Mütəxəssislər Azərbaycan Dövlət Neft Şirkətindəki vəziyyəti müzakirə ediblər
Yanvarın 14-də İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası “İnsan hüquqları əsaslı yanaşma: Azərbaycan neft sektorunda mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda dəyirmi masa keçirib.
Məruzəçi İctimai Birliklərin MSŞA Koalisiyasının koordinatotu Himayət Rizvanqızı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə insan hüquqlarına münasibət və korporativ sosial məsuliyyət meyarlarından yanaşsa da, rəqəmlərə də yer ayırıb.
“Heç nə ictimaiyyətə açıq deyil”
SOCAR-ın neft sektorunda hasilat, emal, nəql və satışı həyata keçirən yeganə qurum olduğunu xatırladan Himayət Rizvanqızı bildirib ki, ARDNŞ kapital həcminə görə dünyada 68-ci yerdədir və böyük şirkətlərdən biri sayılır. Ölkənin yeganə şirkəti olduğu üçün diqqət ARDNŞ-nin üzərinə yönəlib.
“Şirkət 1992-ci ilin sentyabrında yaradılanda əsas məqsədi vahid neft siyasətinin həyata keçirilməsiydi, alt məqsədlərdən biri də neftdən əldə olunan gəlirlərin vətəndaşların yaxşı həyat səviyyəsinin yaranması idi. O zaman Azərbaycan xalqının neftdən əldə etdiyi gəlirlər haqqında nağılvari söhbətlər vardı. Elə əsas məqsəd də həmin neft ehtiyatlarını gəlirə çevirib xalqın rifahını yaxşılaşdırmaq idi. Çünki Azərbaycan Konstitusiyasının 14, “Yerin təki haqqında” qanunun 4-cü maddələrinə görə təbii ehtiyatlardan hər hansı fiziki və hüququ şəxslərin hüquqlarına xələl gətirmədən təbii ehtiyatlar dövlətə mənsubdur. Yenə Konstitusiyada hakimiyyətin yeganə mənbəyinin xalq olduğunu nəzərə aldıqda, yerli sərvətlərin xalqa mənsubluğu mübahisəsizdir. Şirkətin nizamnaməsində də ARDNŞ-nın əmlakının dövlətin olduğu göstərilir”, – deyə məruzəçi bildirib.
Şirkətin müəyyən borcları olduğunu söyləyən H.Rizvanqızı deyib ki, dövlət onları ödəmək üçün büdcədən vəsait ayırır. Halbuki, dövlət borcları ödəmək məsuliyyəti daşımır.
Himayət Rizvanqızı bildirib ki, ARDNŞ birləşdiriilmiş rəqəm əsasında vergi ödədiyindən hansı gəlir növündən vergi ödədiyini müəyyənləşdirmək mümkün deyil:
“Qanunvericilikdə və şirkətin nizamnaməsində hesabatlılıq, şəffaflılıq tələb edilsə də, bunların heç biri ictimaiyyətə açıq deyil. 2018-ci ildə şirkət dövlət büdcəsinə 1 milyard manatdan vergi ödəyib, 2019-cu ilin birinci yarısında 741 milyon manatdan çox ödəniş olub. Bu il isə 1 milyard 450 milyon manat ödənməlidir. Maliyyə Nazirliyinin açıqlamasında ARDNŞ-nin vergisi dövlət büdcəsinin 6 faizini təşkil etdiyi qeyd olunub”.
“Şirkət xeyriyyəçilik üzrə 4 milyon manatdan çox xəcləyib”
O, şirkətin 2018-ci ilin hesabatında sosial fəaliyyət və yerli inkişafa dəstək bölümünə rast gəldiyini qeyd edərək söyləyib ki, bölümdə həlak olan və zərərçəkən ailələrdən 2408 nəfərə 9 milyon 173 min 970 manat ayrıldığı əks olunub. Hazırda şirkətin Bakıda 2627, regionlarda 442 işçisi mənzil növbəsindədir. Onlardan 2018-ci ildə 80 nəfərə mənzil, 189 adama ev tikmək üçün torpaq verilib. Şirkət xeyriyyəçilik üzrə 4 milyon manatdan çox xəcləyib.
“Bu sırada maraqlı bir fakt var, təhsilə 196700 manat ayrılsa da, cəmi bir nəfərin təhsil alması üçün 7800 manat ayırma olub, həmin adamın kimliyi isə naməlumdur, səhiyyəyə ümumiyyətlə ayırma yoxdur. Mədəniyyət və incəsənətə isə 3 milyon ayrılıb. İdmana 527 min manat ayrılıb. Fərdlər üçün 172 min 875 manat, əmək qabiliyyətini itirmiş veteranlar və sıravi şəxslərə 0, kənar işlərə 4 milyon 614 min 715 manat xərclənib. Mən korporotiv sosial məsuliyyət meyarına qayıtmaq istəyirəm, Avropa İttifaqı və Dünya Bankına görə bu, könüllü öhdəlik deməkdir, yəni şirkət bir sıra işləri könüllü şəkildə həyata keçirməlidir. Bununla hər şeyin mərkəzinə insan hüquqları qoyulur”, Himayət Rizvanqızı bildirib.
