SOCAR ilə İtaliyanın “Eni S.p.A.” şirkəti arasında Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payının əldə olunması prosesi yekunlaşıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Dövlət Neft Şirkəti qeyd edir ki, satınalma əməliyyatının tamamlanması nəticəsində “Baleine” layihəsində iştirak payları “Eni” üzrə 37,25%, “Vitol” üzrə 30%, “Petroci” üzrə 22,75% və SOCAR üzrə 10% təşkil edəcək.
2021-ci ildə kəşf edilmiş “Baleine” yatağı son dövrlərdə Qərbi Afrikada aşkar edilmiş ən böyük neft-qaz yataqlarından biri hesab olunur. Bu nəhəng dəniz neft-qaz yatağında hasilata 2023-cü ildə başlanılıb.
“Baleine”, həmçinin Afrikada xalis sıfır emissiya göstəricisinə malik ilk dəniz neft-qaz layihəsidir.
SOCAR-ın bu layihədə iştirak payını əldə etmək üçün nə qədər investisiya yatırdığı açıqlanmayıb və maliyyə detalları kommersiya sirri olaraq saxlanılır.
İtaliya mediasında “Equita” analitiklərinə istinadən təqdim edilən hesablamalara görə, SOCAR-la həyata keçirilən bu əməliyyatın dəyəri ən azı 450 milyon dollar ola bilər.
“Maliyyə detalları açıqlanmasa da, 2025-ci ildə “Vitol” ilə bağlanmış və ümumi dəyəri 1,65 milyard dollar təşkil edən sövdələşməni əsas götürmək mümkündür. Həmin məbləğin 1,3-1,4 milyard dollarının “Baleine” layihəsindəki 30%-lik paya aid olduğu nəzərə alınarsa, analitiklərin fikrincə, bu əlavə satışın dəyəri ən azı 450 milyon dollar ola bilər”, – deyə İtaliya nəşri yazır.
İtaliyanın “Eni” şirkəti ilə Azərbaycanın Dövlət Neft Şirkəti arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa dair üç anlaşma memorandumu da mövcuddur. Bu sənədlər 2024-cü ildə imzalanıb və karbohidrogenlərin kəşfiyyatı və hasilatı, istixana qazı emissiyalarının azaldılması, eləcə də bioyanacaq istehsalı zənciri kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Xatırladaq ki, SOCAR son dövrlərdə xaricdə bir sıra neft-qaz layihələrinə böyük həcmdə investisiyalar yatırıb.
Belə ki, sentyabrın 1-də Dövlət Neft Şirkəti ABŞ-nin təbii qaz bazarına kapital qoyuluşu ilə bağlı razılaşma əldə edib. Razılaşmaya əsasən, SOCAR ABŞ-ın təbii qaz istehsalçısı olan “Comstock Resources” şirkətinin “Legacy Haynesville”dəki payının 20%-ni, “Western Haynesville”dəki payının isə 15%-ni əldə edəcək.
Həmçinin şirkət “Pinnacle Gas Services LLC”nin qaz nəqli və infrastrukturunda da pay sahibi olacaq.
SOCAR bu aktivlərdə iştirak paylarını əldə etmək üçün 1,65 milyard dollar ödəyəcək.
“Azadlıq Radiosu”nun yazdığına görə, “Comstock” borc öhdəliklərini azaltmaq üçün səhmlərinin bir hissəsini satıb. ABŞ şirkəti SOCAR-la sövdələşmə nəticəsində borcunu təxminən 3,1 milyard dollardan 1,5 milyard dollara endirəcək.
Bundan əlavə, 2025-ci ilin yanvarında isə SOCAR İsrailin Union Energy şirkəti ilə müqavilə imzalayaraq “Tamar” dəniz qaz yatağında 10%-lik iştirak payı əldə edib. Sövdələşmənin dəyəri təxminən 1,25 milyard dollar göstərilib.
Azərbaycan şirkəti 2026-cı ilin mayında isə “Italiana Petroli”nin (IP) 99,82% payına sahib olub. IP-nin İtaliyada 4500-dən çox yanacaqdoldurma məntəqəsi və iki neft emalı zavodu var.
Azərbaycan Mərkəzi Bankının sözçüsü bildirib ki, bu məqsədlə İtaliyanın enerji sektoruna təxminən 3 milyard dollar həcmində sərmayə yatırılıb.