb olan işlə bağlı məhkəmə araşdırmasını tamamladığı bildirilir.

Məlumata görə, bundan sonra Baş Prokurorluğun cinayət ittihamları qaldırması üçün əsaslar yaranıb.

Keçmiş “Electrogas” direktoru Paul Apap Bologna və elektrik stansiyasını yanacaqla təmin edən üzən anbar tankerinin yerli nümayəndəsi Mario Pullicinonun da ittiham ediləcəyi deyilir.

Ana səhifəTövsiyəSOCAR-ın adı Maltadakı istintaq prosesində