Onun sözlərinə görə, şirkət bu cəmiyyətdən qazandığı üçün töhfəsini də verməlidir, çünki işçi qüvvəsi cəmiyyətdəndir, təbiəti çirkəndirməkdə məsuliyyət daşıdığından ictimaiyyətə dəstək olmalıdır:
“Xalqın ümumi rifahının yaxşılaşdırmada iştirakçılıq vergi deyil. Bilirsiniz, SOCAR-ın daxili və xarici yardımlarının cəmi bu cəmiyyətdən qazandıqlarının yanında damladır, bunu yuxarıdakı sosial fəaliyyət və yerli inkişafa dəstək bölümündəki rəqəmlər də sübut edir. Ancaq bununla belə, ARDNŞ-nin illik hesabatı davamlı inkişaf adlanır və 17 davamlı inkişaf məqsədindən 11-ni prioritet götürüb. Bunlara baxdıqda, yeganə diqqətçəkən məqam şirkətin işçilərinin maarifləndirilməsi haqqındadır, söhbət təlimlərdən gedir. Başqa meyarlarla bağlı maraq doğuran məqam görmədim. Belə görünür, şirkətdə müasir biliyə malik insanlar oturur, hesabatlar standartlara uyğun hazırlanır, amma içini doldurmağa rəqəm tapmırlar”.
“İşəgötürmədə xeyli qanun pozuntuları var”
H.Rizvanqızı iddia edir ki, ARDNŞ Əmək Məcəlləsinin 211-ci maddəsini və bir sıra qanunları pozur. Söhbət zərərli sahədə çalışan işçilərə xüsusi yeməklərin verilməsindən, təhlükəsizlik, gender, qohumbazlıqdan gedir:
“Yaxud işəgötürmədə xeyli qanun pozuntuları var. Məsələn, şirkətin rəsmi anketində hansı siyasi partiya üzvü olması sualı qoyulub. Şirkətin bütün müəssisələrində hakim partiyanın özəkləri var, halbuki, qanun bunu qadağan edir. Başqa bir qanunsuzluq, işə götürüləndə müqavilələr müddətsiz olmalıdır, amma adamlara məcbur edilərək müddətli müqavilələr imzalatdırırlar. Dünyanın kapital həcminə görə 68-ci şirkəti olan qurumun fəhlələrinin qaldıqları baraklar yenilənmir, yuyunmaq üçün yerləri antisanitariya vəziyyətdədir, dənizə getdikləri nəqliyyat köhnəlib, içməli su təmiz deyil. Hələ şirkətin gəlirinin neçə faizinin ekoloji müdafiəyə ayrıldığı məlum deyil və cəmiyyət ümumi ekoloji çirklənmədən əziyyət çəkir. Buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi şirkəti 2018-ci ildə 8 dəfə cərimə edib, 2 dəfə məhkəmə iddiasına məruz qoyub və 21 icrası məcburi göstəriş tətbiq edilib. Bu faktlar ARDNŞ-nin ekologiyaya hansı qaydada diqqət yetirdiyini göstərir”.
“Rusiya vətəndaşı Denis öz ölkəsindən adamlar gətirir…”
Hüquqşünas Mənsum Bayramov “Həssas qrupların, xüsusən əlilliyi olan insanların hüquq və imtiyazları: neft sektorunda bu hüquqların təminatı vəziyyəti” mövzusunda danışıb. O, ARDNŞ-ın Qarabağ müharibəsi əllilərinə zor tətbiqini xatırladaraq bildirib ki, bu hadisə Azərbaycanın qoşulduğu İnsan Halqarı Konvensiyasının pozulması idi:
“Əlil olan şəxslərə onların əlilliyi ilə əlaqədar hər hansı aşağılama, həqarət yolverilməzdir. Həmin gün baş verənlər nəticəydi, yəni cəmiyyətə məlum olanlardan biriydi. Əslində, sabiq prezident Əbülfəz Elçibəyin 1992-ci ilin avqustun 25-də imzaladığı “Əlillərin sosial müdafiəsi“ ən mükəmməl qanun olsa da, işlənmir. Baxmayaraq ki, qanunun imzalanmasından 25 ildən də çox zaman keçib”.
Hüquqşünas deyib ki, vaxtilə “Binəqədi OİL”in adı vətəndaşlara qarşı kütləvi məhkəmə işlərində hallanırdı, səbəb insanların tikdikləri evlərdən çıxarılması ilə bağlıydı:
“Əslində, vətəndaşlara həmin torpaqları icra hakimiyyətləri verir, ona görə belə ərazilər haqqında Bakı Şəhər İcra Hakimiyyəti məlumatlandırılmalıdır ki, qanunsuz torpaq verilə bilməz. Məsələn, vətəndaş aldığı torpaq ARDNŞ-a aid olmur, sonradan ərazidə neft tapılır, belə olanda dövlət necə yanaşmalıdır? O zaman dövlət vətəndaşın əmlakını kompensassiya edib ədalətli qiymətlə almalıdır. Bu kimi məsələlər yalnız ARDNŞ ilə bağlı yaranmır. Azərbaycanda ABŞ-nın “Halliburtoun” şirkəti var, keçmiş vitse-prezident Dik Çeyninindir. Bu şirkətdə laboratoriya müdiri Gülnarə Şamxalova sementin dərəcəsinə düzgün qiymət verdiyi üçün ötən ilin dekabrında işdən çıxarıldı, məhkəməyə müraciət olunsa da, işə bərpa olunmadı. Şirkətin sektorlarından birinə rəhbərlik edən, Rusiya vətəndaşı Denis öz ölkəsindən adamlar gətirir ki, onlar Miqrasiya Xidmətində qeydiyyatda dayanmır və Əmək Müfəttişliyində qeydiyyatdan da keçmirlər. Bu adamlar hansı formada əmək müqavilələri imzalayır, maaşı hansı qanuna əsasən alırlar, sığortalanmaları necədir, bunlar naməlumdur. Hüquq-mühafizə orqanları bu məsələləri araşdırmağa borcludur. Belə faktları sadalamaqla yerli vətəndaşların xarici şirkətlərdə sıxışdırıldığını göstərmək istəyirəm”.
Rəsul Quliyevin zamanında…
13 il ARDNŞ-nin Sosial və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışan Ellada Məmmədli AXC hakimiyyətə gələndə neftçilərin sosial durumunun çox acınacaqlı olduğunu vurğulayıb:
“Xüsusilə neft daşlarında çalışanların vəziyyəti çox pis idi, növbəliliyi təmin etmək olmurdu, quru ərzaq çatmırdı. O zaman Rəsul Quliyev “Azərneftyağ” Zavodunun direktoru idi, birliyin tərkibində olan Fövqəladə hallar naziri Kamalləddin Heydərovun “Ləman” Kiçik Müəssisəsi şirkətə rəsmi müraciət göndərdi. Müraciətdə qeyd olunurdu ki, Ukrayna Azərbaycandan dizel istəyir və bunun əvəzində yağ, şəkər, qatılaşdırılmış süd təklif edir. Ət məhsulu da vardı, amma Çernobıl faciəsinə görə imtina etdik. Razılaşma əsasında “Ləman” Kiçik Müəssisəsi bu məhsulları gətirdi və neftçilər arasında paylaşdırıldı. Ərzaq çatmayanda pulla təmin olunurdu. Yaxud 1993-cü ildə 18 dənə 9 mərtəbəli 6 bloklu bina neftçilərə verildi. Təsəvvür edin ki, 20 il növbədə dayanan neftçilər ev aldılar. Şirkətdə o zaman bir hadisə olmuşdu, iki övladı əlil olan ailəyə 4 otaqlı mənzil verildi, idarənin müdiri işçiyə necə hədə-qorxu gəlmişdisə, o növbəsindən imtina etmişdi. Amma bizim müdaxilədən sonra müdir işdən azad olundu. Mən ora işə gələndə, sosial düzəni araşdıranda məlum oldu ki, bir sıra idarələr qohumluq əsasında qurulub, bu gün də vəziyyət dəyişməyib. Halbuki, 12 il çalışdığım Bakı Sovetində belə halla rastlaşmamışdım. Şirkət 1993-cü ildə 28 Qarabağ əlilini Almaniyaya müalicəyə göndərdi, bu, o zaman idi ki, neft müqaviləsi imzalanmamışdı. Yəni 2006-cı ildən sonra gələn gəlirlər yox idi. İndi heç kim soruşmur ki, şirkətin Ramana qəsəbəsində 110 nəfərlik bağçası vardı, necə oldu, araşdırsınlar, hansısa məmurun mülküdür. Başqa bir fakt, şirkətin prezidenti Sabit Bağırov xarici dövlətə səfər etdi, ona 12 ədəd rəngli televizor hədiyyə etdilər. Auksion yaratdıq və televizyaları 650 manatdan satışa çıxartdıq. İnanmazsınız, dünənə qədər ağlayan və qohumlarını ətrafına toplayan idarə müdirləri həmin televizorları aldılar. Toplanan pulu şirkətin Qarabağ müharibəsində şəhid olan və itkin düşənlərin ailələri arasında böldük. Hakimiyyət dəyişəndən sonra həmin pulu almaq üçün Sosial İdarənin müdiri Ağacavad Salamova vergi sanksiyası tətbiq edib cinayət işi açdılar. Mən imza atmayanda vitse-prezidentlərdən Zeynal müəllim və Xoşbəxt Yusifzadə üstümə gəldi, razılaşmadım, nəticədə işdən çıxardıb başqa idarəyə göndərdilər”.